İnsanlara hürriyət, millətlərə istiqlal!

“QIZIM, SƏNİ SİĞƏ EDİM...”

9700 11.05.2010 09:16 Ölkə A A

Paytaxt Bakıdakı məscidlərdən birində - Əhmədli məscidinin girişində axund Hacı Muradla siğə sövdələşməsi edirik. Hacı bizi kabinetinə dəvət edir, Quran kitabını açır və 20 manatı kitabın içinə qoymağımızı əmr edir. On manatı uzadıb qalan pulu sabah gətirəcəyimizi bildiririk. Axundun gözləri parlayır: “Mütləq gətirin”. Maraqlanırıq ki, siğə etdirmək üçün ona müraciət edənlər olurmu? Deyir ki, ayda iyirmidən artıq siğə duası oxuyur, hətta yanına gələn daimi müştəriləri var. Bunun üçün isə siğə kəsdirənlərə heç bir sənəd-filan verilmir. Axund son illər siğə etdirənlərin sayının artdığını da vurğulayır. Maraqlanırıq ki, bəs bizim duanı haçan oxuyacaq? “Elə bu saat”, cavabını verir axund. Kitabın arasındakı pulu cibinə qoyub astadan oxumağa başlayır, biz isə mollanın kabinetindən çıxırıq...

QMİ-nin anlaşılmaz siğə fətvası

Son illər ölkədə müvəqqəti dini kəbin, yəni siğə etdirənlərin sayının artması barədə iddialar dolaşır. Məlumatlara görə, dinə az-çox bağlılığı olan bir çox insanlar qarşı cinslə münasibətlərini rəsmiləşdirməkdənsə, daha çox dini çərçivədə pərdələməyə çalışırlar. Həm də müddətli kəbin kəsdirməyə üstünlük verirlər. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) isə ölkədən nəinki siğənin, hətta müvəqqəti kəbinin kəsilməsinə icazə olmadığını bildirirlər. Hətta dini kəbinin ancaq “Zaks”dan sonra kəsilməsi ilə bağlı QMİ-nin xüsusi sərəncamı var. Ancaq axundlar nəinki sərəncamı saymır, hətta gündə neçə insana siğə etməklə pul qazanırlar.
Paytaxtdakı məscidlərin əksəriyyətindən siğə ilə bağlı suallarımızı cavablandırmadılar. QMİ-dən də bu mövzuda danışmaq üçün heç kimi məsləhət bilmədilər. Həmçinin müraciət etdiyimiz dindarların əksəriyyəti siğə məsələsindən danışmaq istəmədi. QMİ-nin mətbuat xidmətindən isə “Yeni Müsavat”a QMİ Qazılar Şurasının 23 noyabr 2002-ci il tarixli fətvasından bir cümləlik çıxarışı göndərməklə kifayətləndilər: “Qazılar Şurası bildirir ki, çoxarvadlılıq, müvəqqəti nikah (siğə) və irs məsələləri dövlət qanunvericiliyində öz həllini tapdığı üçün onlar respublikamızda həmin qanunlar əsasında tənzimlənir”.

Siğə evlənməyə imkanı olmayan kişilər üçündür?

Ölkədəki dini ekspertlərin də siğə məsələsində fikirləri haçalanır. Tanınmış ilahiyyatçı Kənan Rövşənoğluna görə, siğə əxlaqsızlıq üçün əsas ola bilməz: “Bu, müsəlman kişilərə evlənməyə imkanı olmadığı halda və ya ailəsindən uzun müddət uzaq olduğu zaman nikaha girmək haqqı tanıyır. Yəni müvəqqəti nikah - (mütə, siğə) istisna hallar üçün nəzərdə tutulmuş haldır, sui-istifadəyə icazə verilmir”.
K.Rövşənoğlunun sözlərinə görə, mütənin qanuni olduğunu müdafiə edən alimlər Quranda bu barədə yazılmış ayəyə istinad edirlər: “Müqəddəs kitabın Nisa surəsinin 24-cü ayəsi mütəni təsdiqləyən dəlil sayılır: ”Mütə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!". Alimlərə görə, ayədəki mütə kəlməsi müvəqqəti nikaha işarədir".
Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə mövzu ilə bağlı araşdırmamızın təcililiyini və bu mövzuda qısa danışmaq istəmədiyini nəzərə alıb, mötəbər saydığı ilahiyyatçının yazısından xülasəni bizə təqdim edib. Zülfüqar Mikayılın “İslamda mütə nikahı” yazısından seçmələrdə də siğənin təsdiqi kimi “Nisa” surəsinin 24-cü ayəsi göstərilir: “Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin razılaşmağınızın günahı yoxdur”. Yazıda göstərilir ki, mötəbər dini kitablarda İbn Abbas, Mücahid, Suddi və başqa din alimləri bu ayəni müvəqqəti evlənmə kimi təfsir ediblər: “Onlar təkid etmişlər ki, bu ayə müvəqqəti nikah barəsində nazil olmuşdur”. Həmçinin yazıda bildirilir ki, mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər var və mütə nikahı qiyamət gününədək halaldır.

“Bu, pul qarşılığında müvəqqəti evlilikdir!!

Siğənin halal olduğunu iddia edən din xadimləri bunu cinslər arasında müəyyən miqdarda pul ödənməsi qarşılığında müvəqqəti həyata keçirilən evlilik kimi izah edirlər. İslam dünyasının öndə gələn təhsil mərkəzlərindən sayılan Misirin “Əl Əzhər” universitetinin rektoru, tanınmış alim Tantavi bu ölkənin “Əl Mustəqilla” televiziyasına müsahibəsində İslamda mütənin  olduğunu təsdiqləyib.
Türkiyədə təhsil almış dindar Zamin Əliyev isə mütə nikahının cahiliyyət dövründən qalan bir nikah şəkli olduğunu qeyd edir: “İslamın ilk illərində, xüsusən müharibə dönəmində uzun zaman qadınlardan uzaq qalan əsgərlər üçün mütə nikahına icazə verilib, sonra isə İslam peyğəmbəri tərəfindən haram buyurulub. Bu, pul qarşılığında bəlli bir müddət ərzində qadınla evlənməkdir. Mütənin ən az müddəti bir cinsi əlaqə keçəcək zaman parçasıdır. Bu, əslində fahişəlikdən başqa bir şey deyil. Allahın Rəsulu bunun haram olduğunu bildirib: ”Allah qiyamətə qədər bunu haram buyurub. Kimin yanında belə bir qadın varsa, sərbəst buraxsın, onlara verdiyi heç bir şeyi geri almasın"".

Mütə kişinin evləndiyi qadına verəcəyi hədiyyə imiş...

“İlahiyyət” camisinin imamı İbrahim Məmiş də bildirir ki, İslam dini siğəni birmənalı olaraq qadağan edir: “Qurani-Kərimdə nikahın bir ömürlük və iki insanın bir ömür boyu bir arada yaşamağa qərar verməsi ilə gerçəkləşdirildiyi ifadə edilir. Müvəqqəti nikahı peyğəmbər əfəndimiz qadağan edib. Amma cahiliyyə dövründə müvəqqəti nikah olub, sonra qadağan edilib". İ.Məmişin sözlərinə görə, Quranda göstərilən mütənin siğə olaraq yozulması doğru deyil: “Peyğəmbərin uyğulamasına görə, mütə nikahda alınması lazım olan hədiyyədir, zamanla əlaqəli deyil. Biri peyğəmbərin zamanında evlənmək istəyir və peyğəmbər soruşur ki, evində mütə, yəni qadına hədiyyə vermək üçün bir şey varmı? Həmin şəxs heç nəyinin olmadığını dedikdə isə peyğəmbər evdə Quranın olub-olmadığını xəbər alır. Sonunda peyğəmbər imkansız şəxsə evindəki Quran kitabının qarşılığında kəbin kəsir, yəni kişi nikaha görə qadına həmin kitabı hədiyyə edir. Mütə nikah üçün qadının almalı olduğu mükafatdır".

İslamda evlilik daimidir!

Hacı Cavid Musayev də siğənin İslamda haram olduğunu vurğulayır: “Siğə hər hansı qadınla müəyyən məbləğin əvəzində, müəyyən bir müddət birlikdə olmaq üçün razılığa gəlməkdir. Hər iki cinsin müəyyən bir məbləğ və müddət ərzində razılığı siğədə kifayətdir. Bundan başqa, kişidən qadının maddi ehtiyaclarını təmin etmək üçün də heç nə istənilmir. Bu ”evlilik"də miras da olmur. Təyin edilən vaxt qurtarandan sonra adi boşanmadan fərqli olaraq qadın iddət müddətinin (iddət - əri ölən və ya boşanan qadının yenidən evlənə bilməsi üçün gözləməli olduğu müddət) yarısını-təxminən 45 gün gözləyir, sonra yenidən siğə etdirə bilər. Bütün bunlar da siğənin İslamda haram olduğunu göstərir. İslamda qadınla kişi arasında yeganə yaxınlıq əlaqəsi ancaq kəbinlə, ailə həyatı qurmaqla mümkündür". Onun sözlərinə görə, İslam dinində evlilikdə əsas məqsəd təkcə təbii ehtiyacları təmin etmək deyil, məqsəd ruh və bədən sağlığı ilə təmiz nəsillər yetişdirməkdir: "Müddətli evlilik dinimizdə qəti qadağandır".
Dindar Azər Əzizova görə, siğə zinanın rəsmi don geyindirilmiş formasıdır: “Bu, əsasən islamiyyətdən əvvəl olub və islamiyyət dövründə peyğəmbər əfəndimiz tərəfindən qadağan edilib. Siğə leş, qan və donuz əti kimidir. Siğədə qadın həyat yoldaşı statusunda deyil, sadəcə, müəyyən məbləğ və müddət ərzində istifadə edilən əks tərəf rolunu oynayır. Siğə qadının heysiyyəti, qüruruyla oynamaqdır. Burada qadın icarəyə götürülən mal qismində olur. Siğənin İslamda qadağan olunan zinadan, yəni kəbinsiz cinsi əlaqədən fərqi yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR