İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın Rusiyaya tabe etdirilməsi mümkünmü?

2341 14.06.2017 08:20 Siyasət A A

Konfliktoloq: “Rusiya Qarabağı ”işğal" edəcəyi halda Ermənistan və Azərbaycanı itirəcək"

Rusiyalı yazıçı Eduard Limonovun Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri zamanı Dağlıq Qarabağdakı erməni məktəblərində Rusiya gerbinin, rus yazıçılarının portretlərinin asıldığını söyləməsi, ölkəsinə xitabən Qarabağı öz tərkibinə qatmağa çağırması Moskvanın belə bir planının olub-olmaması sualını aktuallaşdırıb. Hesab olunur ki, erməni separatçıları Abxaziya və Cənubi Osetiya separatçılarının getdiyi yolu təkrarlamaqla Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən xilas olmaq, torpaqların zəbtini uğurla başa çatdırmaq istəyirlər. Düzdür, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma Limonovun sayıqlamaları şübhələrə yol açır.
Dağlıq Qarabağın Rusiya tabeçiliyinə keçirilməsi cəhdi Moskva tərəfindən ola bilərmi? Bu, mümkünmü? Abxaziya və Cənubi Osetiya ilə Dağlıq Qarabağı eyniləşdirmək nə dərəcədə düzgün və məntiqli olar?


Konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın birmənalı olaraq Dağlıq Qarabağ münaqişəsində əsas marağı bu bölgəni özünün anklav ərazisi kimi qəbul etdirmək, bununla da Azərbaycan və Ermənistan arasında özünün yerləşməsinə nail olmaqdır. Rusiyanın bütün dövrlərdən gələn siyasi kursu buna yönəlmişdi. Putin bu siyasətdən kənarda duracaq bir siyasətçi deyil. Əksinə, onun dönəmində Rusiyanın bütün keçmiş SSRİ ölkələrində maraqları daha aydın nəzərə çarpır: “Qəribə burasındadır ki, nə Azərbaycan, nə də Ermənistan nəinki Dağlıq Qarabağın Rusiyaya tabe olmasına, eləcə də orada Rusiya ”sülhməramlılarının" yerləşdirilməsinə belə razı deyillər. Rusiya adından kim Qarabağ, Ermənistan və Azərbaycana səfər edərək “Dağlıq Qarabağ Rusiyaya tabe olsa yaxşı olar” kimi oxşar bəyanatları səsləndirəcəksə, bu, birmənalı olaraq Rusiyanın ümumi maraqlarından irəli gələn bəyanatdır. Mənə elə gəlir ki, Rusiyanın Qarabağı “özününküləşdirmək” siyasətinə Azərbaycanla paralel olaraq Ermənistan heç cür razı ola bilməz. Rusiyanın belə istəyi o zaman reallaşar ki, o, Ermənistanı və Azərbaycanı itirməklə mümkün olacaq. Rusiya Qarabağı “İşğal” edəcəyi halda Ermənistan və Azərbaycanı itirəcək və yaxud həmin respublikaları da işğal etməli olacaqdır. Bu isə indi mümkünsüz görünür. Rusiya özünün bu bölgədə işğal siyasətini cilovlamağı bacarmalıdır".


Ekspert vurğuladı ki, Azərbaycan hər zaman Qərbin marağında olan bir ölkədir. Bizim ölkəmiz Gürcüstan kimi Qərb üçün demokratiyanın inkişaf etdiyi bölgə olmasa da buranın iqtisadi perspekitivi on illərlə Qərb üçün ölkəmizi maraqlı edir və Rusiyanın hansısa cəhdinə Qərb də seyrçi qalmaz.


Bir sıra ekspertlər isə hesab edir ki, Qarabağda Rusiyanın protektoratlığını təmin etmək və Xankəndini Kremlə tabe etdirmək ideyası yeni deyil. Lakin Gürcüstanla 2008-ci ildəki məlum 5 günlük müharibə nəticəsində Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini elan etmək, daha sonra beynəlxalq birlik tərəfindən tanınmayan subyektləri özünə birləşdirmək ssenarisini Qarabağda təkrarlamaq o qədər də uğurlu resept sayıla bilməz. Çünki hər bir münaqişənin özünəməxsus tarixi səbəbləri, inkişaf dinamikası və əhatə dairəsi mövcuddur. Gürcüstan nümunəsindən fərqli olaraq, Qarabağda müharibənin rəsmi tərəfləri Ermənistan və Azərbaycandır. Deməli, Abxaziya və Cənubi Osetiyanın Moskvadan kənar aid olduğu siyasi suveren subyekt mövcud deyil. İkincisi, Moskvanın qanlı müharibələr baş verən əraziləri özünə birləşdirməklə “həll yolu” tapması qətiyyən uğurlu yol sayıla bilməz. Çünki belə də həmin hərbi toqquşmaların və destruktivizmin avtomatik rus məkanına keçməsinə şərait yaranır. Çoxmillətli bir dövlət üçün bunun nə demək olduğunu hamı yaxşı başa düşür. Çeçen milli azadlıq vuruşmalarını böyük hərbi vasitələr və itkilər hesabına həll edən, şimal hissəsini bununla da dini terror və separatçı qüvvələrdən xilas edən bir ölkə yeni sarsıntı məkanlarına sahib dura bilməz.


E.SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR