İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə bağışlayacağımız o kitab - Aysel Əlizadənin essesi

5654 27.04.2017 08:30 Proje A A

Son vaxtlar məni mətn yox, mətnin arxasındakı adam maraqlandırır.

Kimlik. Mətnin ağası. Əslində, “ağa” sözü fikrimdə tutduğum obrazı ifadə etmir. Çünki mənim obrazım ağa xislətindən uzaqdı. O, bəşəriyyət üçün nəsə etmək istəyən adamdı. İdeyasını insanların hakimiyyətinə vermək arzusu olandı.
“Müəllif öldü, mətn doğuldu!” konsepti yaşamadı.

Bəşəriyyət müəllifi olmayan mətnə inanmır. Kumir kultuna ehtiyacı var. Yoxsa, Tanrı niyə ölmədi?

Çünki Tanrı da kumirdi.

Mətn üzrə dünyanın ən nüfuzlu mükafatı Nobel belə yazıdan çox kimliyə verilir. Əks halda Soljenitsin dönəmin ən güclü mətn müəllifi olmadığı halda niyə Nobelə layiq görüldü?!

Bəşəriyyətin xilası xarakterdədi. Şopenhauerin dilindən desək iradədədi.

Mətn səhv edə bilir. Daha doğrusu, mətn yanlış nəticələrə yol aça bilir. Mətnin dünyada insanların kütləvi intiharına yol açdığını, savaşlara səbəb olduğunu, tiraniyaya haqq qazandırdığını da görmüşük.

Müəllifi nəzərə almadan mətnin arxasınca getmək təhlükəlidi.

Marks və onun mətni üzərində gəzişək.

Bu mübahisə yüz illərdi bəşəriyyəti rahat buraxmır.

“Kapital” imperializmə, kapitalizmə antitezis idi. Yeni iqtisadi sistem təklif edirdi. Dolayısı ilə fəhlə sinfi yalnız işçi olmaqdan çıxır, iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilirdi.

Marksizmə söykəndiyini iddia edən sosializm quruluşu insanları kül halında məhv edib özünü yaratdı.

Necə ki kilsə insanları yandırıb özünü yaşadırdı.

Nitşe və üstinsan ideyası – ali irq fanatizminə yol açdı. Bir irq üstünlüyünü sübut etmək üçün başqa irq üzərində qanlı qələbə qazanmağa çalışdı.

Tanrını monopoliyaya alan, onun haqda bütün həqiqətləri yalnız özlərinin bildiklərini deyən din öncülləri mərhəməti yox, silahı seçdilər.

İdeyalarını mətnə çevirəndə nə Nitşe faşizmi, nə Marks stalinizmi nəzərdə tutub.

Nə İsa peyğəmbər fəlsəfəsində inkvizisiya var, nə Məhəmməd peyğəmbərdə fətva, cihad.

Bütün bu zorakı təhriflərə qarşı “bu, əsli deyil” paradiqması ilə çıxış edən hərəkatlar formalaşdı, inkarçılar yetişdi. Onlar mətni yox, müəllifi önə çəkirdilər.

Məsələn, “Dünyada yalnız bir xristian var, o da İsa Məsihdi” – formasında.

Marks kapitalı və sosialist ideyalarını irəli sürənəcən dünyada, özəlliklə, Avropada dəhşətli hadisələr bir-birini əvəzləyirdi.
Bütün Avropanı lərzəyə gətirən Fransa inqilabı, İngiltərədə bitmək bilməyən üsyanlar, ölkələrin müstəmləkəçilik siyasəti, dövlətlərarası savaşlar və s.

 “İdeyalarını mətnə çevirəndə nə Nitşe faşizmi, nə Marks stalinizmi nəzərdə tutub. Nə İsa peyğəmbər fəlsəfəsində inkvizisiya var, nə Məhəmməd peyğəmbərdə fətva, cihad”

Zaman-zaman sosial bərabərlik, ədalətli bölgü tələbləri ilə meydanlara atılan üsyankarların çabaları, istismara etiraz edən fəhlələrin tələbləri, qədim yunan sofizmindən tutmuş fransız, alman fəlsəfəsində əks olunan ideyalaradək, Fransa “milli assambleyasının bəyannaməsi” və s. günlərin birində fundamental bir nəzəriyyə kimi kompaktlaşıb “Kapital” şəklində üzə çıxdı. Marks özünəcən olan dünyanı, siyasi prosesləri, fəlsəfi və tarixi gedişləri dərindən öyrənib qərar vermişdi: antikapital mərhələ başlamalıdı.

O dönəmdə kapital bütün bədbəxtliklərin səbəbkarı idi.

Marks dini, irqi, sosial bərabərliyi əhatə edən tezislər işlədi. Çıxış yolu göstərdi.

Çünki gümüş, qızıl, ədviyyat, təbii daşlar, pula çevrilən nə varsa, dünyanın dörd bir yanında gücsüz insanları kapitalın köləsi edirdi. Sonradan sıraya neft, qaz, daş kömür də qoşulacaqdı.

Amerika qitəsinin qədim sakinləri Avropalılar üçün insan deyildilər.

Onların ruhu, canı olduğunu heç kim düşünmürdü və kapitala olan ehtiras kolonçuları, feodalları, burjuaziyanı, ruhaniləri gözü dönmüş vəhşi məxluqlara çevirmişdi.

İnsan cildindən çıxanların başqalarına insan kimi yanaşması teoloji olaraq mümkün deyil.
Marks kasıb ailədən çıxmamışdı. Pulun nə olduğunu bilirdi. Həm də pulun insanlığın faciəsi olduğunu görürdü. Marks tiraniyadan qurtuluş axtarırdı.

Mövzu iki yüz ildi aktuallığını itirmir.

Əvvəldə dediyimiz kimi, ideologiya yanlış yerlərə yol aça bilir.

Sosialist olduğunu iddia edərək ölkəsində özündən başqa kimsənin güclənməsinə imkan verməyən, bunu sosial bərabərlik kimi təqdim edən tiranlar da yetişdirir. Zamanla bu tiranlar tək ağıl mərkəzi olduqlarına o qədər inanırlar ki, özlərində xalqı bütün dünyadan təcrid etmək haqqı görürlər.

Şimali Koreyanı örnək gətirək. Bu ölkədən qaçan adamlar “biz liderimizi Allah sayırdıq” deyirlər. Kim Çen İrin ölüm xəbərini eşidən mühacir qadın: “O, ölə bilməz , o, Allahdı!”deyir.

“Şimali Koreyadan örnək gətirək. Bu ölkədən qaçan adamlar “biz liderimizi Allah sayırdıq” deyirlər. Kim Çen İrin ölüm xəbərini eşidən mühacir qadın: “O, ölə bilməz , o, Allahdı!”deyir”

“İlk dəfə idi fikrimi soruşanda heyrət etdim” – danışır Şimali Koreyalı qız. Elə bilirmiş ki, insanın öz fikri ola bilməz.
Şimali Koreyaya giriş-çıxış ciddi nəzarətdədi, dünyayla əlaqə yoxdu. Bu ona görədi ki, insanlar demokratiya, azadlıq, fərdi düşüncə haqda öyrənə bilməsinlər. İnternet bağlıdı, yalnız bir televiziya yayını var. Stalinizm əsasında qurulan bu ölkənin liderləri ata-oğul Kim Çenlər sosialist olduqlarını iddia ediblər. Xüsusi qeydə ehtiyac var. İkinci dünya savaşından sonra Koreya iki hissəyə bölünüb. Şimal Sovetlərin, Cənub ABŞ -ın nəzarətində qalıb. Bu gün Güney Koreya siyasi inkişafına, iqtisadi gücünə və demokratik dəyərlərinə görə dünyanın öncül ölkələrindən sayılır. Sənayesi, istehsalatı ilə böyük ölkələrlə rəqabətə girəcək gücdədi. Dünya insanı “made in Korea” brendləri ilə tanışdı. Düşünməyə dəyər: dünya sənayesinə heç bir qatqısı olmayan, istehsalatı heç bir ciddi ölkə ilə rəqabət apara bilməyən dövlətlərin liderləri inkişaf etmiş ölkələrlə nə üzlə burunlaşırlar? Nə deyib ötkəm və özündənrazı görkəm alırlar? Cəhalət təkcə bilgisizlik deyil, həm də faydasız iş əmsalıdı. Necə olur, avtomobil, texnika, mobitel, tekstil, zinət, mebel, geyim, elm, ədəbiyyat və s. istehsalında uduzduğun ölkəyə ədəbazlıq sərgiləyirsən? Bütün kriterilərlə səndən üstün olan tərəflə böyük-böyük iddialarla danışırsan? Qarşı tərəf nə qədər mədəni və səbrli olmalıdı bunları üzünə vurmamaq üçün?

Ölkəmizə gələk. Dünyaya açığıq, internetimiz var, xarici yayımları izləyirik, baş verənlərdən xəbərdarıq. Ölkəmizlə bağlı tənqidlər oxumaq şansımız var. Beynəlxalq yarışlar keçiririk, xaricilər gəlir, başqa mədəniyyətləri görürük. Azadlıq, demokratiya haqda informasiya axını ilə üz-üzəyik. Görürük və biz də onu tələb edirik.

O zaman problem nədədi? Nədi bizi səliqəli, qanunun şah olduğu ölkə olmağa qoymayan? Nədi bu həbslər, demokratiyaya uyuşmayan hadisələr, ziyalının, yazıçının durumu? Nədi məmur özbaşınalığı, məhkəmələrin ədalətsizliyi? Nədi adam dirildən yox, öldürən səhiyyə? Nədi mənəvi böhranın səbəbi, intiharlar, özünü yandıran qazilər?..

Burda da fikrimi tam ifadə etmək üçün müqayisələr aparacam.

Son illər Latın Amerikası ədəbiyyatı dünya insanı kimi mənim də diqqətimi çəkir.

Avropalı kolonçuların işğalından ABŞ imperializminə kimi bir talan, basqı və inkişafı önləyən siyasi nəzarət üzündən kontinentdə yaşanan faciələr, böhranlar yalnız ABŞ və Avropa işğalçı əlini bölgədən çəkəndən, yerinə kömək əlini uzatmaq qərarı verəndən sonra yavaş-yavaş səngiyir. Ötən əsrəcən Latın Amerikası yazarları ciddi nəsə yaza biləcəklərinə inanmırdılar. Mario Varqas Lyosa müsahibəsində bunu açıq etiraf edir: “Biz dünya ədəbiyyatını oxuyardıq. Bir-birimizi tanımazdıq. Ciddi nəsə yaza biləcəyimizə inanmazdıq. Markesi ilk dəfə fransızca oxumuşam”.

 “Düşünməyə dəyər: dünya sənayesinə heç bir qatqısı olmayan, istehsalatı heç bir ciddi ölkə ilə rəqabət apara bilməyən dövlətlərin liderləri inkişaf etmiş ölkələrlə nə üzlə burunlaşırlar? Nə deyib ötkəm və özündənrazı görkəm alırlar? Cəhalət təkcə bilgisizlik deyil, həm də faydasız iş əmsalıdı”

Nəzərə alsaq ki, Latın Amerikasına ayrı-ayrı ölkələr kimi yox, bütöv regional kult kimi baxılır, ortaq mədəniyyəti, dili, ümumi problemi olan ölkələrin yazarlarının ilk dəfə bir-birini yabancı dildə tanıması sarsıdıcıdı.

Lyosa 2010-cu ildə Nobel mükafatına layiq görülür. O çağacan proses artıq başlamışdı. Latın Amerikası ədəbiyyatı Avropanın diqqət mərkəzindəydi. Avropa olmazın zülmlər görmüş bu regionun yaralarını sarmağa çalışırdı. 1945-ci il çilili Qabriela Mistral regionun ilk nobelçisi olur: “Bütün Latın Amerikası üçün idealizmin rəmzinə çevrilən həqiqi hisslərlə dolu poeziyasına görə”.

“Bütün Latın Amerikası!” - bu xüsusi vurğu idi və gələcək proseslərdən xəbər verirdi.

Migel Anhel Asturias - əsərlərində Latın Amerikası hindularının mədəniyyətini ifadə etdiyinə görə, Pablo Neruda – qitənin taleyini əks etdirən şeirlərinə görə, Qabriel Markes - qitənin mübarizə və acılarını fantaziya və reallığın dili ilə çatdırdığına görə, Latın Amerikasının subregionu Sent Lusiyadan olan Derek Uolkott - Karib eposuna görə və nəhayət, Marios Varqas Lyosa -hakimiyyət strukturunun detallı açıqlamasına, insan mübarizəsini, məğlubiyyətini açıq-aydın təsvir edə bildiyinə görə

- Nobel mükafatına layiq görülür.

İkinci dünya savaşından sonra kontinentin, belə demək mümkünsə, sandıq ədəbiyyatı açılır və içindən Latın Amerikasının bütün acıları çıxır.

Latın Amerikası yazarları ümumən solçudular.

Maraqlıdı ki, dünyanın qanlı diktatorlarından sayılan Müəmmar Qəddafi sosialist idi. Yazdığı “Yaşıl kitab”da xalq hakimiyyətindən danışır, kapitalist ölkələrindəki “yalançı” demokratiyanı ifşa etməyə çalışırdı. Mahiyyət anlaşılandı. Yenə kontinent problemi. Onun da yaşadığı bölgə zamanında işğala məruz qalıb və o da imperializmlə döyüşən ruhun yetirməsiydi.

Baxmayaraq ki, demokratik ölkələrin “uzunmüddətli hakimiyyət ziyanlıdı” çağırışını qəbul edə bilmirdi. Onların müttəfiqlik çağırışı etdiklərini sanmırdı. Yalnız sosializmin “Böyük qardaş” adlı ölkəsi ilə yaxınlıq edirdi. Onları ideoloji birləşdirirdi. Latın Amerikası lideri Venesuelanın əfsanəvi rəhbəri Uqo Çavesin sosialistliyi də bu quruluşdan əziyyət çəkən ölkələrin dərdinə köklənməyə imkan vermirdi. Bu yerdə Gürcüstanın tərkibindən çıxan Abxaziyanı Rusiyadan sonra tanıyan ölkənin Venesuela olmasını da vurğulamağa gərək var. Səbəb bəllidi.
Ancaq onların heç biri “Marksın ölkəsi”ni qura bilmədi.

İdeyalardan yüzlərlə yeni cərəyan doğulsa da tarix göstərdi ki, xalq hakimiyyəti zorla tətbiq edilən sistem kimi fayda verə bilmir.

Dünyada sosial bərabərlik öz axını ilə yetişir. Sosializmlə demokratiya bir yerdə kəsişir. Demokratiya klassik anlamda xalq hakimiyyəti olsa da modern anlamda yeni forma alır. Xalq hakimiyyəti Qəddafinin yazdığı kimi deyil, özünə lider, deputat və s. seçməklə qısıtlanmır. Xalq hakimiyyəti müasir anlamda həm də öz həyatına hakim olmaq, özünü tapa bilmək üçün cəmiyyətdə hər cür şəraitin yaranmasıdı. Hər yerdə öz haqqını müdafiə etmək şansıdı, fikir irəli sürmək, tənqid və təqdir etmək azadlığıdı. Səddamların ölkələrində olmayanlardı.

Texnoloji inkişaf dünyada elektron demokratiyanı başlatdı. Elektron demokratiya geniş anlayışdı. Sənin dünya insanı kimi evində oturaraq proseslərdən xəbər tutmaq, sosial şəbəkələrdə fikir bildirmək, hətta orda üsyan etmək, seçmək, təhsil almaq, dünyanın istənilən qurumuna məktub yollamaq, istənilən ölkəsində kimləsə yazışmaq, istənilən dövlət orqanına müraciət, şikayət ünvanlamaq, elektron kitabxanadan istifadə etmək, vikipediyadan kompakt məlumat almaq, google-da axtarış verib araşdırma aparmaq kimi hüdudsuz seçimin və azadlığın var. Sən artıq hər hansısa məlumat üçün tozlu kitabxanalarda eşələnməli olmayacaqsan. Bütün bilgilər evinə gələcək. Sənin üçün rahatlıq yaranır. Buna layiqsən, çünki insansan. Yeni çağın qaydası budu.

 “Demokratiya həm də öz həyatına hakim olmaq, özünü tapa bilmək üçün cəmiyyətdə hər cür şəraitin yaranmasıdı. Hər yerdə öz haqqını müdafiə etmək şansıdı, fikir irəli sürmək, tənqid və təqdir etmək azadlığıdı. Səddamların ölkələrində olmayanlardı”

Ən demokratik ölkələrdə belə təhlükəsizlik üçün internetə nəzarət var. Yalnız bu fərdi səhifələrin təqibi, statusa görə cəza anlamında deyil. Yoxsa, ABŞ prezidentinin müxtəlif komiksləri, yumoristik skeçləri necə yayıla bilərdi?

Yumor demişkən, ötən ilin mayında Almaniya televiziyalarından birində aparıcı, şair, yumorist Yan Bemerman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı senzurasız şeir səsləndirib. Buna görə Türkiyə hökuməti dərhal Almaniyaya nota göndərərək teleaparıcının cinayətə cəlb olunmasını tələb edib. Öncə Merkel həyəcanlanıb cinayət işinin başlanmasına icazə verir. Sonra cəmiyyətin təpkisi və araşdırmalar bu cür ədəbsiz yumorun Almaniyada yasaq olmadığını sübuta yetirib. Belə komikləşdirmə ənənəsi onlarda yayğındı. Cinayət işi dayandırılır. Mənə görə, təkcə siyasətçini yox, istənilən ictimai fiquru ədəbsiz sözlərlə komiksləşdirmək doğru deyil. Bütün ana yasalarla və mənəvi kodekslərlə bu, şəxsiyyətin təhqir olunması kimi qiymətləndirilə bilər. Amma əminəm ki, siyasətçinin böyüklüyü dərhal cəza və həbs tədbirinə əl atmaqda deyil. Diskusda, dialoqdadı və elə komik cavablandıra bilmək bacarığındadı.

Əks halda siyasətçi diktatora çevrilir. Onu diktatora çevirən həm də uzunmüddətli hakimiyyəti, postu hesabına yığdığı pulla güclənməsidi.

Bayaq adını çəkdiyimiz Venesuela lideri Uqo Çavesin pulla bağlı maraqlı ifadəsi var. O deyirdi: varlı olmaq ayıbdı, iyrəncdi.

Kapitalizm işğalında olan bölgələrin siyasiləri, aydınları sosializmi dəstəklədikləri kimi sosializm əsarətinin qurbanı olan, onun faciələrini canında hiss edən ölkələrin aydın və siyasiləri də sosializmə qarşıdı, demokratiya dəyərlərini təmsil edən kapitalist ölkələrinə meyillidi. Beləliklə, ideya bir-birinə düşmən olan iki qütb formalaşdırır.

Türk dünyası aydını İsmayıl bəy Qaspralı “Firəngistan məktubları”nda Avropaya heyranlığını açıq şəkildə yazır. Hələ onda Sovetlər qurulmamışdı, hələ ADR ideyası yox idi. Azərbaycan tərəfi bir ovuc aydının çabası ilə cəhalətdən, çarizmdən qurtulmağın yollarını arayırdı.

Sonradan o adamlar Qərbi yaxşı tanıyacaq, sevəcəkdi, xalq üçün nələrsə etməyə çalışacaqdı. Azərbaycanı ayrıca bir ölkə olaraq görmək onda çox uzaq, əlçatmaz xəyal idi. Xəyal olsa da düşüncələrdə vardı. Buna görə mənim üçün Agaoğlunun “Sərbəst insanlar ölkəsində” əsəri uzaq arzular və böyük ideallar utopiyası kimi əvəzsizdi. Bütövlükdə, regionun problemlərini, aydınlarının düşüncə masştabını və bəşəri arzularını ifadə edən üçlüyümüz var: Mirzə Fətəli Axundov: “Kəmallüdövlə məktubları”, Məmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”, Əhməd bəy Ağaoğlu: “Sərbəst insanlar ölkəsində”.

Image result for Rəsulzadə


Əminəm ki, bu ölkənin ən pis halında belə onlar bu günki Azərbaycana sevinərdilər.

Amma...

70 illik sovetlər dönəmində Azərbaycanın inkişaf etdiyini iddia edənlər cümhuriyyət tarixini yaxşı duymayıblar. “Əsrimizin Siyavuşu” - təkcə bu kitab yetmiş ildə nələr itirdiyimizi anlamağa yetir. Sovetlər dağıldı.

Biz hər şeyə əvvəldən başlamalı olduq.

Yetmiş illik cümhuriyyət bu xalqı daha uğurlu yerlərə apara bilərdi.

Diqqəti başqa məqama çəkək.

Kiminsə fikridi, məzmunca bütün insanlar solçudu. Çoxluq ədalət istəyir. Dəstəklənəsi fikirdi. Ancaq kiminsə qazancını əlindən alıb, başqalarına vermək də yanlışdı. Hər kəsin qazanmaq, varlanmaq haqqı var. Yalnız! Qazanmaq. Oğurlamaq yox! Bütün yasalarda oğurluq cinayət sayılır. Şəriətdə də, demokratiyada da, sosializmdə də, istəsən lap diktaturada da.
Oğurluq ona görə cinayətdi ki, sən haqqın olmayana, özün qazanmadığına əl qoyursan. Uqo Çaves nefti milliləşdirmişdi. Xalqın dediyinə görə oğurluq etmirdi.

Amma onu ideya birliyi Səddam Hüseyn, Qəddafi kimi amansız liderlərlə dostluğa itələyirdi. İdeologiya təhlükəli trenddi. Millətçiliyi faşizmə qədər aparan qanlı modabazlıqdı.

18136223_1488296067856647_638739122_n.jpg (10 KB)


Barak Obamayla görüşündə Uqo Çaves uruqvaylı yazıçı, solçu Eduard Qaleanonun “Latın Amerikasının açılmış venaları” kitabını hədiyyə edir. Kitabda kontinentn bütün həyatı yazılıb.

18197251_10209273610734412_2025625791_n.jpg (62 KB)

Qaleanonu oxuyub, Latın Amerikasında yaşananları ağrıyla hiss etdiyim kimi, inanıram ki, o da ərəb, səlcuq, monqol, teymuri, osmanlı, rus işğallarına məruz qalan bu coğrafiyada sosializm qurulanda çəkdiyimiz acıları, zaman-zaman demokratik, müstəqil ölkə qurmaq çabalarımızı alt-üst edən tərəfin işğalçı, düşmən münasibətini oxusa, eyni ağrını hiss edərdi. Bu kontekstdə “Əsrimizin Siyavuşu” da Rusiya başçısına hədiyyə ediləcək kitabdı.

Kontinentin problemləri o zaman həllini tapmağa başlayır ki, işğalçı siyasət yerini qonşuluq, müttəfiqlik, dostluq siyasətinə verir. Səndən əl çəkir.

O zaman daxili və dünyəvi tələblə addım atmalı olursan. Qanun hamı üçün qanuna çevrilir, hüquq hamının haqqını tanıyır, azadlıq bərabər ölçüdə paylanır və hüquqi dövlət formalaşaraq bütün vətəndaşların qayğılarını üzərinə götürüb hamı üçün yaşanmalı ölkə qurur.

Bu ölkədə yüz ildə iki dəfə demokratiya qurmaq çabaları əngəllənib.

Demokratik dəyərlər Qərblə yaxınlaşma anlamına gəlir. İdeya dediyimiz əsas məsələyə gəlib çıxdıq.

Ölkələri müttəfiq edən həm də ortaq dəyərlərdi.

Avropa Birliyindəki ölkələr bir-birinə insan haqları mövzusunda söz veriblər. Hər kəs digərinin sərhədlərini tanıyır, daxili işinə qarışmır və bir-birinə dəstək çıxır. Bir şərtlə! Ortaq dəyərlər pozulmayacaq.

Biz Avropa Birliyinə qoşula bilməsək də, onların parçasına çevrilə bilərdik.

Amması yenə var.

Rusiyanın əlindəki girovumuz – Qarabağ.

Şimalda, Cənubda milli azlıqların əli ilə müstəqil olmaq təhdidləri də zaman-zaman bizi rahat buraxmır. Osetiya, Abxaziya kimi bir gün talışlar və tatlar müstəqil olmaq istəsələr, Azərbaycanın parçalanma təhlükəsi yoxmu? Belə təhlükə ilə və belə təhlükəli qonşu ilə ömür sürməyə məhkum ölkəyik.

Image result for Qarabağ


Necə ki Ukrayna xalqı Avropanı seçdiyi üçün ölkə Krım, Donbasda ələ keçirilən yerlər qurban verməli oldu. Necə ki Gürcüstan Abxaziya və Osetiyanı itirdi. Biz də Qarabağı biryolluq itirə bilərik. Vəziyyət həm də fədakar millətçilərdən, böyük güclərin israrlı dəstəyindən asılıdı. Biz Qarabağı güzəştə gedə bilmirik. Abxaziyada abxazlar, Osetiyada osetinlər yaşayır. Onların içində Rusiyanı seçənlər var. Qarabağda isə çoxluq azərbaycanlılardı. Onlar müstəqil olmaq istəmirlər. Qarabağa yalnız Azərbaycanın bir parçası kimi qayıdacaqlar.

Amma bu da detaldı.

 

“Uqo Çaves nefti milliləşdirmişdi. Xalqın dediyinə görə, oğurluq etmirdi. Amma onu ideya birliyi Səddam Hüseyn, Qəddafi kimi amansız liderlərlə dostluğa itələyirdi. İdeologiya təhlükəli trenddi. Millətçiliyi faşizmə qədər aparan qanlı modabazlıqdı. Barak Obamayla görüşündə Uqo Çaves uruqvaylı yazıçı, solçu Eduard Qaleanonun “Latın Amerikasının açılmış venaları” kitabını hədiyyə edir. Kitabda kontinentn bütün həyatı yazılıb”

Digər fakt var – Türkiyə.

Türkiyə Rusiyayla heç vaxt böyük mənada nə düşmən, nə dost olub. Aralarında region davası var. Hər ikisi Qərbə qarşıdı. Bu onları birləşdirir. Din ortaqlığı olmasa da ideya ortaqlığı var. Biri şəriət dövləti qurmaq, xilafət istəyir, digəri imperialistdi. Hər ikisinin düşməni demokratiyadı. Səmt bəllidi.

Bu müstəvidə Qərblə ayaqlaşmaq istəyən Azərbaycanı Türkiyənin dəstəkləməsi ağlabatan görünmür. Hər şey bir yana, dinin dövlətdən ayrı olması qanun və dəyər sayılan ölkələrlə eyni sırada getmək istəyimiz Türkiyə hakimiyyətinin xoşuna gələ bilməz.

Bizim kimi imperiya əsarəti görmüş xalqların siyasi məsuliyyəti böyükdü.

Image result for Türkiyə Azərbaycan

Biz rahatca məntəqəyə gedib istəyimizə uyğun hansısa namizədi seçə bilmirik. Qorxuruq.

ABŞ xalqı istədiyi adamı seçib, ona şans verə bilir. Dörd il çəkəcək. Doğrultmasa, dəyişəcək. Bizim müstəqil qərar verən senatımız, konqresimiz, məhkəməmiz yoxdu. Bir mərkəz var. O mərkəz çox güclüdü.

Biz çox ciddi dəstəyə ehtiyacı olan ölkəyik. Qətnamələr qəbul edilib, Qarabağ müstəqil respublika kimi tanınmayıb. Amma yetərli deyil. Xocalı soyqırımı yeddiliklər tərəfindən tanınmır. Biz onların şərtlərinə və ideolojisinə uyğun gəlmirik. Bizim nefti milliləşdirən Uqo Çavesimiz yoxdu. Dünyanın ən kasıb prezidenti uruqvaylı Xose Muxikamız da. Amma bizim də bir reallığımız var. Bu liderlər işğalçı siyasət Latın Amerikasından çəkiləndən sonra üzə çıxa biliblər. ABŞ istəməsə, heç bir prezident “mən millətdən oğrulamıram, demokratiya qururam, xalqımı xoşbəxt görmək istəyirəm” deyə bilməzdi. Oğurlamayanı kənara çəkib, oğurlaya biləni qoyacaqdılar. Necə ki, uzun illər belə olub. Necə ki Cənubi Koreya demokratiya quranacan az qala qırx il hərbi diktatura ilə idarə edilib.

resul.jpg (20 KB)


“Əsrimizin Siyavuşu”ndan sitat: “Köhnə əsrdə xalqın fövqündə təsəvvür olunan despot, firon qəhrəmanların taxtında yeni əsrdə xalqın ümumi idrakının daşıyıcısı fikir sahibi insanlar oturmağa başladı. Daha sadəsi - hakimiyyət imperatorlardan, sultanlardan, şahlardan xalqa, bilgi kahinlərdən, sehrbazlardan və ilahilərdən alimlərə, elm sahibləri və yazarlara keçdi”.

Bir ölkədə alimlərin, yazıçıların söz sahibi olması üçün hakimiyyətin sultanlardan xalqa keçməsi şərtdi.

Latın Amerikası ədəbiyyatı o zaman dirçəlirdi ki, hakimiyyət xalqa keçirdi. Xarici sultanlar bölgədən əl çəkirdi. Yerli sultanlar kənarlaşırdı. Sultan təfəkkürü yoxa çıxırdı. Dünənəcən koloniya, müstəmləkə imici ilə geridə qalmış barbarlar diyarı kimi tanınan bir coğrafiya ədəbiyyat, intellekt nəhəngləri dünyasına döndü. Markes də, Borxes də, Qaleano da, Lyosa da, Kortasar da, Asturias da ömürlərini mübarizəyə həsr etmiş aydınlardı. Bu ömür təkcə ölkənin yox, bölgənin yox, bütünlükdə insanların qurtuluşuna hesablanıb. Migel Asturias Nobel nitqində deyib:

“…Latın Amerikası romantizmi təkcə ədəbi məktəb yox, həm də vətənpərvərlik bayrağı idi. Şairlər, tarixçilər və yazıçılar gecə-gündüzlərini siyasi fəaliyyətlə yaradıcılıq axtarışları arasında keçirirdilər… Bizim kitablarımız yazı aləmində özümüzə yer etmək üçün sensasiya yaratmaq naminə yazılmayıb. Biz insan varlığına qanımızla, coğrafiyamızla və çox varlı qitəmizdə yoxsulluqdan əziyyət çəkən milyonlarca latın amerikalının həyatı ilə bağlıyıq. Biz - Latın Amerikası yazarları xalqlarımızla iç-içəyik. Əgər sadəcə əyləncə üçün romanlar yazırsızsa, onları yandırın. Ölkələrimizin əzən və kor edən gerçəklikləri bizi diz üstə çöküb “niyə məni qovursan?” qışqırmağa məcbur edir. Bizim yazıçılar dünyanı torpaqlarında qanı axıdılan xalqı görməyə məcbur edir”.

Yazıçısının, aliminin yaradıcılığında hakimiyyətə gələn xalq bir gün mütləq öz vətəninin də hakiminə çevrilir. Və həmin xalqın öndərləri aydınları - yazıçı və alimləri olur.

 “Kapitalizm işğalında olan bölgələrin siyasiləri, aydınları sosializmi dəstəklədikləri kimi sosializm əsarətinin qurbanı olan, onun faciələrini canında hiss edən ölkələrin aydın və siyasiləri də sosializmə qarşıdı, demokratiya dəyərlərini təmsil edən kapitalist ölkələrinə meyillidi. Beləliklə, ideya bir-birinə düşmən olan iki qütb formalaşdırır”

Bir məsələ də var. Xalqın hakimiyyətə gəlməsi üçün hakimiyyətin də xalqa gəlməsi şərtdi. Başqa sözlə, hakimiyyətin demokratiya ənənəsi yoxdusa, özü yaratmalıdısa, ondan birbaşa demokratiklik gözləmək olmur. Uzun prosesdi. Böyük itkilər, səhvlər, təcrübə üzərindən keçib formalaşır. Xalqın hakimiyyətə gəlməsi üçün hüquq, azadlıq anlayışı, qanuna münasibət, seçmək şansı, önəmlisi, özünü idarə edə bilmək bacarığı yetişməlidi.

Bu gün Azərbaycanda dəhşətli mənəvi böhran yaşanır.

Bir gündə yalnız bir rayonda iki, üç, beş intihar hadisəsi zarafat deyil. Ölkənin ən tanınmış psixoterapevtinin intiharı olduqca ciddi hadisədi. Bu, ölkə üçün ciddi itkidi. Onun yaşaya bilməmə səbəbini çox dərindən anlayıram. Ölkədə hər şey sanki heç nəyə bağlıdı. Hər şeyin mənası heç nədi. Biz niyə mövcud olduğumuzu bilmirik. Bir ölkə kimi amalımız nədi? İdeyasızlıq, ideologiyasızlıq böhranındayıq. Əgər ideyaya qapılma fanatikləşirirsə, ideyasızlıq da məhvə aparır. Ayrı-ayrı institutların, vətəndaş cəmiyyətinin uçulması, siyasi partiyaların praktik olaraq yoxa çıxması mənəvi böhrana səbəb olur. Çünki ayrı-ayrı qruplar özlüyündə hansısa ideya ətrafında birləşirlər. Onları ortaq amallar, çalışmalar ayaqda saxlayır, stimullaşdırır. Bütün bunlar olmayanda məqsədsizlik cəmiyyəti uçuruma aparır.

Üstəlik, içdəki başqa sorunlar da bitməzdi. Hər yerdə balaca bir zəli feodal oturub insanların qanını sorur. Ölkə sanki heç kimindi. Kim harda bacarırsa, dağıdır, talayır. Çünki heç kimin bu ölkəni qüdrətli etmək missiyası yoxdu.
Sosial sorunlar xirtdəkdədi.

Adamlar kasıbdı, işsizdi, çarəsizdi. Bir ovuc yaxşı yaşayan təbəqəyə baxıb bütün ölkə haqda qərarlar verilir. Mən siyasi baxışları olan, amma siyasi iddiası olmayan biriyəm. 2015-ci il seçkilərinə qatıldım. Ölkəm üçün nələrsə etmək istəyirdim. Özümdə bunun üçün güc hiss edirdim. Ən azı Azərbaycan mədəniyyətinə qatdım ola bilərdi. Ev- ev, qapı-qapı gəzdim. İnsanlarla üz-üzə danışmaq istəyirdim. Hansı qapını döydümsə, üzümə bir faciə, bir dram, bir bədbəxtlik açıldı. Bina gördüm ki, zirzəmisi illərdi su içində, sakinləri vərəm xəstəsi. Bütün ailə öskürürdü. Qoxudan evə girmək olmurdu. İki diplomlu işsiz gənclər gördüm - saysızca. “Biz bu diplomu niyə almışıq” - soruşurdular. Baxımsız əlillər gördüm, sosial yardım ala bilməyən.

Və zaman-zaman bütün səmimiyyətimlə diqqət çəkmək istədiyim bir sürü başqa qüsur və sorunlar var - hamımız görürük…

Bunların psixoloji basqısı hiss olunmadan ruha işləyir. İnsanı həyat orbitindən çıxarır. Boşluğa atır. İntihara sürükləyir.

Mən həmişə əzab çəkən, çoxlu çətinlik yaşayan insanlara baxıb fikirləşmişəm: necə dözür? Dözüləsi deyil axı. Zaman keçib və günlərin birində o adamların beyninə qan sızıb; xərçəng olublar, intihar ediblər.

Dözülməyəcək dərdlər, yüklər var. An gəlir sarsıntıdan böyründə ölümün ruhu doğulur. Sənlə kölgən kimi yaşamağa davam edir. Bir yerdə səni öz qaranlığında boğur.

Əziz Nesin deyirdi ki, mən heç bir hökuməti sevmirəm, özümüzünkünü də. Mən uşaqları sevirəm. Uşaqları sevdiyi üçün də hökumət onu sevmirdi.

“Bütövlükdə, regionun problemlərini, aydınlarının düşüncə masştabını və bəşəri arzularını ifadə edən üçlüyümüz var: Mirzə Fətəli Axundov: “Kəmallüdövlə məktubları”, Məmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”, Əhməd bəy Ağaoğlu: “Sərbəst insanlar ölkəsində”. Əminəm ki, bu ölkənin ən pis halında belə onlar bu günki Azərbaycana sevinərdilər”

Çünki uşaqları sevmək ədaləti sevməkdi, humanizmi sevməkdi, uşaqları sevmək savaşa nifrətdi, böyük ürəkləri sevməkdi. Gələcəyi düşünməkdi. Gözəl cəmiyyət qurmaq arzusudu. Nə yazıq ki, Əziz Nesin haqlıydı. Hökumətlər uşaqları sevmirlər.

Çarəsizlik anı hər kəsdə olur. Yaşamaq alınmayanda çıxış yolunu intiharda görənlər var. Bəlkə bu da insanın təbii haqqıdı. Divar varsa, qarşıya çıxmaq mümkün deyilsə, nə edəcəksən? Mənim qəhrəmanım da bu divarla üz-üzə qalmışdı, özünü divara çırpıb-çırpıb sağalmışdı. Canı ağrısa da, içi yüngülləşmişdi. Bu onun intihardan qaçışı idi.

Bir gün Almaniyada yaşayan filosof dostum Ağalar Quta salamsız-kəlamsız mail yazdım: “Ağalar bəy, intihar haqda nə düşünürsüz?”.

O dəqiqə intiharı biabır edən cavab göndərdi. “İntiharı aşağılamaq, gözdən salmaq lazımdı. Onda heç bir sirr yoxdu. Səbəb var. Ölüm isə sirlidi. Onun sirrini əsrlərdi tapmağa çalışırlar. Bizi intihardan başqalarının bizə sevgisi yox, bizim başqalarına sevgimiz saxlamalıdı. Qoy bu, intihar haqda hikmətim olsun ” – yazdı.

İntihar insanları mübarizədən yayındırır. İntihar faydasız üsyandı.

Bizi intihardan insanlığa sevgimiz xilas etməlidi. Çünki nə olur olsun bu hekayə kiminsə beynində, ruhunda travma qoyacaq.
Dünya savaşı bitər bitməz Nobel alan Latın Amerikalı qadın yazarın əzmi mənə güc verir. Onun da ətrafında intiharlar olurdu.

 “Bu gün Azərbaycanda dəhşətli mənəvi böhran yaşanır.Bir gündə yalnız bir rayonda iki, üç, beş intihar hadisəsi zarafat deyil. Ölkənin ən tanınmış psixoterapevtinin intiharı olduqca ciddi hadisədi. Bu, ölkə üçün ciddi itkidi. Onun yaşaya bilməmə səbəbini çox dərindən anlayıram. Ölkədə hər şey sanki heç nəyə bağlıdı”

Əvvəlcə sevgilisi, illər sonra yaxın dostları böyük yazar Stefan Şvayq və xanımı, daha sonra övladı kimi sevdiyi bacısı oğlu. Bu, dünyanın ən çətin dönəmlərində, zamanın ağırlığına psixoloji olaraq dözməyən adamların özlərini ifadəsi idi. Qabriela Mistral dözdü. Bu dözüm nəyin bahasınadı, onu yalnız özü bilirdi. O, regiona ilk Nobel mükafatını gətirən yazı adamı oldu. Həm də qadın şair.

Bütün bunları düşündükcə, yazdıqca içimdə bir inam yaranır: hər səhəri intihar xəbərləri ilə açılan, okeanlara çıxışı olmayan Xəzər adlı dənizi ilə materikin ortasında qucaqlaşıb ömür sürdürən məmləkətimin bir gün bütün həqiqətləri dünyaya yol tapacaq.

“Bütün bunları düşündükcə, yazdıqca içimdə bir inam yaranır: hər səhəri intihar xəbərləri ilə açılan, okeanlara çıxışı olmayan Xəzər adlı dənizi ilə materikin ortasında qucaqlaşıb ömür sürdürən məmləkətimin bir gün bütün həqiqətləri dünyaya yol tapacaq”

Qabriela bu şeiri yazanda dünyanı, məmləkətini və özünü nələr gözlədiyini hələ bilmirdi...

Yox kimidi
yox məmləkətim.
Tanınmayan yurdum, yerim,
yorğun mələyim.
Görünməyən işığım,
Kol-kos basmış
ölü sulu üzgün vətənim.
Yüz illik əzabla
kilidli evim.
Yasəməni bitməyənim,
Boş səmalı quru gölsən.
Kimsə bilməz -
tanınmayan bu diyarda
mən də ölsəm…

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR