İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Qarabağ məsələsini “təkbaşına” həll etmək planı

7928 16.06.2016 07:50 Qarabağ xəbərləri A A
Prezidentlərin Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan və Ermənistanın müdafiə nazirləri Moskvada, rusiyalı həmkarları ilə bir araya gəliblər. Yayılan məlumatlardan belə aydın olur ki, ordu rəhbərliyinin üçtərəfli görüşü olmayıb. 

Rəsmi məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 15-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Rusiya paytaxtına gedib. İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi də planlaşdırılır.
Diqqətçəkən məqam budur ki, müdafiə naziri Rusiyaya getməzdən əvvəl nazir müavinləri, nazirliyin baş idarə və idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə geniş tərkibdə xidməti müşavirə keçirilmişdi. Müşavirədə Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılması, döyüş və qarşılıqlı uzlaşmanı təmin edən müxtəlif səviyyəli, o cümlədən hərbi texnikanın və bütün qoşun növlərinin tətbiqi ilə operativ-taktiki təlimlərin keçirilməsinə hazırlıq və qarşıda duran digər tapşırıqlar müzakirə olunmuşdu. 

Düşmənin istənilən an təxribat törədə biləcəyi ordu rəhbərliyinin də diqqətindədir. Ancaq hazırkı situasiyada Rusiyanın tutduğu mövqe  maraq doğurur. Moskva həm bölgədəki proseslərin nəzarətdən çıxmasını istəmir, həm də tərəflərin hər ikisi ilə balanslı münasibətini qoruyub-saxlamaq xətrinə onların hər ikisini silahlandırmağa üstünlük verir. 

Rusiya müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Z.Həsənovla görüşü zamanı iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib (APA). Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu  bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib. O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.

Eyni gündə Şoyqu Ermənistan müdafiə naziri Seyran Ohanyanı qəbul edib. Görüşdə Rusiyanın Ermənistanla strateji əməkdaşlığını bundan sonra da davam etdirəcəyini bildirib: “Biz bundan sonra da Ermənistanla strateji əməkdaşlığı davam etdirəcəyik”. S.Şoyqunun sözlərinə görə, Moskva və İrəvan bütün istiqamətlərdə əməkdaşlığı davam etdirəcək. Bura təhsil sahəsində əməkdaşlıq da daxildir. “Hazırda çox sayda erməni hərbçi Rusiyanın hərbi məktəblərində təhsil alır. Bu il isə 200 zabit bu hərbi məktəblərdə təhsilə başlayacaq” - rusiyalı hərbi nazir deyib.

Rusiyanın bu davranışları fonunda isə Ermənistanda etirazlar səngimir. “Rusiya Ermənistanla 200 milyonluq silah satışı müqaviləsini tam şəkildə reallaşdırmaq niyyətində deyil”.


Ermənistanın “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyan belə deyib (virtualaz.org). Deputatın sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, regionda güc balansını bərpa etmək istəmir: “Rəsmi Moskva Azərbaycana milyard dollar məbləğində silah satmaqla bu balansı pozub”. Erməni deputat hesab edir ki, rəsmi Moskva Bakı ilə sıx əməkdaşlıq etdiyi, Azərbaycanın silahlı qüvvələrini gücləndirdiyi üçün Rusiya hərbçiləri Ermənistandan çıxarılmalıdır. Erməni deputat Rusiya Ermənistanın hava məkanını da öz nəzarətinə alandan sonra bunu deyirsə, deməli, artıq çox gecdir... 

*    *   *

Bu arada Sankt-Peterburq görüşü ilə bağlı isə ilginc məqam ortaya çıxıb. Məlum olub ki, Vyana görüşündən fərqli olaraq, Rusiyanın ev sahibliyi edəcək görüşdə ATƏT iştirak etməyəcək. ATƏT-in mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Radjakoviç də təsdiqləyib ki, qurum Sank-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünə hazırlıqda iştirak etmir. ATƏT rəsmisi bunun səbəblərini açıqlamayıb. N. Radjakoviç “ATƏT Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb edilməyib. Biz bu məsələni şərh edə bilmərik. Bildiyimiz kimi, bu görüş Rusiya tərəfinin təşəbbüsü ilə çağırılır. Bu barədə sualları Rusiya hakimiyyətinə vermək lazımdır” - deməklə kifayətlənib. ATƏT-in Minsk Qrupu həmsdərlərinin də Sankt-Peterburq görüşündə hansı formada iştirakı hələlik bəlli deyil.


Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda keçiriləcək Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşündən əvvəl Vladimir Putin Azərbaycan prezidenti  İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyanla ayrı-ayrılıqda görüşəcək. Daha sonra isə üçlükdə görüş keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bu məlumatı təsdiqləyib. 

Xatırladaq ki, bundan əvvəl Qarabağ münaqişəsinə dair danışıqların Rusiya raundunun iyunun 26-da baş tutacağı barədə erməni mənbələr məlumat yaymışdı. Yuri Uşakov isə deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində baş tutacaq. “Təbii ki, bizim tərəfimizdən münaqişənin nizamlanması üçün tərəflərə fəal təsir cəhdləri ediləcək”-Putinin köməkçisi bildirib. 

Almaniyanın sədrliyi dövründə ATƏT-in Qarabağ danışıqlarında mühüm rol oynayacağı barədə gözləntilər isə faktiki olaraq özünü doğrultmadı və Sank-Peterburq görüşü də bunu təsdiqləyir. Əslində Almaniya kansleri Angela Merkelin Azərbaycan prezidenti ilə görüşündə Qarabağın açarının Rusiyada olduğu barədə bəyanatından sonra ATƏT-in mövqeyinin zəiflədiyi barədə ehtimallar artmışdı. Bu, həm də belə yanaşmalara gətirib çıxarmışdı ki, Qarabağ məsələsinin həlli ilə bağlı Rusiya-Qərb rəqabətində balans birincinin xeyrinə dəyişib, ancaq Kremlin həll prosesində prinsipial mövqe tutacağı şübhələri də kifayət qədərdir. Virtualaz.org-un yazdığına görə, Putin ABŞ-ı Qarabağ nizamlamasından kənarlaşdırır. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair uzun müddətdən bəri dayanmış danışıqlar Qərbin iştirakı olmadan bərpa edilir. 


Elxan Şahinoğlu: “Kreml Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa məcbur etmək istəmir”


Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Rusiya ərazisində keçirilən əvvəlki görüşlərə də adətən digər iki həmsədrin təmsilçiləri dəvət olunmur: “Sadəcə, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra digər həmsədrlər görüşün təfərrüatları haqqında məlumatlandırılır. Əslində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü Parisdə nəzərdə tutulmuşdu. Ancaq daha sonra tərəflər Sankt-Peterburqa üstünlük verdilər. Bunun iki səbəbi var: Birinci səbəbi odur ki, Sankt-Peterburqda hər ilin iyun ayında beynəlxalq iqtisadi forum keçirilir və foruma Azərbaycan və Ermənistan prezidentləri də dəvətlidirlər. Ona görə prezidentlərin görüşünü məhz bu forum çərçivəsində təşkil etmək mümkündür. Kreml bununla Sankt-Peterburq forumuna diqqəti daha çox artırmaq istəyir. Yəni Sankt-Peterburq forumunda yalnız iqtisadi məsələlər deyil, dövlətlərarası münaqişələr də müzakirə oluna bilər. İkinci səbəb odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas vasitəçi onsuz da Rusiyadır. Yəni Kreml istəsə, münaqişə çox qısa zamanda həll oluna bilər, istəməsə isə tam əksinə, münaqişənin həlli illərlə uzana bilər”. 
E.Şahinoğlu bir məqama da diqqət çəkdi: “Təsadüfi deyil ki, Almaniyanın kansleri Angela Merkel də Azərbaycan prezidenti İlham Əliyevlə Berlində keçirdiyi birgə mətbuat konfransında münaqişənin həllində Rusiyanı ”açar dövlət" adlandırdı. Aprel ayında atəşkəs də məhz Rusiya prezidentinin vasitəçiliyi ilə əldə olunmuşdu. Bu faktor da beynəlxalq aləmə mesaj idi ki, Rusiya Cənubi Qafqazda güclü alətlərə malikdir. Danışıqlar mərhələsini də Kreml nəzarətdə saxlamaq istəyir. Buna baxmayaraq, Sankt-Peterburqdakı görüş və müzakirələrdən ciddi nəticə gözləmək problematikdir. Çünki Kreml Ermənistan hakimiyyətini Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa məcbur etmək istəmir. Bunsuz isə münaqişəni sülh yolu ilə həll etmək mümkün olmayacaq". 

Danışıqların Rusiya raundunda masa üzərində hansı sənədin olacağı da əsas suallardandır. İndiyədək barəsində danışılan “Kazan sənədi”nin, yaxud “Lavrov variantları”nın qəbulolunmazlığı barədə hər iki münaqişə tərəfindən fikirlər səslənsə də, Kreml son variantını ictimailəşdirməyib. Rusiya rəsmiləri Lavrovun çantasının heç zaman boş olmadığını desələr də, hələlik “Putinin çanta”sından bəhs edən olmayıb. 


E.Şahinoğlu isə nikbin deyil: “Apreldən bu yana danışıqlarda irəriləyiş əldə olunmayıb, Minsk Qrupu həmsədrlərinin isə yeni təklifləri yoxdur. Odur ki, belə şəraitdə Sankt-Peterburq görüşü münaqişənin həllinə təkan verməyəcək. Putin uzaqbaşı Azərbaycan və Ermənistan prezidentlərinə yenidən Kazan prinsiplərini təklif edə bilər. Bu prinsiplərin yerinə yetirilməsi ilk baxışdan Azərbaycanın xeyrinə olsa da, təkliflər içərisində Dağlıq Qarabağda keçiriləcək referendum tarixinin yer alması rəsmi Bakının bu plana razılaşmasını çətinləşdirir”.

Bəs Putin prezidentlərlə niyə ayrılıqda görüşməyə qərar verib? 

E.Şahinoğlu: “Bu, Rusiya prezidentinə ona görə lazımdır ki, hər iki prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini özü üçün dəqiq müəyyənləşdirsin, yəni konkret olaraq Bakı və İrəvan nə istəyir? Çünki üçtərəfli görüşdə tərəflərdən hər hansı biri həm təkliflərini, həm də gözləntilərini tam söyləməyə də bilər. Üçtərəfli görüş daha diplomatik mahiyyət daşıyır. İkitərəfli görüşdə isə həm Azərbaycan, həm də Ermənistan prezidentləri vasitəçiyə - Rusiya prezidentinə daha çox məlumat vermək imkanı qazanırlar. Bundan sonra Putin üçün üçtərəfli görüş formatında danışıqları davam etdirmək daha rahat olur”.

Hələlik rəsmi Bakı Sank-Peterburq görüşündən gözləntilərini və ATƏT-in danışıqlardan kənarda qalmasının səbəblərini açıqlamayıb. Görünən budur ki, Rusiya “kəssə hər kəs tökülən qan izini, qurtaran dahi odur yer üzünü” yanaşmasına üstünlük verərək apreldə əldə etdiyi atəşkəsin ardınca danışıqlarda da yeganə söz sahibi olmağa üstünlük verir. Ancaq bu, çox nikbin gözləntidir. Hər halda, 20 iyuna sayılı günlər qalıb.

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR