İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimə III sinif şagirdini niyə təhqir etdi...

1750 09.12.2016 16:43 Qalmaqal A A

Tanınmış teleaparıcı Aytən Səfərova öz facebook hesabında 123 saylı orta məktəbdə Kəmalə adlı müəllimənin 3-cü sinifdə oxuyan Kənan adlı şagirdi təhqir etdiyini yazıb: “Kəmalə adlı müəllimə üçüncü sinif şagirdi olan Kənan adlı oğlana “səndən iyrənirəm” deyib. Özü də dəfələrlə... Kəmalə xanım, uşaqları məktəbdən iyrəndirən sənin kimi müəllim adına ləkə gətirənlərdir. Ayıb olsun. İmkansız, kasıb ailə uşağına köynəyinin rənginə görə iyrənirəm söyləyirsən”.

Bir müəllimin şagirdi təhqir etməsi nə dərəcədə düzgündür? Həmin müəllimlə bağlı hər hansısa ölçü götürüləcəkmi?

Suallarımıza cavab tapmaq üçün Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan yazılı şəkildə bildirdilər ki, müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib: “Xəzər rayonundakı 123 nömrəli tam orta məktəbin 3 C sinif şagirdi Rufullazadə Kənana sinif müəllimi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutmuşdur. Qeyd edək ki, bu zaman müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməmişdir”.

Kəmalə adlı müəllimə də mətbuata məsələ ilə bağlı öz fikrini bildirib və olanları təkzib edib: “Qətiyyən elə söz olmayıb. Dəfələrlə o uşağın nənəsinə demişəm ki, uşağın üstünü təmiz saxlayın. Məktəbə o cür çirkli paltarla uşaq gətirmək olarmı? Uşağa da, nənəsinə də demişəm ki, bu formada məktəbə gəlməzlər. Kənanın anası onunla ümumiyyətlə maraqlanmır, atasını dəfələrlə çağırmışam. Atası maşınla məktəbin qapısına da gəlib. Demişəm, atanı gördüm, maşınla qapıya gəlir, onu çağır, sinif rəhbəri kimi onunla söhbətim var. O uşaq bu il ərzində cəmi 1-2 dəfə məktəbə gəlib. Özündən başqa bacı-qardaşı da var. Onlar haqda dəqiq danışa bilmərəm, amma baxanda bilinir ki, natəmizdirlər. O uşaq dərs oxumur, gündəliyinə yazıram ki, hazır deyil. Kənan məktəbə də gəlmir. Müəllim güzəştə gedir, hörmət edir. Amma müəllimə qarşı belə etmək doğru deyil”.

Günel MANAFLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR