İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu: “Hakimiyyət neft gəlirlərinə güvənən siyasətə qayıtmamalıdır”

1897 17.05.2018 10:30 İqtisadiyyat A A

Neftin qiymətinin artması nə vəd edir...

Dünya neft bazarında qiymətlərin yüksəlməsi Azərbaycana da təsirsiz ötüşmür. Belə ki, Azərbaycan neftinin qiyməti də son günlərdə yüksəlməkdədir. Hazırda  “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,67 dollar və ya 0,85 artaraq 79,28 dollara çatıb.

Qiymətlərin yüksək olması Azərbaycanda neft hasilatının artmasını şərtləndirib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədə 12 817,1 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2017-ci ilin yanvar-aprel ayının göstəricilərinə nisbətən 1,4 faiz çoxdur.

Energetika Nazirliyinin açıqladığı məlumata görə isə aprel ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 785,7 min barel olub. Bunun 755,7 min barelini xam neft, 30 min barrelini kondensat təşkil edib. Gündəlik 623,6 min barel xam neft, 30 min barel kondensat, 21,7 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında isə 794 min barrel olub. 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib.

Xatırladaq ki, Rusiyanın neft nəhəngi olan “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov neft qiymətlərinin 70 dollara yaxınlaşdığı dövrdə onun daha artıq yüksəlməsinin zərərli olacağını bildirmişdi. İndi isə neft 80 dollara yaxınlaşmaqdadır. Bu cür yüksək qiymətlər Azərbaycan üçün də zərərli nəticələrə səbəb ola bilərmi? Neftin qiymətinin yüksəlməsi ölkəmiz üçün hansı müsbət və mənfi nəticələr vəd edir?

Sualları cavablandıran iqtisadçı-alim, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu deyir ki, qiymətlərin yüksəlməsi Azərbaycan kimi orta və aşağı səviyyəli neft ixaracatçıları üçün daha effektlidir, nəinki böyük hasilatçılar üçün: “Böyük ixracatçıların gəlirlərinin birdən-birə daha çox artması onların yerləşdirilməsi, idarə olunması ilə bağlı müəyyən problemlər yaradır. Azərbaycan üçün düşünürəm ki, indiki qiymət səviyyəsi  məqbuldur. Çünki yüksək maliyyə resurslarına çıxış imkanları yaradır, xarici ticarət balansında müsbət saldonu artırır, tədiyə balansının pozitiv qalığı yaranır ki, bu da manatın məzənnəsinin tənzimlənməsi sahəsində əlavə imkanlar formalaşdırır”.

Neft qiymətlərinin artması bəzi arzuolunmaz hallara da səbəb olur: “Əsas gəlirlərimizdə, dövlət büdcəsində neftin, neft gəlirlərinin payı çoxalır. Dövlət Neft Fondundan büdcəyə transfert sabit məbləğ olsa da, qiymət fərqindən dolayı büdcəyə ayırmalar, Dövlət Neft Şirkətinin büdcəyə ödəmələri artır. Digər tərəfdən, xarici neft şirkətlərinin mənfəət vergisi ödənişləri çoxalır ki, bütün bunlar da büdcədə neft gəlirlərinin xüsusi çəkisinin artmasına gətirib çıxarır. Bundan əlavə, neftin qiymətinin belə artması, ölkəyə əlavə valyuta vəsaitlərinin gəlməsi dövlət-hakimiyyət orqanlarında iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafına yönəlik islahatların sürətləndirilməsi baxımından arxayınçılıq yaradır. Üçüncü təsir ondan ibarətdir ki, neftin qiymətinin artması idxalı stimullaşdırır. Bu ilin dörd ayının yekunları göstərir ki, əvvəlki illərə nisbətən idxal xeyli artıb. Ölkədə manatın məzənnəsi sabit saxlanılır. Əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələr olan Rusiya və Türkiyədə milli valyutalar dəyərdən düşür, ixrac stimullaşır. Nəticədə, Azərbaycanda idxal inflyasiyasının qiymətlərə təsiri güclənir”.

Neft qiymətlərinin artması Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafına yönəlmiş islahatların tamamilə arxa plana keçməsinə gətirib çıxara bilərmi?

Q.İbadoğlu hesab edir ki, bu, mümkün deyil: “Düşünmürəm ki, islahatlar tam arxa plana keçirilsin. Lakin arxayınçılığın yaranması, neftə güvənən siyasətin bərpası mümkündür. Halbuki neft gəlirlərinin artması islahatlar üçün əlverişli maliyyə resursunun yaranması deməkdir. Hakimiyyət islahatlara gedərək bu resursdan səmərəli şəkildə yararlana bilər. Nəhayət, hesab edirəm ki, hakimiyyət fərqindədir ki, neft qiymətləri həmişə belə yüksək qalmaya bilir. Bu baxımdan, qeyri-neft iqtisadiyyatını inkişaf etdirməyə məcburdurlar ki, növbəti dəfə iqtisadi durğunluq və geriləmə ilə üzləşməsinlər”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR