İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşında şəhid olmağı arzuladı, 26 yaşında arzusuna çatdı...

2237 16.05.2016 23:12 Qarabağ xəbərləri A A
Cəsədi 7 gün ermənilərdə qalan baş leytenant, kəşfiyyatçı Elnur İsgəndərovun qəhrəmanlıq hekayəsi... 

Şəhidin anası: “Oğlum 1989-cu ildə anadan olub. O anadan olarkən başlanan müharibə 2016-cı ildə oğlumu əlimdən aldı”...

“Elnur dəfn olunan gün 9 aylıq oğlu ilk dəfə dil açıb “ata” dedi”


Şəhidlik uca bir zirvə, şərəfli bir dünya köçüdür və hər kəsə nəsib olmur. Aprel döyüşləri zamanı bu zirvəyə yüksəlmiş şəxslərdə biri də baş leytenant, kəşfiyyatçı Elnur İsgəndərovdur. Qəhrəmancasına son nəfəsinə qədər döyüşmüş Elnur İsgəndərovun evində olub, qəhrəmanlıq hekayəsini onun ailəsinin dilindən dinləmək üçün şəhidimizin doğulub boya başa çatdığı ata ocağına- Şəki şəhərinə yola düşdük. 

Şəhidin evinə daxil olarkən həm qürur verici bir aura, həm də kədər vardı. Elnurun ata-anası onun ölümü ilə barışa bilməsələr də, qəhrəmancasına, bu cür şərəfli zirvənin hər adama nəsib olmaması ilə təsəlli tapırlar. 

Bu kədərli ailənin fikrini az da olsa, şəhidimizin  hər şeydən xəbərsiz 9 aylıq körpəsi Elmanın gülüşü dağıdırdı. 

Əlbəttə, Bu Elmanla bağlı atasının arzuları vardı. Gələcək xoş günlərinin, oğlunun ona bir gün ata deyəcəyi günün xəyalını qururdu. Ancaq Elnurun gələcək arzularının ən başında gələn Azərbaycanı bütöv görmək, düşmən tapdağı altında olan torpaqları azad etmək idi. Məhz hərbiçi olmağı da bu arzusunun reallaşması ümidi ilə seçmişdi. Bu yolda canından keçməyə hazır olan E.İsgəndərovun bir arzusu da bu yolda şəhidlik zirvəsinə ucalmaq idi və arzusuna çatdı...

Şəhid Elnur İsgəndərovun anası Gülnar İsgəndərova oğlunun ilk dəfə şəhid olmaq arzusunu 16 yaşında olarkən dilinə gətirdiyini dedi: “Hərbiçi olmağı özü istədi. Heydər Əliyev adına Ali Hərbi Məktəbi də əla qiymətlərlə bitirdi. Çox vətənpərvər uşaq idi. Axırıncı dəfə ermənilərin vertolyotunun vurulması xəbərinə elə sevinclə baxdı ki, mən onu heç belə görməmişdim. Çox vətənpərvər idi. Elnur 1989-cu ildə anadan olub. O anadan olarkən başlanan müharibə 2016-cı ildə oğlumu əlimdən aldı. Elnur 9-cu sinifdə oxuyanda Xocalı faciəsi ilə bağlı tədbir keçirmişdilər. Oğlum o tədbirdə çıxış etmişdi və ilk dəfə 16 yaşında şəhid olmaq arzusunu dilə gətirmişdi. O, 16 yaşında bunu arzuladı, 26 yaşında da arzusuna çatdı. Elnur peşəsinin vurğunu idi. Daim irəli getmək istəyirdi, məqsədyönlü insan idi. Baş leytenant rütbəsinə kimi yüksəldi. General olmaq arzusunda idi”.

Elnurun ölüm xəbəri aldığı faciəvi günü anası belə xatırlayır: “Mən Bakıda Elnurun yanına idim. Oğlum ailəsi ilə işinə görə orada yaşayırdı. O, N saylı hərbi hissədə baş leytenant, kəşfiyyatçı idi. Neçə vaxt idi ki, oğlumdan xəbər ala bilmirdim. Düzdür, televiziyadan görürdüm ki, qarışıqlıqdır. Amma ağlıma gəlməzdi ki, oğlum şəhid olacaq. Şəkiyə gəldik. Böyük oğlum dedi ki, gedim Bərdəyə, Elnurla birlikdə olan oğlan var, ondan xəbər alacam. Dedim ki, getmə heç nə deməyəcəklər, çünki onların qaydasıdır ki, hətta ən yaxınlarına belə işləri barədə məlumat verməsinlər. Oğlum səhərə yaxın gəldi Şəkiyə və dedi ki, Elnuru tapmışam amma yaralıdır. Sən demə oğlum dünyasını dəyişibmiş...”.
Gözü yaşlı şəhid anasının oğlu ilə bağlı bir arzusu ona milli qəhrəman adının verilməsidir. Bu, yalnız ananın deyil, bütün Şəki camaatının istəyidir. Bununla bağlı imza toplama kampaniyası da həyata keçirilib və aidiyyəti qurumlara göndərilib. Şəhid anasının bir istəyi də sülh yolu ilə torpaqların alınmasıdır: “Biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Anaların mənim kimi gözü yaşlı qalmasını, uşaqların yetim qalmasını istəmirəm. Oğluma milli qəhrəman adı verilsin və oğlu gələcəkdə atası ilə fəxr etsin”.

Şəhidimizin qardaşı Seymur İsgəndərov Elnurun cəsədinin 7 gün ermənilərdə qaldığını dedi: “Bir həftə idi ki, şəhərdə şəhidlərimizin olması barədə söhbətlər gəzirdi. Amma tam dəqiq məlumat yox idi. Dəqiq məlumatı aprelin 10-da Şəki şəhər Hərbi Çağırış Məntəqəsindən aldım. Qardaşım aprelin 3-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Elnur kəşfiyyatçı idi. Onların qrupu 9 nəfər ali hərbi rütbəli şəxslərdən ibarət olub. Bu qrupun hamısı şəhid olub. Qardaşımgil düşmənlə təmas xəttindən 45 kilometr içəridə olublar. Bu qrup düşmən üzərinə ən çox gedən xüsusi təyinatlı qruplardan biri olub. Onlar təmas xəttindən 45 kilometr içəridə mövqelərinin möhkəmlənməsi üçün 5-6 saat gözləyiblər. Bir sözlə, öz əməliyyatlarını sona qədər yerinə yetiriblər, geri qayıtmayıblar. Ermənilər hücum edib və onları öldürüblər. Qardaşım aldığı ağır qəlpə yarasından dünyasını dəyişib. Ermənilər onların cəsədlərini aparıb 7 gün saxlayıblar. Yalnız dəyişdirilmə zamanı Azərbaycana təhvil veriblər. Qardaşım Lələ təpənin alınmasında da iştirak edib”.

Şəhidin həyat yoldaşı Məlakə İsgəndərova onun yolunu hələ də gözlədiyini deyir: “Elnur sonuncu dəfə gedəndə mənə bəzi məişət xarakterli şeylərin yerini göstərdi. Nəyin harada olduğunu dedi. Mən də dedim ki, niyə vidalaşan kimi danışırsan. Sadəcə olaraq deyirdi ki, bil. Sağollaşıb getdi ki, 10 gündən sonra qayıdacam. Amma həmin günün axşamı gəldi və dedi ki, getməyim sabaha qaldı. Sanki Allah bizə bir gündə birlikdə vaxt keçirməyə möhlət verdi. Gəlib uşaqla oynadı. Uşaq həmin günü o qədər sevincək idi ki, onu heç vaxt belə görməmişdik. Atasını heç yemək yeməyə qoymurdu. Qışqırıb çağırırdı, oynamaq istəyirdi. Sanki o da hiss etmişdi ki, bu atası ilə keçirdiyi son günüdür. Səhəri, yəni martın 29-u getdi. 3 gün dalbadal telefonla danışdıq. Sonuncu dəfə aprelin 1-də telefon əlaqəsi yaratdıq. Hər şeyin yaxşı olduğunu dedi. Soruşdum ki, nə vaxt gələcəksən, dedi bilmirəm. O, heç vaxt işi barədə mənə məlumat vermirdi. Mən də bilirdim ki, müharibə olsa gedəcək. Biz il yarım idi ki, ailə həyatı qurmuşduq. O il yarımda həmişə məni sanki bu günə hazırlayırdı. Həmişə deyirdi ki, güclü ol, həyatdı hər şey ola bilər. Amma mən inanırdım ki, o qayıdacaq. Hələ də onu gözləyirəm”...

M.İsgəndərova göz yaşları içərisində oğlunun ilk dəfə Elnur dəfn edilən günü dil açıb “ata” sözü dediyini bildirdi: “Elnurun cəsədi gələn günü uşaq çox ağladı, heç cür sakitləşdirə bilmirdik. Sanki atasının ölümünü duymuşdu. Hələ çox balacadır, danışmırdı. Elnuru dəfn edən günü uşağın yanına gəldim və uşaq məni görən kimi “ata-ata” dedi. İndi də atasının böyük çərçivədəki şəklini görən kimi “ata” deyib çağırır. Onun uşağımızla bağlı planları, arzuları vardı. Deyirdi, uşaq böyüsəydi onu oxudardım. O uşağımızın hansı ali məktəbdə oxuyacağını belə Yalnız ixtisasını uşağın öz öhdəliyinə buraxmışdı ki, özü hansı ixtisası istəsə, onu da seçər. Oxumağa, savada önəm verirdi”.
 
Övladının gələcəkdə atası kimi hərbiçi olmaq istəsə ona şərait yaradacağını deyən Məlakə xanım bunu gələcəkdə övladının ixtiyarına buraxacağını dedi.



Günel MANAFLI
Musavat.com
Fotolar müəllifindir


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR