İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Bəzi hallarda hətta valideynlər uşaqlarını lazımi şəkildə qidalandırmırlar, amma...”

819 18.12.2018 15:09 Təhsil A A

“Bu yaxınlarda Dünya Bankının hesabatı ilə tanış oldum. Orada göstərilirdi ki, Azərbaycan əhalisi təhsillə əhatə səviyyəsinə görə region dövlətlərindən iki dəfə geridə qalır. Amma bu, şəxsən mənim üçün yenilik olmadı. Düşünürəm ki, sizin üçün də yenilik deyil. Ona görə ki, bu məsələni mən özüm bir neçə dəfə Milli Məclisdə hökumət üzvlərinin diqqətinə çatdırmışam”.

Deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edərkən söylədi. O, bildirdi ki, konseptual baxımdan qanunun lehinə səs verəcək və qanunu təqdim edən İsa Həbibbəyli və onun komandasına təşəkkür etdi.

Q.Həsənquliyev ardınca onu narahat edən problemlərə diqqət çəkdi: “Bu gün Azərbaycanda ümumi təhsilin əsas problemi öz həllini tapmayıb. Ölkəmizdə əsas problem repetitorluqdur. Bunun necə aradan qaldırılması ilə bağlı qanunda hər hansı tənzimləyici rolu görmürük. İstənilən ali məktəbdə auditoriyaya girin, sorğu keçirin ki, kim repetitorun yanına getməyib və ali məktəbə daxil olub? Qrupda bir-iki belə tələbə ola bilər. Bu, valideynlərin büdcəsinə ciddi ziyan vurur. Bəzi hallarda hətta valideynlər uşaqlarını lazımi şəkildə qidalandırmırlar, amma istəyirlər ki, uşaqları ali təhsil ala bilsin”.

Deputat dedi ki, orta məktəb müəllimlərinin əmək haqqının minimum həddi ən azı orta aylıq əmək haqqından az ola bilməz: “Repetitorluq dövlət tərəfindən qəbul olunursa, deməli, qanunvericiliklə tənzilmlənməlidir. Yox, qəbul olunmursa, deməli, bunun aradan qaldırılması istiqamətində addımlar atılmalıdır”.

Q.Həsənquliyev dedi ki, təhsildə iki növbəli tədris də ən ciddi problemdir: “Dünyada bu, çoxdan yığışdırılıb. Bunun üçün Azərbaycanda yeni məktəblər tikilməlidir. Məktəb tikintisi stimulaşdırılmalıdır. Xüsusilə də vergi güzəştləri yolu ilə... İkincisi, xeyriyyəçilik stimullaşdırılmalıdır. Bu, qanunlarda öz əksini tapmalıdır. Biz bu tipli məsələləri fundamental baxımdan qanunvericilik səviyyəsində həll etmədən ciddi dəyişikliklərə nail ola bilməyəcəyik”.

Deputat dedi ki, həm alimlərin, həm ali təhsillilərin sayına görə regionda geri qalırıq: “Bu gün Fransada "sarı gödəkçəlilər"in tələblərindən biri budur ki, ali məktəblərə qəbul sadələşdirilsin. Azərbaycanda da ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəblərə qəbul yalnız orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq aparılmalıdır. Bütün sivil dünyada belədir. Biz niyə bu addımı ata bilmirik, başa düşə bilmirəm. Biz bu kimi fundamental məsələləri həll edə bilməsək, başqa nə qədər mükəmməl qanunlar qəbul etsək də, təhsilin inkişafına öz töhfəsini verə bilməyəcək”.

Q.Həsənquliyev bir məqama da diqqət yönəltdi: “Biz onsuz da geriyə doğru addım atmışıq. Mərhum prezident Heydər Əliyevin vaxtında, 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya görə, ali təhsilə qədər olan təhsilin mərhələsi icbaridir. Sonradan biz özümüzdən təhsil haqqında qanuna bir müddəa artırdıq, tam orta təhsillə bağlı... Yəqin artıq 9-cu sinifdən uşaqlar təhsili yarımçıq saxlayıb, gedə bilərlər. Biz heç olmasa, bu qanunda ümumi təhsilin, tam orta təhsilin icbari olması məsələsinə yenidən qayıtmalıyıq”.

E.PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR