İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdəki məktəbdə seks video qalmaqalı: laborant işə bərpa olundu

4963 16.01.2017 15:28 Qalmaqal A A

Ötən həftə ölkə mətbuatında ən çox müzakirə edilən məsələlərdən biri də Şəmkir kənd məktəbində baş vermiş seks video qalmaqalı oldu. 

Rüşvət ittihamı ilə üz-üzə qalan Aşağı Seyfəli kənd məktəbinin direktoru Akif Namazov həm musavat.com saytına, həm də digər mətbuat orqanlarına biabırçı açıqlamalar vermişdi. 

Onun sözlərinə görə, məktəbdə laborant işləyən Xatirə Əliyevanı “noutbuk”unda aşkarladığı pornovideolara görə işdən azad edib. Qalmaqal ilə bağlı ötən gün Aşağı Seyfəli kəndində yığınacaq keçirilib. Məktəb direktoru Akif Namazov təhqiredici ittihamlara görə laborantı Xatirə Əliyevadan və bütün kənd sakinlərindən üzr istəyib. Bu barədə direktorun yaxın qohumu, adıçəkilən kəndin sakini Zülfüqar Məhərrəmov məlumat verib. 

Onun sözlərinə görə, laborant Xatirə Əliyevanın yenidən işinə bərpa olunması əmri də verilib: “Məktəb direktoru onun işinə bərpa olunması əmrini verdi. Kənddə yığınacaq keçirildi. Burada çoxlu kənd sakinləri və müəllim kollektivi iştirak etdi. Akif Namazov Xatirə Əliyevadan üzr istədi, yalvardı. Adamın ona yazığı gəlirdi. Dedi ki, mən ona böhtan atmışam, məni Xatirə xanım və Seyfəli camaatı bağışlasın. Maraqlıdır ki, əgər onun işdən çıxması qanuni idisə, niyə yenidən bərpa etdi? Əgər qanuni deyildisə, niyə çıxartmışdı?”

Qeyd edək ki, məktəb direktoru Akif Namazov rüşvətlə bağlı səs yazısı yayıldıqdan sonra redaksiyamızla bir neçə dəfə əlaqə saxlayaraq, verdiyi açıqlamalara görə laborantı Xatirə Əliyevadan, məktəbdə işləyən gözətçisindən və adını qalmaqalda hallandırdığı polisdən üzr istədiyini bildirib. 

Direktorun sözlərinə görə, mətbuata o cür açıqlamalar verəndə anlaqsız vəziyyətdə olub: “Xatirə xanımın şərəf və ləyaqəti haqqında özümdən asılı olmayaraq bəzi sözlər dedim. Həm də mən bir az xəstə adamam, dərman içirəm, özləri bilir. Həm də tələm-tələsiklik oldu, heç bilməmişəm zəng hardan gəlib, necə olub, kimdir mənimlə danışan. Başımı qaldırdım ki, belə qalmaqal olub, yəni işin mahiyyətini bilməmişəm. Özümdə olmamışam”. 

Direktor işdən çıxarılmadığını, hələ də öz vəzifəsində çalışdığını vurğulayıb. 

Xatırladaq ki, məktəb direktoru və laborant arasında yaranmış biabırçı qalmaqal ilə bağlı Təhsil Nazirliyinin əməkdaşları təcili olaraq rayona ezam edilmişdi. 

Nazirlikdən musavat.com-a verilən açıqlamaya görə, hadisəni araşdırmaq üçün müəyyən işlər aparılır, tezliklə nəticə barəsində mətbuata açıqlama veriləcək. Direktorun işdən azad edilmə məsələsi də istisna olunmur. 

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR