İnsanlara hürriyət, millətlərə istiqlal!

70 nəfəri kim öldürdü: azərbaycanlılar, ruslar, yoxsa...? - FOTOLAR

10765 26.12.2016 13:18 Reportaj A A
Dekabrın 18-də Rusiyanın İrkutsk şəhərində yemişan məhlulundan istifadə nəticəsində 100-dən çox adam zəhərlənib. Onlardan 70 nəfəri dünyasını dəyişib. 

Yemişan məhlulundan zəhərlənənlərin 99 faizi Novo-Lenino mikrorayonunun sakinləridir. Həmin ərazidə yemişan suyu və spirt tərkibli başqa məhsullar hazırlayan qeyri-leqal sex də aşkara çıxıb. 

İlkin xəbərlərdə Rusiya mətbuatı zəhərlənmənin səbəbkarı kimi saxta araq istehsal edən azərbaycanlıları göstərməyə çalışsa da, əslində vəziyyət tam başqadır. Axtarışlar zamanı aşkar edilən sexdə tərkibində ölümcül metil spirti olan “Boyarışnik” (Yemişan) losyonunun (istehsalçılar bunu məhz losyon adı altında buraxır və etiketində xəbərdarlıq edir ki, daxilə qəbul etmək olmaz. Losyon normalda 93% etanoldan, yemişan ekstraktından, limon yağından ibarət olur və ruslar bu ucuz maddəni araq əvəzinə tez-tez istifadə edirlər) istehsal olunduğu məlum olub. Losyonu kütləvi şəkildə satmaqda şübhəli bilinən 12 nəfəri həbs ediblər. 

Şəhərdə fövqəladə vəziyyət elan edilib. Polis minlərlə losyon şüşəsini dükanlardan yığışdırıb. Tərkibində alkoqol olan bütün maddələrin satışına müvəqqəti qadağa qoyulub. 

Əslində bu losyon adından da bəlli olduğu kimi, içmək üçün deyil. Amma ruslar içkiyə düşkün olduqları üçün çox vaxt normal araq yerinə daha ucuz, tərkibində spirt olan, içmək üçün nəzərdə tutulmayan məhsullara üstünlük verirlər. Nəticədə də belə hadisələr baş verir. Ətir istehsalçısını içki düşkünlərinin ətir içib zəhərləndikləri üçün günahlandırmaq olarmı? Axı bu ətir içmək üçün deyil. 

Statistikaya görə, Rusiyada kişilərin 8 faizi içmək üçün nəzərdə tutulmayan alkoqoldan istifadə edir, hər il ölkədə on minlərlə adam “Boyarışnik” və digər bu kimi zəhərlərdən içib ölür. 

Rusiyada araq əvəzinə parfüm, ya da təmizləyici maddə içməkdən ölənlərin sayı o qədər artıb ki, məsələyə prezident Vladimir Putin qarışmalı olub. Putinin araq "əvəzləyici"lərinin satışının məhdudlaşdırılması barədə göstəriş də verib. Prezident hökumətə tərkibində 25%-dən çox alkoqol, etanol olan parfüm, dərman, təmizləyici və kosmetik vasitələrə və onların satışına nəzarəti gücləndirməkdən ötrü xüsusi tədbirlər planı işləyib, hazırlamağı tapşırıb. 

Hadisədə ən çox yemişan giləmeyvəsinin adı hallandı. Bu səbəbdən musavat.com saytının əməkdaşı bu giləmeyvənin nə üçün istifadə edildiyini araşdırıb. İlk olaraq Bakının müxtəlif apteklərinə baş çəkdik. Demək olar ki, hamısında bu giləmeyvə normal şəkildə satılırdı. 

Öyrəndik ki, qurudulmuş yemişan resept olmadan satışdadır və qiyməti 80 qəpiklə 2.40 qəpik arasında dəyişir. Satıcı xanım bildirdi ki, yemişan çox nadir hallarda alınır: "Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatlarının tərkibinə yemişan ekstraktı daxil edilir. Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır. Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır. Amma qeyd edim ki, yemişanı normadan artıq qəbul etmək olmaz. Bu, arterial təzyiqin düşməsinə, ürək ritminin pozulmasına, baş ağrılarına səbəb ola bilər".

İçkidən zəhərlənmə halları ölkəmizdə çox baş verməsə də, az da deyil. Müxtəlif zirzəmilərdə, pilləkən altında qurulan sexlərdə qustar üsullarla hazırlanan araqların necə bazara çıxdığını, restoranlarda, marketlərdə “yüksək keyfiyyətli" mal adı ilə təqdim edildiyini bilirik. Bu səbəbdən də bəzi market və şərab evlərinə baş çəkdik. 

Sırf alıcı qismində onlardan şərabların keyfiyyətini soruşduq. Təbii ki, təriflər havada "uçuşurdu". Hətta endirim edənlər də oldu. Məsələn, normalda 1.60 qəpiyə satılan şərabı bahalı şərab qismində təqdim edib, pulsuz verəcəyini deyən də oldu. O qiymətə satılan şərabın nədən hazırlandığı sual doğurur. 

İlk olaraq marketlərə baş çəkdik. "Spirtli içkiləri haradan alırsınız" sualına demək olar ki, hamısı eyni cavabı verdi - firmalardan... Beləcə keyfiyyətli mal satdıqlarını düşünürlər. Ya da belə düşünməyimizi istəyirlər. Bahalı, ən çox satılan xarici markalı içkilərin boş şüşələrini bomjlardan, şüşə toplayanlardan alan sexlər də özlərinə firma deyirlər. 

Təbii ki, ilk baxışdan bu içkilərin tərkibi haqqında bir şey demək mümkün deyil. Amma statistika deyir ki, ölkəmizdə yetərincə saxta içki istehsal olunur. Market sahibləri də bu içkiləri almağa meyillidirlər. Əsasən kiçik, məhəllə dükanları ucuz içkiyə qaçır. Topdansatış mağazalarından alış-veriş edən dükan sahibləri normaldan ucuz olan içkiləri alırlar ki, rahat satsınlar.

Zəhərlənmə halları bizdə Rusiya ilə müqayisədə dəfələrlə azdır. Çünki bizdə bomjlar belə losyon, parfüm içməyə meyilli deyillər. 

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR