İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayan ermənilərdən Qarabağ ermənilərinə mesaj olacaqmı?

2794 08.11.2016 08:45 Qarabağ xəbərləri A A
Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymayaraq aqressiv siyasətini davam etdirir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin danışıqları bərpa məqsədilə regiona növbəti səfərinin ardınca cəbhədə təxribatları çoxaldan işğalçı daha uzağa gedərək Dağlıq Qarabağın adını dəyişib “Artsax Respublikası” qoyacağı barədə anonsla çıxış edib. Təbii ki, ilk baxışda bu, elə də ciddi məsələ deyil. Qarabağdakı separatçı rejim Ermənistanın diktəsi və Rusiyadan aldığı təlimatlara uyğun olaraq zaman-zaman bənzər təxribatlara əl atıb, “seçkilər” keçirib, təyinatlar edib, kütləvi şəkildə şəhər, rayon və kəndlərimizin adının dəyişdirilməsi barədə “qərarlar” verib. 

Xatırladaq ki, 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ özünü “müstəqil dövlət” elan edib. Buna cavab olaraq həmin il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Hazırda Dağlıq Qarabağ bölgəsi işğalçı rejimin nəzarətindədir. Ermənistan Dağlıq Qarabağdan əlavə 7 rayonu zəbt edib. Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmələrlə qurulmuş separatçı Dağlıq Qarabağ rejimi 1991-ci ildən indiyəcən seçki adı altında 19 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 2 “referendum” adı ilə . Bütün bunlar isə dünyanın Qarabağ separatçılarına münasibətini dəyişməyib, ən azı ortada BMT-nin 4 qətnaməsi var. 

Üstəlik, onsuz da Qarabağ ərazisinin qeyri-qanuni olaraq talanan məhsulları “Artsax” məhsulu kimi bazara çıxarılır. Olsa-olsa bu, Ermənistan rejimi və Qarabağ separatçılarının erməniləri aldatması üçün növbəti manevridir. Eyni zamanda işğalçı tərəf bir daha Qarabağdakı separatçı rejimin “varlığını” xatırlatmaqla onların danışıqlar prosesində “tərəf” kimi cəlb olunmasına nail olmağa cəhd göstərir. Ancaq şübhəsiz ki, bu, mümkün görünmür. Çünki Azərbaycan prezident səviyyəsində bəyan edib ki, razılaşma əldə olunarsa, Dağlıq Qarabağa muxtar respublika statusu verilə bilər, ancaq bundan o yana güzəştin edilməsi mümkün deyil. Ancaq cinayətkar rejim növbəti cəhdləri ilə Bakıdan əlavə güzəştləri qoparacağına ümid edərək həyasızlığını davam etdirir. 

Azərbaycanın sülhpərvər mövqe sərgiləməsini hətta erməni milliyyətindən olan şəxslər də etiraf edib, Sərkisyan rejiminin küçə uşağı əxlaqı sərgiləməsinə qarşı çıxmaqdadırlar. Əvvəlki illərdə Ermənistandakı durumdan xilas olmaq üçün ailəsi ilə birlikdə Azərbaycana qaçan Ermənistan Milli Azadlıq Hərəkatı təşkilatının rəhbəri Vaan Martirosyan və erməni ordusundakı acınacaqlı vəziyyətdən bezib əsgərlərimizə təslim olan Xocavənd doğumlu əsgər Andranik Qriqoryanın ifşaedici fikirləri ilə tanışıq. 

Bugünlərdə isə daha bir erməni Sərkisyan rejimini və Ermənistanın işğalçı siyasətini ifşa etmək üçün hərəkətə keçib. 

İsveçdə yaşayan siyasi mühacir, publisist Vahe Avetyan ikinci cəhdində Bakıya gəlib. Xocalı soyqırımı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu deyən Avetyan Azərbaycanı özünə düşmən saymadığını bildirib. Milli Məclisin ötən iclasında deputat Zahid Oruc çıxışında mülki ermənilərlə silahlı ermənilər arasında fərq qoymağımızı deyərək Avetyan kimi təşəbbüskarlara “yaşıl işıq” yandırmağımızı zəruri saymışdı. Budur, Avetyan Bakıdadır və onun gəlişinə fərqli münasibət var. Ancaq digər məqam da var ki, bu da Bakıda yaşayan 30-40 min arası ermənilərlə bağlıdır. 

Hesab olunur ki, Bakı erməniləri də Qarabağla bağlı ortaya prinsipial mövqe qoymalı, lazımdırsa, təşkilatlanmalı, rahat yaşadıqları ölkənin maraqlarını müdafiə etməlidirlər. Dağlıq Qarabağın Azərbaycanlı İcması dəfələrlə erməni icması ilə görüşə hazır olduğunu bildirsə də, bu, mümkün olmayıb. İşğal zonasındakı mülki ermənilər faktiki olaraq terrorçuların girovluğundadır. Elə aprel döyüşlərində erməni ordusu mülki sakinlərdən “meşin” kimi istifadə etdi, onların arxasında mövqe qurdu və kiməsə güllə dəyəndə də “qoymayın, Azərbaycan ordusu dinc sakinləri öldürür” təbliğatına başladı. 

Talış kəndi istiqamətində məhz bunun şahidi olduq. Ona görə də erməni əhali müharibədən ilk olaraq özünün zərər çəkəcəyini anlamalıdır və bunu erməni dilində onlara çatdıra biləcək təbəqə Bakıda rahat yaşayan erməni vətəndaşlarımızdır. Bakıdakı ermənilər həm də soydaşlarının beynəlxalq aləmdə səsinə çevrilə bilərlər. 

Image result for Şahin Cəfərli

Politoloq Şahin Cəfərli bizimlə söhbətində sağlam mövqeli ermənilərlə təmasları vacib saydı: “Avetyanın ötən dəfə Bakıya buraxılmaması vizası olmadığı üçün texniki baxımdan doğru qərar olsa da, siyasi baxımdan yanlış idi. Belə görünür ki, bu yanlışlıq düzəldilib, bunu müsbət addım saymaq olar. Biz nifrət hissindən uzaq, ifrat millətçi və şovinist mövqe tutmayan mötədil mövqeli ermənilərlə təmaslardan imtina etməməliyik. Əgər müharibədə iştirak etmiş savaş suçlusu Sərkisyanla ən yüksək səviyyədə dialoq aparılırsa, səmimi şəkildə sülh və barışıq arzulayan ermənilərlə təmaslardan niyə qaçmalıyıq? Əlbəttə, müharibə dəhşətləri, Qarabağ müharibəsi zamanı, eləcə də Ermənistandan azərbaycanlılar qovularkən törədilən cinayətlər, Xocalı ağrısı hələ yaddaşlarda təzədir. Bu baxımdan, ermənilərə etimad etməyən, onlarla dialoqu mənasız sayan insanları başa düşmək olar. Amma nə qədər şablon ifadə olsa da, qeyd etmək lazımdır ki, bütün müharibələr əvvəl-axır sülhlə bitir”. 

Ş.Cəfərli tarix boyu bənzər konfliktlərin olduğunu xatırlatdı: “Tarixdə öz miqyasına görə erməni-azərbaycanlı savaşından dəfələrlə böyük olan müharibələr, kütləvi qırğınlar baş verib, təkcə Avropanın tarixinə nəzər yetirmək kifayətdir. Bir vaxtlar bir-birinə qənim kəsilmiş avropalıların bütün bunları geridə qoyaraq bu gün rifah içərisində yaşamaları, Avropa Birliyi kimi önəmli bir inteqrasiya modeli ortaya qoymaları nəzərdən qaçırılmamalıdır. Biz iki xalqın dinc yanaşı yaşamasının mümkünlüyünü, ən azı öz tərəfimizdən buna hazır olduğumuzu dünyaya göstərməliyik. Dövlət nümayəndələri və Azərbaycanın xaricdəki diplomatları da tez-tez bu fikri vurğulayırlar ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərini öz vətəndaşları kimi qəbul etməyə, onların ölkə konstitusiyasında nəzərdə tutulmuş bütün hüquqlarını təmin etməyə hazırdır, qarşı tərəf isə azərbaycanlılara qarşı dözümsüzdür. Bu, düzgün mövqedir, çünki ”ermənilərin hamısı bizim düşmənimizdir" anlayışı zərərlidir və münaqişənin həllində Azərbaycanın əleyhinə işləyə bilər. Əksinə, biz ermənilərin içərisində loyal mövqeli mümkün qədər daha çox insan tapıb, onlarla dialoq, əməkdaşlıq qurmalıyıq. Həm dünyaya, həm də erməni xalqına anlatmaq lazımdır ki, Ermənistanın işğalçı siyasətindən ən çox elə erməni xalqının özü əziyyət çəkir, halbuki Azərbaycan və Türkiyə ilə barışıq Ermənistanın inkişafı üçün ciddi imkanlar vəd edir. Bu baxımdan, Avetyan və onun kimilərdən yararlanmaq olar və lazımdır".

“Azərbaycan multukultural cəmiyyətdir və ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri sərbəst şəkildə yaşayırlar. Münaqişənin acılarına baxmayaraq, bu gün Bakı şəhərinin mərkəzində erməni kilsəsi tam bərpa olunub, orada 5 mindən artıq erməni əlyazmaları saxlanılır. Həmçinin Bakıda 30 mindən artıq erməni mənşəli insanlar yaşamaqda davam edirlər. Münaqişənin həll edilməsi prosesində bu humanitar insan faktı da vacib amillərdən biridir. Ona görə Azərbaycan dəfələrlə bu təkliflə çıxış edib ki, münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında birbaşa təmaslar yaradılsın və dialoq inkişaf etdirilsin”.

Image result for Hikmət Hacıyev

Bu fikirləri isə XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a açıqlamasında söylədi. Diplomat qeyd etdi ki, vaxtilə belə uğurlu təşəbbüslər olub: “Prosesin nəticəsi də göstərdi ki, bu zəmində dialoqun davam etdirilməsi ümumi etimad mühitinin yaranmasına da müsbət təsir göstərə bilər. Hətta Azərbaycanın belə bir təklifi var idi ki, nəyə görə işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlı məcburi köçkünlər öz ata-baba yurdlarını ziyarət etməsinlər? Yaxud nəyə görə Ramazan bayramında, yaxud Qurban bayramında azərbaycanlılar Şuşa məscidini ziyarət etməsinlər? Amma təəssüf ki, bu kimi təşəbbüslərə mane olan tərəf var, bu da Ermənistandır”.

Ermənistan rejiminin və Qarabağdakı separatçıların mövqeyi bəllidir. Bəs Azərbaycan paytaxtında yaşayan erməni əhalinin təmsilçiləri Ermənistana ordusunu Qarabağdan çəkməklə bağlı çağırışlar edə, yaxud Qarabağdakı mülki əhaliyə Azərbaycan dövlətinin tərkibində rahat, sərbəst yaşamağın mümkünlüyünü deyib də özlərini misal göstərə bilməzmi? 

Rəsmi Bakı bu istiqamətdə hansısa təşəbbüslər göstərə, Bakı ermənilərinə tribuna verə bilərmi? H.Hacıyev: “Prinsipcə, bu kimi təşəbbüslər mümkündür. Əsl sülhə, işğal faktının aradan qaldırılmasına və iki dövlət arasında sivil münasibətlərin qurulmasına çağıran təşəbbüslər təbii ki, təqdir olunur. Amma Ermənistanda hakimiyyətdə olan rejim bu kimi təşəbbüslərə mane olmağa çalışır. Bakıda yaşayan ermənilərə gəldikdə, substantiv sülhə çağıran hər bir müraciətlər təbii ki, faydalıdır”.0

XİN rəsmisi qeyd etdi ki, Bakıda təhlükəsiz yaşayan erməni əhali özləri yaşadıqları ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mümkün olanı edə bilərlər: “Müharibə həmişə təhlükəlidir. Bakıda bu gün 30 mindən artıq erməni mənşəli insanın yaşaması onu göstərir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülh və əmin-amanlıq şəraitində erməni və azərbaycanlı icmalar yenə də birgə yaşaya bilərlər. Bu mənada iki xalqın bir-birinə uyğun olmaması barədə Ermənistanın indiki və əvvəlki rəhbərlərinin söylədiyi rasizm xarakterli fikirlər də cəfəngiyatdır”.

Qarabağ məsələsi ilə müzakirələr aparmaq üçün Azərbaycan paytaxtına gələn xarici ölkə rəsmiləri və ya həmsədrlərlə görüşlərdə Bakı ermənilərinin də təmsilçilərini təqdim edib onların şəxsən mövqe bildirməsi üçün şərait yaratmaq mümkündürmü? H.Hacıyev: “Hazırda bu barədə konkret fikir söyləyə bilmərəm”.

Sülh danışıqlarında bütün metodlardan yararlanmaqla yanaşı, Azərbaycan təbii ki, hər an başlaya biləcək böyük savaşa da hazırdır. Bu mənada cəbhə boyunca davam etdirilən hərbi təlimlər düşmənə növbəti “aprel şoku”nu yaşatmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Ermənilərin ATƏT təmsilçisi ilə görüşdə Azərbaycandan şikayətlənməsi bir daha təsdiqləyir ki, düşmən vəziyyətin təhlükəlilik dərəcəsini kifayət qədər anlayır. Amma oyuncaq rolunu oynayanlar hələ ki öz missiyalarını davam etdirirlər. Bunu Avetyan da son açıqlamalarında açıq şəkildə etiraf edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR