İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ uğrunda savaş üçün tarixi şans

2519 02.05.2018 18:54 Yazarlar A A

Ermənistanda baş verən hadisələr getdikcə daha çox Azərbaycanın 1993-cü ilinə bənzəyir. Düzdür, o zaman sonradan baş nazir kürsüsünə oturan qiyamçı polkovnik Surət Hüseynovun tabeçiliyində dövlətin nəzarətindən çıxmış hərbi birləşmələr, hərbi texnika, silah-sursat var idi. Bu gün baş nazir olmaq uğrunda mübarizə aparan erməni qiyamçı Nikol Paşinyanın isə nəinki hərbi qüvvələri yoxdur, heç özü nə vaxtda əsgər mundiri də geyinməyib, amma fakt budur ki, Ermənistanda həyatı iflic etməyi bacarıb.

Mayın 2-də üsyançıların Gümrü və Maralik şəhərlərinin meriyasını ələ keçirmələri isə işğalçı ölkədəki etirazların növbəti mərhələyə adladığına şübhə yeri qoymur. Bundan əvvəl də Gümridə fasiləsiz aksiyalar keçirilirdi, o Gümrüdə ki, Rusiyanın hərbi qüvvələri məhz burada cəmləşib. Hakimiyyət itaətsizliyi elan edənlərin bir gün Rusiya hərbi bazasına soxulmaq istəyi də baş qaldıra bilər. Reallıq budur ki, Ermənistan hakimiyyətini diz üstə qoymağı bacarmış Paşinyanı baş nazir kürsüsünə oturmağa Rusiya qoymadı. Bunu artıq ermənilər özləri də etiraf edirlər.

Ötən həftə Edvard Nalbəndyanın Moskvaya çağırılması, Serj Sərkisyanın öz partiyası ilə gizli görüşü, keçmiş baş nazir Karen Karapetyanın hərəkətə keçməsi öz sözünü dedi. Təbii ki, əsas söz Kremlin oldu. Paşinyan nə qədər də Rusiya ilə dostluq nəğməsi oxusa da, Rusiya keçən il parlamentdə Ermənistanın Avrasiya Birliyindən çıxmasını təklif edən “Çıxış” fraksiyasının liderini əfv etmədi.

Əslində Paşinyanın baş nazir seçilməsi, inqilabın uğurla başa çatması bizə yaxşı heç nə vəd etmirdi. Üstəlik, bu Nikolun da o biri “nikollar”dan fərqlənmədiyini hamımız gördük. Bu hələ hökumət başına gəlməmiş Azərbaycana diktə etməyə başladı, başından böyük danışıb “Qarabağ xalqı”nın müstəqilliyinin alternativinin olmadığını iddia etdi. Beləsini elə ermənilərin “beşikdə boğması” daha yaxşı variantdır. Amma Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanın maraqlarına cavab verən həllə imza atmayacaq, buna kimsənin şübhəsi olmamalıdır. Ermənilər bir baş nazir kürsüsü uğrunda bu qədər dirəşirlər, xoşla Qarabağı geri verərlərmi? Əlbəttə yox! Bu da var ki, Ermənistan daxilindəki proseslərdə rolunu oynayan “dirijor çubuqları” Qarabağ məsələsində daha ciddi təsir gücünə malikdir. Hətta ermənilər adam kimi yaşamaq, özgə torpağında itkilər verməmək naminə torpaqları boşaltmaq istəsələr belə, güc mərkəzləri onlara bu imkanı yaratmaz. Necə ki, 1999-cu ilin İstanbul sammiti ərəfəsində erməni parlamentini qana boyadılar, amma hansısa anlaşmaya imkan vermədilər. Necə ki, 1992-ci ildə Tehranın vasitəçiliyi ilə Qarabağ danışıqlarına zərbə vurmaqdan ötrü Şuşanı işğal etdilər. Necə ki, 1991-ci ildə ermənilərlə danışıqlar üçün Qarabağa uçan vertolyotu vurdular, dövlət adamlarımızı, vasitəçilər qarışıq məhv etdilər. Necə ki, ondan bir neçə ay qabaq prezident Ayaz Mütəllibovla danışıqlar aparmaq üçün Bakıya gələn Xankəndi ermənilərini geri dönəndən sonra avtomatın qarşısına verdilər. Necə ki...Saymaqla bitmir. Son iki əsrlik tariximizdə ermənilər və onların himayədarlarından o qədər belə xəyanətlər görmüşük ki... Odur ki, ermənilərin islah olunacağını kimsə zənn eləməsin. Ali təhsili olmadığı halda, ölkənin baş naziri olmağa iddialı olan Paşinyanın özünün də oyuncaq olduğu bir gün üzə çıxa bilər.

Hər halda Ermənistanı kifayət qədər silkələyəcək hadisələr baş verir və bütün bunlar bizə tarixi şans yaradır. Söhbət hansı şansdan gedir? Son vaxtlar bu barədə çox danışılır. Azərbaycan Qarabağla bağlı aparılan mənasız danışıqlara son verib, torpaqlarının azadlığı uğrunda qərarını verməlidir. Necə ki, Ukrayna prezidenti Donbasın azad olunması uğrunda savaşını aparır, necə ki, Türkiyə ətrafındakı terrorçuları təmizləyir, necə ki...Azərbaycan öz suveren hüquqlarından imtina edə bilməz!

Qarabağ separatçıları Xankəndidə bayram keçirməyə hazırlaşır. Şuşanın “azad edilməsini” qeyd edəcəklər! Həmin günü onlar üçün qara gətirməliyik. Elə Paşinyanın Azərbaycan dövlətinə qarşı həqarətini, üstəlik, Ermənistandakı hakimiyyətsizliyi əsas gətirib Bakı ərazilərinin azad olunması üçün ortaya iradə qoymalıdır, bununla bağlı beynəlxalq aləmə müraciət etməlidir. Bir tərəfdə hakimiyyətsiz Ermənistan, digər tərəfdə Azərbaycanın nəzarətindən kənarda qalan Qarabağ torpaqları. Azərbaycan təhlükəsizliyinin təhdid olunduğunu əsas gətirib addım ata bilər, buna onun haqqı çatır. Türkiyə Afrində ona görə əməliyyat keçirdi ki, Bəşər Əsəd Suriyaya nəzarəti itirib. Azərbaycan isə işğalçı ölkədəki hakimiyyətsizliyin onun özünə də təhlükə yaratdığını bəyan etməli, hərəkətə keçməli, ərazi bütövlüyünü təmin edib, sərhədlərini möhkəmləndirməlidir! Qazax rayonu ilə həmsərhəddəki Tavuş rayonunda da itaətsizlik elan olunub. Hər an növbəti təxribatlarla üzləşə bilərik.

Azərbaycanın iki vətəndaşı, Kəlbəcər girovları illərdir Şuşada saxlanılır! Öz vətəndaşı öz ərazisində girov saxlanılır! Azərbaycanın böyük bir parçasında terrorçular, separatçılar, insan oğruları, sərvətlərimizi talayanlar məskən salıb, bizi illərdir təhdid edirlər! Təkcə bu fakt Bakıya hərbi əməliyyatlara başlamaq üçün əsas verir! Antiterror əməliyyatlarına başlamaq üçün uğurlu vaxtdır. Bu işdə Paşinyan və tərəfdarları da bizə yardım edir. Budur, Ermənistanın xaricə iki yolu var, etirazçılar onları da kəsib. Qarabağ savaşında Ermənistanın nəfəsliyi adlandırılan Mehri yolu da qapadılıb. Hava limanı, dəmiryolu, metro...ermənilər hər yerdə tətil edir. Hərbi qüvvələrlə toqquşma da an məsələsidir, mayın 2-də ordu rəhbərliyi xalqa xəbərdarlıq edib ki, hərbi maşınların, texnikanın yolu kəsilməsin!

Budəfəki fürsəti əldən versək, illəri itirə bilərik. Özü ilə bağlı “xalqın sevimlisi” imicini formalaşdırmağa çalışan Paşinyanla Qarabağdan danışmağın mənasız olacağını hamımız bilirik. Odur ki, sözü Azərbaycan əsgərinin silahı deməlidir, ATƏT vasitəçiləri yox! Bəziləri deyir savaşa başlasaq, Avropa, Amerika, Rusiya üstümüzə yeriyəcək, bizə təzyiqlərə başlayacaq. Olsun! Cəhənnəmə başlasınlar! Guya onlar indi Azərbaycana təzyiq etmirlərmi? Hətta “otel odası”ndakı hansısa macəranı əsas gətirib basqıları davam etdirirlər.

Biz 25 ildir işğaldakı torpağımızı dinc yolla geri almaq üçün onların nağıllarına qulaq asırıq, bəlkə döşümüzə orden asıblar? Əksinə, AŞ PA-nın, Avropa Parlamentinin, ABŞ Konqresinin hər addımda anti-Azərbaycan davranışlarını görmüşük, görürük.

1993-cü ilin 30 aprelində BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul olunmuşdu, düz 25 il əvvəl. Kəlbəcərin işğalından sonra qəbul olunmuş sənəddə deyilirdi: “Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edirik”.

O qətnamənin “nəticəsi” nə oldu? Bəli, ardınca 6 rayonumuz işğal edildi. BMT TŞ daha 3 qətnamə qəbul etdi, Ermənistan bu sənədlərə yeni işğallarla “cavab” verdi. İndi Azərbaycan öz torpaqlarını azad etmək qərarını versə, BMT-nin qətnamələrini təkbaşına yerinə yetirmiş sayılacaq. Məntiqlə, o halda Azərbaycana təşəkkür düşür. Antiterror koalisiyasının işini təkbaşına gördüyü üçün.

Paşinyan addımlarına xalqın tələbi“ donunu geyindirməyə çalışır. Azərbaycanda da hakimiyyət dünyaya “xalqın səsini” çatdırmaq üçün addımlar ata bilər. Məsələn, Milli Məclisin Qarabağla bağlı xüsusi iclası çağırıla, həmçinin Bakıda izdihamlı Qarabağ mitinqinin keçirilməsi üçün imkan yarada bilər. Bəlkə sınayaq...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR