İnsanlara hürriyət, millətlərə istiqlal!

650 nəfərlik səyahət, 5 manatlıq sandviç və “gəmi batacaq” təlaşı… - REPORTAJ, FOTOLAR, VİDEO

11391 04.01.2017 14:00 Reportaj A A

Bayram günlərində ailəsi ilə şəhər gəzintisinə çıxanların böyük bir qismi mütləq Bakı Dənizkənarı Bulvarına baş çəkir. Amma bir çox paytaxt sakinləri 4 il öncə fəaliyyətə başlamasına baxmayaraq, bulvardakı yeni gəmi gəzintilərindən xəbərsizdir. Biri də mən... 

Daha doğrusu, uzaqdan gəmini görüb, ona minməyənlər, “nə marağı var e” deyib, bu səfərdən vaz keçənləri nəzərdə tuturam.  Mənim yaddaşımda bulvardakı gəmi köhnə, üstü açıq, küləkdən saçını-başını qorumaq üçün az qala mücadilə etdiyin bir yer kimi qalmışdı. Amma üçmərtəbəli “Mirvari” gəmisindəki yarım saatlıq gəzinti bütün təəssüratlarımı dəyişdi. 

650 NƏFƏRLİK SƏYAHƏT, TÜRKİYƏDƏ HAZIRLANAN GƏMİ… 

Musavat.com bayram günlərində şəhər gəzintisi edib, kiçicik gəmi səfəri gerçəkləşdirənlərin gözü ilə bu səfərdən yazır. Öncə bilməyənlər üçün qısa arayış... 

3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 650 nəfər səhayət edə bilər. Gəminin digər fərqli cəhəti ondan ibarətdir ki, onun iki qapalı zalı var. Burada qış mövsümündə rahat hərəkət etmək mümkündür. Gəminin 3-cü mərtəbəsi isə açıqdır və insanların yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr etməsi üçün nəzərdə tutulub. 

Amma hava yaxşıdırsa, bunu soyuq fəsillərdə də etmək mümkündür. Necə ki, aprel havasını xatırladan bu yanvar günlərində əksər paytaxt əhli məhz gəminin üstüaçıq mərtəbəsindən dəniz mənzərəsini yaşayırdı. 

Türkiyənin İstanbul şəhərində hazırlanan gəmi bulvar ərazisindəki ən nəhəng gəmidir. Bulvar idarəsinə məxsus sayca 3-cü olan bu gəminin eni 11, uzunluğu 47 metrdir. Gəmidə sərnişinlərin tam təhlükəsiz daşınması üçün bütün lazımı tədbirlər görülüb. Gəmi hər hansı bir bədbəxt hadisə baş verərsə, sərnişinlərin təhlükəsizliyi üçün xilasedici geyimlərlə, eləcə də yanğından mühafizə sistemi ilə təchiz olunub. 

Bu günə qədər Bakı Bulvar İdarəsi iki gəmi alıb. Onlardan biri 60, digəri isə 40 yerlik gəzinti gəmiləridir. Bu gəmi isə əvvəlkilərdən xeyli fərqlidi. Üçmərtəbəli gəmi vasitəsi ilə 650 nəfər gəzintiyə çıxa bilər.

Statistik və dosyevari məlumatlar bu qədər... Bunu da ona görə yazdıq ki, gəmiyə minmədən öncə tərəddüd keçirən böyüklər və onun parametrləri ilə bağlı məlumatsız olan kiçiklər məlumat sahibi olsunlar. 

Çünki səfər boyu yan-yörəmdəki əksər balaca uşaqların təlaşı eyni idi: “Gəmi batsa, nə edəcəyik?”, “Görəsən gəmiyə nə qədər adam minə bilər?”, “Kapitan harada oturub ki..?” və sair və ilaxır. 

BÖYÜKLƏR 30 DƏQİQƏLİK SƏFƏRDƏN DOYMUR, BALACALAR İSƏ MƏLUMAT İSTƏYİR 

“Mirvari” gəmisində 30 dəqiqə davam edən səfərə qatılmaq üçün ondan 500 metr məsafədə yerləşən kassadan bilet almaq kifayətdir. Böyüklər üçün bilet 3 AZN, 5 yaşa qədər uşaqlar üçünsə pulsuzdur. VİP salonda səyahət üçünsə adambaşına 10 AZN ödəmək lazımdır. 

Amma qeyd etdiyimiz kimi, bu, “Mirvari” gəmisi üçün keçərli bilet qiymətləridir. “Şəfəq” gəzinti gəmisində biletlərin qiyməti isə 5 AZN-dir. Hər iki gəmidə səfər müddəti 30 dəqiqə davam edir. 

Sərnişinləri narazı salan məqam da daha çox bununla bağlıdır. Çünki bir neçə il öncəyə qədər bu səfərlərin müddəti 45 dəqiqəni əhatə edirdi. İndi isə bir çoxlarına görə, bu, dadımlıq xarakter daşıyır. 

Təkbaşına gəmiyə minən Arifə adlı xanım deyir ki, elə gəminin hərəkət etməyi ilə bir-iki foto çəkdirməyi bir olub: “Bir də gördüm ki, kapitan sərnişinlərə hazırlaşmaq elanı verir. Xəzər kimi böyük dənizimiz var. Heç olmasa gəzinti 1 saat olsun. Yarım saat o üzə, yarım saat da bu üzə... Yoxsa ki, getməyimizlə gəlməyimiz bir olur”. 

Dövrümüzün klassik mənzərələrindən biri – insanların hər fürsətdə, hər yerdə şəkil çəkdirməsi də gəmi səfərinin vazkeçilməzi idi. Elə buna görə də gəminin içində fotoqraflar var-gəl edirdi. “Professional foto, təcili çatdırma...” Bəziləri professional fotoqrafın xidmətindən, böyük əksəriyyət isə telefonun “bacarıqlarından” istifadə edib, gəmi gəzintisini yaddaşa həkk edirdi. Beləcə, ortaya qəribə mənzərə çıxırdı – gəmidə yüzlərlə şəkil çəkdirən, selfie edən insan..  

Sərnişinləri narazı salan daha bir məqam isə gəmi turunda hər hansı ekskursiya xarakterli məlumatların yer almamasıdır. Bunun üçün Qız Qalasında olduğu kimi, qulaqcıqların paylanması, gəzinti boyunca Bakı buxtası, Bakı nefti, Xəzər dənizi barədə qısa məlumatların da səsləndirilməsi yerində olardı. Bu halda səfərə qatılan uşaqlar da şəhərimiz barədə daha çox məlumat sahibi olardılar.

GƏMİDƏ ZİYAFƏT – QİYMƏTLƏR ŞƏHƏR MƏRKƏZİ İLƏ SƏSLƏŞİR 

Amma bununla paralel olaraq, gəminin içində "fast food" deyilən tez hazır olan yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunur. Bundan başqa, insanlar istirahət edərkən yuxarıdan asılmış televizor vasitəsilə musiqi dinləyə və videolara baxa bilirlər. 

Çay içmək istəyənlər (paket qabda) 1 AZN, kofe istəyənlər isə 2 AZN ödəməlidir. Bəzi təamlara gəlincə, hot doq 3 AZN, kartof fri 3 AZN, nagetlər 5 AZN, lavaş dönər 4 AZN, club sandviç isə 5 AZN, hamburger 4 AZN, çizburger isə 5 AZN, popkorn 1 AZN məbləğindədir. Sərinləşdirici, qazlı içkilərin qiyməti isə 1-4 AZN arasında dəyişirdi.  

Beləcə, yarım saat davam edən gəzinti bir göz qırpımında yekunlaşır. Çıxışda isə izdiham var, hər kəs gəminin qapısına doğru irəliləyir. 

Kapitan əlindəki ratsiya ilə insanların üstünə qışqırır: “Kənara çəkilin, hamı düşəcək, basabas etməyin, salona keçin... İmkan verin, yuxarıdakılar düşsün, sonra...” 

İnsanlar ya can qorxusu, ya da ənənəvi təlaşla heç kimə əhəmiyyət vermədən, bir-birini itələyərək düşürlər. gəmidən... Girişdə isə növbəti səfər üçün sıra gözləyən onlarla insan var. 

Sevinc TELMANQIZI, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR