İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşularımız milli pulları ilə alverə keçsə, Azərbaycana təsiri nə olar...

2344 24.04.2018 09:50 İqtisadiyyat A A

İran və Türkiyə ötən ilin oktyabrında imzaladıqları müqavilənin icrasına başlayıb. Söhbət ikitərəfli ticarətin milli valyutalara - rial və lirəyə keçirilməsi haqda sazişdən gedir. Tərəflər hesab edirlər ki, saziş ikitərəfli ticarətə əlverişli şərait yaradır, İran-Türkiyə iqtisadi əlaqələrinin genişlənməsi üçün zəmin hazırlayır. Hesab olunur ki, İran rialı və Türkiyə lirəsi bundan sonra sərbəst konvertasiya rejimində istifadə olunacaq, sərhədin hər iki tərəfindəki tacirlərə valyutaları kommerisya əməliyyatları üçün istifadə etməyə imkan verəcək. Bundan əlavə, prosesin valyuta konversiyası ilə bağlı xərcləri azaltmağa da imkan verəcəyi deyilir.

Onu da qeyd edək ki, qarşılıqlı ticarətdə milli valyutalarla hesablaşmaya keçid İran, Türkiyə və Rusiya tərəfindən ABŞ valyutasından imtina məqsədi daşıyır. Artıq bir neçə ildir ki, hər üç ölkədən Azərbaycana da ticarətin milli valyutalarla aparılması ilə bağlı təkliflər səslənməkdədir. Belə təkliflər hətta Türkiyə və İranın ən yüksək vəzifəli şəxsləri tərəfindən açıq mətnlə ifadə olunub.

Son həftələrdə Rusiya, Türkiyə və İranın milli valyutalarının dəyərsizləşməsi prosesinin getməsi dollardan imtina məsələsini bir daha gündəmə gətirib. Hətta İran xarici ticarətində dollardan avroya keçdiyini bəyan edib.

İki böyük qonşusu və ticarət tərəfdaşının milli valyutalarla əməliyyatlara keçidi Azərbaycan üçün hansı nəticələri verə bilər? İranla Türkiyənin rial və lirə üzərindən alverə başlaması nə qədər uğurlu olacaq?

Rəşad Həsənov ile ilgili görsel sonucu

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ümumi yanaşmaya əsaslansaq, Azərbaycan üçün bunun ciddi riski yoxdur, çünki bizim hər iki ölkə ilə mənfi ticarət saldomuz var: “Bu, Azərbaycan üçün müəyyən qədər manevr imkanları yaradır. O halda ciddi risklər yaranar ki, bu ölkələrə ixrac idxaldan çox olar. Bu isə hər iki ölkənin valyutasının Azərbaycanda izafi artıqlığı və məzənnə dəyişikliyindən itkilərin meydana çıxması təhlükəsi yaradar. Amma bu, qeyd etdiyim kimi, ümumi yanaşmadır. Reallıqda isə vəziyyət xeyli fərqlidir. Azərbaycan da daxil olmaqla - Rusiya, Türkiyə və İranda biznesin bu prosesə qoşulub-qoşulmayacağı ciddi sual altındadır. Düşünürəm ki, mövcud şərtlər daxilində Azərbaycanda da, digər üç ölkədə də biznes bu prosesə qoşulmayacaq. Çünki Rusiya sahibkarı İran rialına, İran sahibkarı Türkiyə lirəsinə, Türkiyə sahibkarı rus rubluna, Azərbaycan sahibkarı isə bu üç ölkənin heç birinin milli valyutasına inanmır”.

Ekspertə görə, belə şərtlər daxilində biznesi prosesə cəlb etmək üçün dövlətin hər hansısa formada sahibkarlar üzərində təzyiq formalaşdırması lazım gəlir: “Buna isə heç bir ölkədə gedilməyəcək. Çünki belə bir təzyiqin formalaşdırılması nəticəsində sahibkarların bu istiqamətlərdə mal ixrac etməyə marağı olmayacaq. Bu isə ölkənin ixrac potensialının zəifləməsinə gətirib çıxaracaq. Bu baxımdan yanaşdıqda, düşünmürəm ki, hökumətlərin ortaya qoyduğu bu mövqe işlək bir mexanizmə malik olsun. Ola bilər ki, yalnız bu prinsip dövlətlərarası alqı-satqılara şamil olunsun. Yəni Azərbaycan İrandan qaz alırsa, onun pulunu milli valyuta ilə ödəsin, yaxud Türkiyəyə qaz satırsa, dəyərini lirə ilə alsın. Özəl sektorun bu prosesə qoşulacağı real deyil. Ticarət bir neçə günə, bir neçə həftəyə, hətta bir neçə aya yekunlaşan proses deyil. Ticari münasibətlər uzunmüddətli, çoxillik müqavilələrlə tənzimlənir. Məhsulun gedişi ilə pulun gəlişi arasında aylarla vaxt keçir. Son vaxtlar hər 3 ölkənin milli valyutası kəskin dəyərsizləşməyə məruz qalıb. Bu şəraitdə sahibkar necə inansın ki, bu gün Rusiyaya, İrana, Türkiyəyə onların valyutası ilə satdığı malın pulunu geri alanda həmin pul öz dəyərini itirməyəcək? Biznes bunu proqnozlaşdıra bilmədiyi halda, heç vaxt riskə getməz. Ona görə də düşünürəm ki, bu təşəbbüs ölkələrin düşdüyü çətin vəziyyətdə daxili ictimai rəyə hesablanmış bir yanaşmadır. Amma real xarici ticarətdə ciddi effekt verməyəcək, milli valyutalarla dövriyyənin həcmi o qədər də böyük olmayacaq”.

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR