İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qışqırdılar ki, su gətirin, amma mən fikir vermədim"- Bakıda 25 nəfərin öldüyü yanğının şahidi

1234 15.12.2018 14:30 Kriminal A A

Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində yanğın zamanı dispanserdə müalicə alan və zərərçəkmiş kimi tanınan iki nəfər ifadə verib.

Famil Laçınov dindirilən zaman deyib ki, elə yanğın baş verən gün mərkəzə gəlibmiş. O, narkotik istifadəçisi kimi müalicə aldığını söyləyib.

"Məni ora qardaşım aparmışdı. Günorta getdik, axşam da yanğın oldu. Gecə yanğın olanda yatmışdım. Səsə oyanıb çölə qaçdım"- deyən Famil Laçınov sualları cavablandırıb.

O, təqsirləndirilən şəxslərin hər birini tanıdığını deyib. Bildirib ki, daha əvvəl də müəyyən fasilələrlə mərkəzdə müalicə aldığı üçün həmin şəxsləri tanıyır.

Yanğın baş verən gün 5-ci palatada olduğunu deyən Laçınov bildirib ki, dəhlizə qaçan zaman eşidib ki, yanğın 14-cü palatada baş verib.

Daha sonra məhkəmədə zərərçəkmiş Yaşar Tağıyev ifadə verib.

O da narkotik istifadəçisi olduğu üçün mərkəzə məcburi müalicəyə göndərildiyini deyib.

"Mən 16-cı palatada idim. Heç kimlə münasibətim yox idi. Münasibət saxlamağı da sevmirəm. Öz yerimdə uzanmışdım. Səs gələndə birinci dedim, bəlkə kimsə yenə dava salıb. Fikir verməyib uzandım. Sonra qışqırdılar ki, su gətirin. Mən də fikirləşdim ki, kiminsə ürəyi gedib deyə su istəyirlər. Artıq səs-küy çoxaldı. Qışqırdılar ki, yanır. Mən də tez koridora çıxdım. Gördüm ki, tüstü içərini bürüyüb. Mən də hamı ilə çölə qaçdım"- deyə zərərçəkmiş bildirib.

Təqsirləndirilən Məhəmməd Məmmədov söyləyib ki, yanğın zamanı ilk həyətə çıxan 5 nəfərdən biri olub. O, hadisə zamanı oradan qaçmadığını söyləyib və Yaşar Tağıyevə sual verib ki, həyətə çıxanda kimləri görüb?

Yaşar Tağıyev bildirib ki, əvvəlcə qapı bağlı olub: "Qapılar bağlı idi. Açılanda hamı bir yerdə koridora, oradan da həyətə çıxdıq. Hamı birdən basabasla çıxdı. Orada kiminsə üzünü dəqiq xatırlamıram".

Suallara cavabında Yaşar Tağıyev deyib ki, hazırda müalicəsini davam etdirir. O, yanğından 10 gün sonra hadisənin Məhəmməd Məmmədov tərəfindən törədildiyini eşitdiyini deyib.

Prosesin davamında hakim təqsirləndirilən şəxslərə ifadə verməyi təklif edib. Amma onlar bildiriblər ki, zərərçəkmişlər və şahidlər dindirildikdən sonra ifadə verəcəklər.

Məhkəmə iclası digər zərərçəkmişlərin dindirilməsi üçün dekabrın 21-nədək təxirə salınıb.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı, 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR