İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl tozu və gümüşdən olan ev turistsiz qalıb...

3625 26.08.2016 07:05 Reportaj A A
XVIII əsrdə inşa edilən “Şəkixanovların evi” Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəkinin nadir incilərindən hesab olunur. Xüsusi memarlıq üslubuna malik olan bu mədəni abidənin 300-ə yaxın yaşı var. Yenicə bərpa olunan Şəkixanovların evi ilə tanışlıq hələ ki turlara daxil edilməsə də, buranı ziyarət edən turistlər az deyil. Hacı Çələbi xanın nəvəsi Məmmədhüseyn xan “Gələrsən Görərsən” qalasını su basdığı üçün 1765-ci ildə gəlib buranı tikdirib və ailəsi ilə birlikdə bu evdə yaşayıb.

Yuxarı Xan Sarayı isə onun əsasən yay və iş iqamətgahı olub. Qonaqlarını əsasən orada qarşılayıb. Bura xanın qış evi də deyirlər. Bu binanın 5 santimetr bünövrəsi olmasına, yapışqansız və mismarsız tikilməsinə baxmayaraq hər cür zədəyə, zəlzələyə dözümlüdür. Çox gözəl memarlıq üslubu olan və bir qədər də Şəki Xan sarayını xatırladan bu ev 2 mərtəbə və 6 otaqdan ibarətdir. Alt mərtəbəsində ancaq xidmətçilər və mühafizəçilər yaşayan evin üst mərtəbəsinə, yəni xanın və ailəsinin yaşadığı otağa çıxmaq üçün iki pilləkən var. Bu pilləkənlərdən birindən xanımlar, digərindən isə kişilər istifadə edirmiş. İki ayrı pilləkən ona görə qoyulub ki, o dövrün tələblərinə görə qadınlarla kişilərin eyni pilləkəndən qalxması düzgün hesab edilmirmiş. Buna görə də onlar üst mərtəbəyə qalxanda bir birlərini görməmək üçün belə ediblər. Buranın başının çox bəlalar çəkdiyini, hətta qızıl axtarmaq məqsədi ilə divarlarının belə zədələndiyini deyən bələdçi Həsən Məmmədov bizi xanın evi ilə tanış edərək izahat verirdi. Qapısında qıfıl olan kiçik bir otaq diqqətimizi çəkir və bələdçidən bu otağın hansı funksiya daşıdığını soruşuruq. Otağın soyuducu əvəzi olduğunu deyən H.Məmmədov sərin olduğu üçün o vaxtlar yeməklərin, ərzaqların burada saxlanıldığını bildirdi: “Alt mərtəbədə həm də mətbəx yerləşib. Binanın arxasına da qapı açılır. Ərzaq o qapıdan yığılıb, bu qapıdan isə istifadə edilib. O zaman insanların boyu indikindən də uzun olub. Amma buna baxmayaraq qapı çərçivələri kiçik qoyulub ki, keçənlər baş əyib keçsinlər. Buranın da tikintisində yapışqan və mismar istifadə edilməyib. Amma buna baxmayaraq zəlzələyə davamlıdır”.

Xidmətçi və mühafizəkarların otağı ilə tanışlıqdan sonra dar və hündür pilləkənlərlə üst mərtəbəyə - xanın və ailəsinin yaşadığı otaqlara doğru qalxırıq. Otaqların birinin divarlarına Nizamı Gəncəvinin “Xəmsə”sini əks etdirən şəkillər həkk olunub: “Divarda Nizami Gəncəvinin ”Yeddi gözəl" əsərinin görüntüsü, Xosrov, Şirin, Məcnun, Leylinin şəkilləri həkk olunub. Həmçinin, divarda şahzadələrin də şəkilləri var. Digər şəkil isə iki aslanın pəncə-pəncəyə  şəklidir ki, bu da o vaxt Şəki xanlığının bayrağı olub. Tavanda cənnət təsəvvür edilib. Pəncərələrdə isə Venesiyadan gələn orijinal şəbəkələr var. Xan lampasında da cənnəti təsvir edib. Lampanın şüşələrinin arxası gümüşdəndir. Sarayda gördüyünüz sarı rəngli bəzəklərin hamısı qızıl tozundan hazırlanıb. Bu ev 90 faiz orijinaldır. 10 faizi isə yenidən bərpa edilib".

Digər otaqların divarlarını şəkillər bəzəsə də, bir otaqda heç bir şəkil yox idi. Xanın bu otağı şəkilsiz etməsinin səbəbini bələdçi bu cür izah edir: “İslam ənənələrini nəzərə alan xan namaz qılmaq, həm də göz yorğunluğunu dincəldə bilmək üçün bu otağı bəzəksiz, şəkilsiz edib. Siyirmə qapının Çindən gəldiyini zənn edirik. Amma gördüyünüz bu qapı məhz xanın dövründən bizdə olub. Bu qapının hazırlanmasında mismar, yapışqan istifadə edilməyib. Qapılarda səs boğma funksiyası da var. Səs bu otaqdan o birinə keçməsin deyə, xan belə bir şey etdirib”.

Şəkixanının evinin əvvəlcə çox baxımsız olduğunu deyən bələdçi aidiyyəti qurumlara və prezidentə müraciət etdikdən sonra buranın indiki vəziyyətinə salındığını dedi: “Bura Yuxarı Xan sarayından daha qədimdir. Sadəcə, olaraq uzun müddət baxımsız qalıb. Müharibə dövründən əvvəl burada iki ailə yaşayıb. Daha sonra bura bizim ailənin, xüsusən də anam Südabə xanımın qolunun gücünə qorunub qalıb. Bizim ev bura qonşudur. Bu barədə mədəniyyət nazirinə, birinci ledi Mehriban Əliyevaya da məlumat vermişik. Buranı qoruyub saxlaya bildiyimiz üçün gəlib bizə təşəkkür ediblər. Dövlət başçısı 2006-cı il aprelin 13-də xanımı Mehriban Əliyeva ilə birlikdə Şəkidə olarkən ”Şəkixanovların evi"nin əsaslı təmiri ilə bağlı göstəriş verdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə abidənin bərpası Dövlət Proqramına daxil edilib, bu məqsədlə vəsait ayrıldı və bura təmir edildi. Hələ ki, tura salınmadığı üçün gedib gələn turistlər azdır. Buranın işçiləri də elə özümüzük. Mən və yoldaşım bələdçilik edirik. Giriş 2 manatdır. 1988-ci ildə bir nəfər gələrək özünü xan nəslinin nümayəndəsi kimi təqdim edib bu evi dağıdıb otel etmək istəyirdi. Biz də onu qovduq. Bu şəxsin məqsədi abidəni korlayaraq buranın bəzi yerlərini dağıdıb qızıl tapmaq və tapdığı qızılı da bura xərcləyərək otel tikmək idi. Biz də bunu bilib prezidentə, Mədəniyyət Nazirliyinə müraciət etdik. Sağ olsunlar ki, səsimizə səs verdilər. “Şəkixanovların evi”nin yolu bir az uzaqdır deyə çətin tapılır. Ona görə də yol boyu müəyyən işarələr qoymuşuq ki, tapılsın. Həyəti balacadır. Çünki buranı sovet dövründə sıxıb çıxartmaq istəyirdilər. Ona görə də evlər tikiblər və həyət balacalaşıb. Bura gələn turistlər buranın xoş bir aurası olduğunu deyirlər".

Doğrudan da elə idi. Şəki xanının evinin qapısından içəri girər-girməz sanki həyətdə insanı sakitləşdirən, ruhunu dincəldən mənzərə var. Yaşıllıq və gül çiçək, irəlidə ucalan xan evinin möhtəşəm gözəlliyi insanı başqa bir aləmə aparırdı...

Günel MANAFLI
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR