İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal taxıl böhranı gözlənilir: Dünya çörəklə imtahana çəkiləcək, bəs Azərbaycan?

Dünyanın ən böyük taxıl ixracatçılarının buğda ehtiyatları xeyli azalıb. Yay aylarının isti və quraq keçməsi bu ehtiyatların 2007/2008-ci il səviyyələrinə düşməsinə yol açıb.

“Yeni Müsavat” xəbər verir ki, Beynəlxalq Taxıl Şurasının yaydığı statistik məlumatlardan belə aydın olur.

Bildirildiyinə görə, 11 il əvvəl yaşanan taxıl qıtlığı Afrika və Asiyada ərzaq böhranına və genişmiqyaslı üsyanlara yol açmışdı. Analitiklər qiymətlərin o dövrdəki qədər yüksək olmamasını rahatladıcı faktor hesab etsələr də, ehtiyatların azalmasını böhran siqnalı kimi qəbul edirlər.

Beynəlxalq Taxıl Şurasının məlumatlarına görə, 2018-19-cu il biçim mövsümündə buğda istehsalında ötən illə müqayisədə 42 milyon ton azalma müşahidə olunub və ümumi ehtiyatlar 716 milyon tona geriləyib.

Taxıl istehsalı ilə yanaşı, ehtiyatlar da azalıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinə görə isə, əslində dünyanın buğda ehtiyatlarında ciddi bir azalma yoxdur. Problem sadəcə ondadır ki, taxıl ehtiyatının təqribən yarısı Çinin əlində cəmləşib və bu da böyük sıxıntılar yarada bilər. Çünki Çinin öz taxıl ehtiyatlarını bazara çıxarması gözlənilmir.

Hesabatda bildirilir ki, dünyadakı taxılın 16%-ni istehlak edən Çin yeni mövsümə dünya ehtiyatının 46%-i ilə qədəm qoyub. 2018/19-cu il mövsümünün sonunda isə bu payın 50%-i aşacağı proqnozlaşdırılır. Bu isə Çinin taxıl ehtiyatının 5 il əvvələ görə 135 faiz artdığı mənasına gəlir.

Mütəxəssislər mövsümün sonunda ən böyük 8 istehsalçının əlində dünya ehtiyatlarının 20%-i qədər, yəni dünyanın buğda tələbatını yalnız 26 gün qarşılayacaq ehtiyat qalacağını təxmin edirlər. 10 il əvvəl isə həmin ölkələr cəmi ehtiyatın 30 faizinə sahib idilər.

Sual oluna bilər: Gözlənilən qlobal taxıl böhranından Azərbaycan nə qədər təsirlənə bilər?

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan iş adamı Mürvət Həsənli bu böhranın Azərbaycana ciddi sirayət edəcəyini düşünmür.

Onun fikrincə, hər il Azərbaycanda 3 milyon ton cıvarında taxıl istehsal olunur: “Bunun yarısından çoxu isə buğdanın payına düşür. Ölkənin taxıl tələbatının 70-80 faizi daxili istehsal hesabına ödənilir”.

Dövlət Statistika Komitəsinin bu ilki hesabatları da iş adamının fikirlərini təsdiqləyir. Hesabata görə, 2018-ci biçin mövsümündə toplanmış məhsul 2833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

Mürvət Həsənli taxıl ehtiyatlarımızın tələbatımızı ödəyəcək şəkildə tutulmasını Azərbaycan hakimiyyətinin şüurlu şəkildə yürütdüyü siyasətin nəticəsi kimi qiymətləndirir: “Məlumdur ki, mərhum Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk dövrlər Azərbaycan ciddi taxıl böhranı yaşayırdı. Heydər Əliyevin beynəlxalq nüfuzu sayəsində ölkəmiz bu böhranı rahatlıqla keçdi. O dövrdən etibarən, Azərbaycanın başlıca strateji hədəflərindən biri Qida Təhlükəsizliyi proqramını yerinə yetirmək oldu. Ölkəmizdə uzunmüddətli taxıl ehtiyatımızı saxlayacaq anbarlar inşa edildi və onlar vaxtaşırı taxılla dolduruldu”.

Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirən Mürvət Həsənli ölkə başçısının bir neçə il əvvəl iqtisadiyyatın şaxələnməsi istiqamətində atdığı addımları bunun ən bariz nümunəsi adlandırdı:

“Qeyri-neft sektorunun inkişafında əsasən aqrar sahəyə üstünlük verilməsi bu mənada təsadüfi deyil. Ərzaq təhlükəsizliyi strategiyasını düzgün quran dövlətlər həmişə yenilməz olurlar. II dünya müharibəsi dövründə keçmiş SSRİ-nin hərbi texnikaların inkişafı ilə yanaşı ərzaq proqramını axsatmadan həyata keçirməsi bu strategiyanın nə qədər mühüm əhəmiyyət daşıdığını göstərir. Təsadüfi deyil ki, həmin illərdə əkin-biçinlə məşğul olmaq da müharibədə iştirak etmək qədər vacib sayılır, kənd təsərrüfatı sahəsi “ikinci cəbhə” adlandırılırdı. SSRİ-nin faşizm üzərində qələbəsində bu ərzaq strategiyasının vacib rolu olmuşdur. Dövlətin bu siyasətini bədii formada ifadə edən Səməd Vurğun yazırdı: “Çörək bol olarsa, basılmaz Vətən”.

İş adamının fikrincə, Azərbaycanın indiki hakimiyyəti də məhz bu dövlətçilik şüurunu dərindən dərk edənlərin əlindədir və ölkəmiz yanaşağı gözlənilən çörək qıtlığından əziyyət çəkməyəcək.

Dünya Sakit,
“Yeni Müsavat”

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR