İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qələbə AKP-nindir” - Mehmet Mutlu

3964 23.06.2018 09:10 Gündəm A A

“Türkiyənin ətrafı sarılıb, dünya gücləri hər vasitə ilə Türkiyəni kənar savaşlara sürükləməklə ölkənin siyasi, sosial-iqtisadi həyatına zərbə vurmaq istəyirlər”

“Ərdoğanın Türkiyə üçün gördüyü böyük işləri heç kim inkar edə bilməz. Tərəfli də, tərəfsiz də AKP iqtidarının Türkiyə Cümhuriyyətinə düzən və rifah gətirdiyini bilir. Ölkəmizdə seçimlər hər zaman xalqın iradəsi ilə keçirilib. Bu gün də açıq meydandır və müxalifət sərbəst siyasi mübarizə aparır. Çox təəssüf ki, bugünkü Türkiyə müxalifəti ölkənin güclənməsinin əleyhinə olan qüvvələrlə işbirliyindədir. Bu kürsü sevdası Türkiyəyə yaxşı heç nə vəd etmir”.

Bu sözləri musavat.com-a açıqlamasında Türkiyə Cocuq Oyunları Federasiyasının başqanı, prezident Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu Mehmet Mutlu deyib.

M.Mutlunun sözlərinə görə, CHP PKK terror hörgütü ilə çiyin-çiyinədir: “Özlərini Atatürkün partiyası adlandıran CHP mənsubları Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin təməllərini sarsıtmaq istəyən qüvvələrlə işbirliyi quraraq ölkənin gələcəyi ilə ilgili təhlükəli planlar qurmaqdadırlar. Bu ölkənin terrordan necə böyük ziyan çəkdiyini vətəndaş çox yaxşı bilir. Yalnız öz siyasi iddialarını gerçəkləşdirmək üçün ölkəni təhlükəyə atan insanlara əminəm ki, vətəndaş seçki günü öz təpkisini verəcək. Bu gün Türkiyə yenə də terror təhdidləri ilə üz-üzədir. Durum iqtidarla müxalifətin əl-ələ verib ölkənin təhlükəsizliyini möhkəmləndirməyi tələb etdiyi bir zamanda müxalifətin iqtidara gəlmək üçün həmin qüvvələrlə əlbir olması çox utancvericidir. Türkiyənin ətrafı sarılıb, dünya gücləri hər vasitə ilə Türkiyəni kənar savaşlara sürükləməklə ölkənin siyasi-sosial, iqtisadi həyatına zərbə vurmaq istəyirlər. Çünki Türkiyə bulunduğu coğrafiyanın açar ölkəsidir. Ölkəmiz doğu-batı inteqrasiyasına inanılmaz bir körpüdür. Türkiyənin önəmli ölkə olmasını heç cür qəbul etməyənlər bu gün ölkəmizi içdən-dışdan sarsıtmaq planlarını işə salıblar. Türkiyə Cümhuriyyətinin böyüməsi, güclənməsi onların siyasi maraqlarına qətiyyən uyğun deyil. Türkiyənin hədəfləri isə bu coğrafiyanı gücləndirmək, beynəlxalq güclərin xalqların iradəsinin əksinə olaraq formalaşdırdıqları siyasətlərinin qarşısında durmaqdır. Günümüzdə Türkiyəni böyük mənada Qərblə qarşıdurmaya gətirən məqam budur”.

Mehmet Mutlunun fikrincə, Türkiyənin zəifləməsi region ölkələrinə ciddi problemlər yarada bilər: “Dünyanın enerji qaynaqlarının yarıdan çoxu bu bölgədə yerləşdiyi üçün bura hər zaman hədəfdədir. Heç kimə sirr deyil ki, Orta Doğuda gedən savaşın məqsədi xalqlara demokratiya gətirmək deyil, oradakı zənginliklərə sahib olmaqdır. Bu qədər zənginliklərə sahib olmalarına baxmayaraq müsəlman ölkələri sıxıntı içərisindədirlər. Bitməyən savaşlar ölkələr üçün çözülməsi uzun zamanlar alacaq problemlər yaradıb. Türkiyə bu prosesi durdurmaq üçün ilk gündən çalışmaqdadır. AKP iqtidarı Türkiyə sərhədlərində terrorla mücadiləyə böyük paralar xərcləyib. Hərbi qüvvələrimizin itkiləri var və təəssüf ki, bu savaş hər gün şəhid və qazilərimizin sayını artırır. Türkiyə dövləti savaş bölgələrindən didərgin düşən milyonlarla insana qucaq açıb. Amma bizim xalqımız qaçqın, köçkün həyatı yaşaya bilməz. Türkiyə dövlətini zəiflətmək istəyənlərin əsas məqsədlərindən biri də ölkə içərisində köç yaratmaqla daxili nizamı pozmaqdır. Türk milləti buna heç zaman imkan verməyəcək”.

0b0d4029-7c28-4d45-9acd-b022a7316693.jpg (79 KB)

Durum yetərincə gərgin olsa da Mehmet Mutlu 24 iyun seçkisində Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləcəyinə şübhə etmir: “Türkiyə vətəndaşları Türkiyəyə qarşı oynanılan oyunların hamısını pozacaq. Heç kimin buna şübhəsi olmasın. Bu millət heç zaman basqı altında qalmağı qəbul etməyəcək. 24 iyun seçkisi tarixə öz çıxarları üçün Türkiyənin gələcəyini təhlükəyə atmaq istəyənlərin məğlubiyyət günü kimi düşəcək. Ölkəmizi qaranlığa sürükləmək əsla mümkün olmayacaq. Türk xalqının belə çətin zamanlarda necə doğru qərarlar verdiyini biz çox təcrübədən keçirmişik. Biz bu gücü Çanaqqala savaşında, Qurtuluş mücadilələrində görmüşük. 24 iyunda türk xalqı bu şər güclərə gərəkən cavabı verəcək. Bununla bağlı heç bir əndişəm yoxdur. Seçki prosesi başlayandan xalqla iç-içəyik. Həm siyasi partiyalar daxilində, həm xalq içərisində hansı proseslərin getdiyini çox yaxından izləmək imkanımız olub. Siyasət meydanlarda vətəndaşa vəd verməklə olmur. Əsas məsələ o vədi yerinə yetirməkdir. Türkiyə vətəndaşları bu günkü müxalifətin iqtidar olduğu dönəmlərin ağır günlərini unutmayıb. Təkcə sosial şərtləri müqayisə etsək fərq yerlə göy qədərdir. Bu ölkənin xeyrinə bir mismar vurmamışların ölkəyə rifah gətirən AKP iqtidarını sorğulamağa mənəvi haqqı yoxdur. 16 ildə xalq məhz vətəndaşa xidmət etdiyi üçün AKP-ni iqtidarda saxlayıb. Bunu təkcə Türkiyə  vətəndaşları deyil, bütün dünya bilir. Ona görə də vətəndaş bu seçimdə də AKP-nin haqqını verəcək, ölkəni bölmək, parçalamaq, zəiflətmək istəyən güclərin oyununa getməyəcək”.

Aygün MURADXANLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR