İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ Komitəsinin fəaliyyəti layiqincə qiymətini alacaq” - Tural Abbaslı

1403 14.12.2018 22:20 Siyasət A A

Xəbər verildiyi kimi, Qarabağ Komitəsinin (QK) 15 dekabrda keçirmək istədiyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib. Bununla bağlı komitə məhkəməyə müraciət edib. Dekabrın 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində müraciətə baxılıb və şikayət təmin edilməyib.

Komitənin son iki mitinq müraciətinə eyni cavabın verilməsi bir çox suallara yol açıb. Qurumun gələcək taleyi ilə bağlı müxtəlif fikirlər səslənir. Gələcəkdə də mitinq müraciətlərinə mənfi cavab veriləcəyi təqdirdə, QK-nın getdikcə siyasi səhnədən silinməmək üçün hansı addımları atacağı da maraqlıdır.

Komitənin dönəm sədri olan AĞ Partiya başqanı Tural Abbaslı gedən müzakirələrə “Yeni Müsavat”a açıqlama verib. O deyib: “Təəssüf ki, BŞİH növbəti dəfə Qarabağ Komitəsinin mitinq müraciətinə neqativ cavab verdi. Yenə də heç bir hüquqi əsas göstərmədən mitinqin keçirilməsinə maneə oldular. Komitə olaraq biz cavab alan günün səhəri qanunsuz qərardan məhkəməyə şikayət ünvanladıq. Dekabrın 14-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində şikayətimizə baxıldı. Məhkəmədə BŞİH-nin nümayəndəsi qərarı hüquqi bazımdan əsaslandıra bilməsə də, hakim şikayətimizin təminini "mümkünsüz" hesab etdi. Bizim Qarabağ Komitəsi olaraq hələlik razılaşdırılmamış aksiyalar etməklə bağlı konkret qərarımız yoxdur. Ancaq bu o demək deyil ki, biz sona qədər hakimiyyətin belə davranışına dözümlü yanaşacağıq. Komitənin son iclasında bəzi üzvlər sərt mövqelər sərgilədilər. Hətta komitənin mitinqlə bağlı bəyanatında açıq şəkildə vurğulandı ki, biz artıq razılaşdırılmamış aksiyaların da müzakirələrinə başlamaq fikrindəyik. Yəni, demək istəyirəm ki, Qarabağ Komitəsininin əbədi olaraq hakimiyyətin bu münasibətinə dözmək fikri yoxdur.

Biz Qarabağın azadlığı uğrunda lazımı addımları atmağa hazır və qadirik. Lakin mən bir nüansa da diqqət çəkmək istərdim. Belə ki, cəmiyyətdə Qarabağ Komitəsinin ancaq mitinq keçirmək üçün yaradılmış bir hərəkat olaraq tanınması düzgün deyil. Komitənin əsas məqsədi mitinq keçirmək yox, Qarabağ probleminin gündəmdə qalması, unudulmasına imkan verilməməsi, hakimiyyəti bu problemin həllində real addımlar atmağa məcbur etmək, beynəlxalq aləmin diqqətinə problemin aktuallığını çatdırmaq və bu məsələnin Azərbaycan xalqı üçün vaz keçilməz, güzəştsiz bir məsələ olduğunu diqqətə çatdırmaqdır. Hesab edirəm ki, istər 2013-cü ildən bu yana ən kütləvi mitinqin keçirilməsi, istər maraqlı və aktual mövzularda dəyirmi masalar, istər komitə üzvlərinin çıxış və müsahibələri Qarabağ mövzusunu kifayət qədər gündəmə gətirib və Azərbaycanın 1 nömrəli məsələsi edib. Elə bu sadaladıqlarım onu deməyə əsas verir ki, Qarabağ Komitəsi ilkin mərhələdə qarşısına qoyduğu məqsədlərə nail olub. Mən inanmıram ki, komitənin kütləvi aksiyalarına razılıq verməməklə komitənin fəaliyyətinə maneə ola biləcəklər və komitənin fəaliyyəti dayanacaq.

Tam əksinə, hakimiyyətin bu qanunsuz qadağaları insan kütlələrinin bizə marağının artmasına səbəb olur. Demək olar ki, Qarabağ Komitəsinin həftəlik iclaslarında hər dəfə yeni-yeni insanlar üzvlüyə müraciət edir, üzv olurlar. Artıq Qarabağ Komitəsinin Azərbaycanın regionlarında da dayaq dəstələri yaranıb və bu proses üzrə bizə müraciətlər olunur. Komitə siyasi məqsədlər üçün yaranmasa belə, demək olar ki, komitənin fəaliyyəti siyasi səhnədəki passivliyi də aradan qaldırıb. Artıq illərdir ki, “yatan” müxalifət düşərgəsində bir canlanma yaranıb və aktivlik hiss edilir. Əminəm ki, gələcəkdə Qarabağ Komitəsinin fəaliyyəti tarixdə layiqincə qiymətini alacaq. Azərbaycan hakimiyyəti də artıq komitə ilə mübarizəni kənara qoyub, Qarabağın azadlığı uğrunda üzərinə düşən işi görməyə başlamaq lazımdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR