İnsanlara hürriyət, millətlərə istiqlal!

“"Bakü Steel Company" şəhərdən köçürülməli və ya bağlanmalıdır” - sabiq deputatdan iddia

6046 12.12.2018 23:43 Gündəm A A

Nazim Bəydəmirli: “Şirkətin əsl sahibləri bilməlidirlər ki, bu menecer həm onlardan, həm də dövlət büdcəsindən astronomik məbləğlər yayındırır”

“Baku  Steel Company” MMC-nin Müşahidə Şurasının sədri və sahibi olan Rasim Məmmədovun rəhbərlik etdiyi müəssisənin daxili bazarda inhisarçı mövqeyini qorumaq üçün müxtəlif üsullara əl atması barədə yazmışdıq. O, ölkəyə idxal edilən Gürcüstan və İran armaturlarının keyfiyyətsiz olmasına dair rəy formalaşdırmağa çalışır. Bununla o, həm də müvafiq dövlət qurumlarına ictimai təzyiq formalaşdırmaqla armaturun kənardan idxalına əngəl yaratmağa nail olmaq istəyir.

Musavat.com xəbər verir ki, artıq 2013-2014-cü illərdə bu üsulla Gürcüstan istehsalı olan armaturların idxalının dayandırılmasına nail olub. Bu dəfə isə hədəfdə İran armaturlarıdır. R.Məmmdov eyni zamanda yerli armatur istehsalçılarını da hədəf seçərək, bazarı tamamilə ələ götürməyi hədəfləyir.

baku steel company ile ilgili görsel sonucu

Xatırladaq ki, araşdırmaçı-jurnalist Hafiz Babalı “Baku Steel Company”-də R.Məmmədov erasının başa çatmaq üzrə olduğunu deyir. Onun sözlərinə görə, MMC-yə nəzarət “Nyu Sfera” şirkətlər qrupunun sahibi və rəhbəri İman Nəsirulla oğlu Quliyevə keçib: “Nəzarət “Politon” MMC vasitəsilə həyata keçirilir: “Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev yaxın vaxtlarda yarandığı gündən BSC-nin payçıları sırasına daxil olan ”Politon" şirkətinə rəhbərlik edir. Şirkət 2009-cı ilin iyun ayında təsis edilib. Elə o zaman İqtisadiyyat Nazirliyi onların BSC-də 50 faiz pay iştirakını əldə etməyə razılıq verib. Dünyanın aparıcı analitik nəşrləri və beynəlxalq təşkilatlar (Bloomberg, OECD və s.) qeyd edirlər ki, BSC “Politon”un nəzarətindədir. Hüquqi Şəxslərin Reyestrinə əsasən, İman Quliyev həmçinin “Nyu Sfera Turism” və “Nyu Sfera Nəqliyyat” şirkətlərinə rəhbərlik edir. “Nyu Sfera şirkətlər qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. Qrupa “Xalqlar Dostluğu” ticarət mərkəzi, İsmayıllı rayonunda “Green House” turizm mərkəzi, Bakıda dörd şadlıq sarayı və restoran daxildir. İman Quliyev həmçinin Ukraynada unüyüdən kompleks inşa edib".

Nazim Bəydəmirli ile ilgili görsel sonucu

Nazim Bəydəmirli

Sabiq deputat və iş adamı Nazim Bəydəmirli isə daha maraqlı məlumatlar açıqlayıb. Onun musavat.com-a dediyinə görə, R.Məmmədov onu “Baku Steel Company”nin başına gətirib hər cür şərait yaradan şəxslərə iri həcmdə pul “atıb”: “İran armaturlarının Rasim Məmmədovun istehsalından daha keyfiyyətli və daha ədalətli qiymətə olmasına mən də zəmanət verirəm. "Baku Steel Company" deyilən şirkətin əsl sahibləri bilməlidirlər ki, onların hələ də iş başında saxladıqları menecer həm onlardan, həm də dövlət büdcəsindən astronomik məbləğlər yayındırır”.

Sabiq deputatın sözlərinə görə, rəqabətli mühitdə o şirkət mütləq çökməli idi: “Çox yaxşıdır ki, yeni vergilər naziri, idxal-ixracda həm də şəffaf statistika hesabına nəyisə dəyişə bilər. Bunun sayəsində nəticə etibarı ilə bazara daxil olan mallardan tutulmalı olan ƏDV və gömrük rüsumu büdcəyə gedəcək, yerli "monopolistlər" də məcbur olub qiymətləri endirəcəklər. Beləliklə, inşaatın əsas maya dəyərinə təsir edən armatur və sement ucuzlaşdıqca evtikənlərin də xərcləri azalacaq, mənzillərin qiyməti ucuzlaşacaq, vətəndaşların mənzil problemi daha sürətli həll olunacaq. Bununla dövlətin də sosial öhdəlikləri azalacaq. Bu vəziyyət "monopolistə" sərf etməsə də, həm vətəndaşlara, həm dövlət büdcəsinə, həm də dövlətin sosial-iqtisadi siyasətinə müsbət təsir edəcək”.

N.Bəydəmirli deyir ki, prezident İlham Əliyevin "sahibkarlara təzyiq edənlər, mane olanlar dövlətə xəyanət edirlər" deməsindən,  həmçinin "hansısa məmura arxalanaraq bizneslərini qorumaq, başqalarının hesabına böyütmək istəyənlər, vergidən yayınanlar”a sərt xəbərdarlıq etməsindən sonra R.Məmmədov monopoliyanın yeni üsuluna keçib: “ Təəssüf ki, şəhərin içərisində belə bir metallurgiya müəssisəsinin ətraf mühitə vurduğu ziyana hələ ki göz yumulur.

baku steel company ile ilgili görsel sonucu

Dünyanın heç bir yerində şəhərin ortasında belə bir metallurgiya obyektinə rast gələ bilməzsiniz. Ona görə də hesab edirəm ki, "Bakü Steel Company" şəhərdən köçürülməli və ya bağlanmalıdır. Xatırladım ki, Rasim Məmmədovun "qoçu dəstələrinin" mənim də təsisçisi olduğum Türkiyə-Azərbaycan birgə müəssisəsinin fəaliyyətini dayandırması səbəbindən bizə 5 milyon dollar maddi və ölçüsüz mənəvi ziyan vurulub. Onun "Baku Steel Company" və Rasim Məmmədovdan alınması ilə bağlı məhkəmə iddiamız mövcuddur, ümid edirəm ki, ədalətli qərar əldə edə biləcəyik”.

Qeyd edək ki, redaksiyamıza başqa bir mənbədən də R.Məmmədovun “Baku Steel Company”dən uzaqlaşdırılmaq üzrə olduğuna dair məlumat daxil olub. H.Babalının açıqladığı rəsmi reyestr məlumatları faktiki olaraq prosesin başladıldığını göstərir. Sabiq deputatın açıqlaması isə R.Məmmədovun nəinki MMC-yə nəzarətdən kənarlaşdırılmaq, həmçinin indiyədək əldə etdiyi vəsaitləri də əlindən alınmaq təhlükəsi ilə üz-üzə olmasından xəbər verir. Böyük ehtimalla, onun digər armatur  istehsalçıları və İran məhsulu ilə bağlı başlatdığı kampaniya da diqqəti öz fəaliyyətindən yayındırmaq məqsədi daşıyır.

TURQUT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR