İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqilliyimizin 25 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR

1196 07.10.2016 18:02 Proje A A
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azəri-Türk” Qadınlar Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan dövlət müstəqilliyinin 25 illik həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması” mövzusunda konfrans keçirib.

Musavat.com-un məlumatına görə, konfransda “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail İbrahimli, VHP sədri Sabir Rüstəmxanlı və digər şəxslər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.

Daha sonra çıxış  edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, konfransın keçirilməsində məqsəd 25 illiyinin qeyd olunacağı Azərbaycan dövlətinin müstəqilliyi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır: “Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili tamam olacaq. Bu dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycan dövləti sosial-iqtisadi sahələrdə də inkişaf edib, müasirləşib, beynəlxalq tədbirlərin ünvanı olub”.

T.Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın müstəqilliyinin 25 illiyi ilə bağlı “Azəri-Türk” Qadınlar Birliyi tərəfindən oktyabr ayında iki böyük tədbir keçiriləcək: “Onlardan biri İstanbulda da  keçiriləcək elmi  konfransdır. Lakin biz istədik ki, ilk olaraq Azərbaycanda, Azərbaycanın müstəqilliyinə imzasını atmış aydınlarımızla, ziyalılarımızla bu məsələni bir daha gündəmə gətirək. 25 il müddətində müstəqilliyimiz bizə nə verdi, nələri qazanıb, nələri itirdiklərimizi müzakirə edək. Bu zalda da həmin ziyalılarımızdan əyləşənlər var ki, onlara da irəliləyən dəqiqələrdə söz verəcəyik. Layihəmizin əsas amalı ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini Türkiyədə və bir çox xarici ölkələrdə təbliğ edək. Bugünkü tədbirimiz sadəcə olaraq başlanğıcdır”.  

Daha sonra çıxış üçün söz deputat Fəzail İbrahimliyə verilib. O, bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixi hər bir Azərbaycan tarixi üçün qürur mənbəyidir: “Azərbaycanın müstəqillik tarixi hər bir azərbaycanlının qəlbində yaşamalıdır və yaşayır. Heç kəsdə belə fikir yaranmamalıdır ki, Azərbaycan xalqı qəfil ayılıb, müstəqillik əldə etdi. 70 il sovet imperiyasının əsarətində yaşamağımıza baxmayaraq, milli ruhu qoruyub saxlamaq asan məsələ deyil. Bunu hər millət bacara bilməz”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycanda müəyyən daxili problemləri qabardıb, müstəqilliyimizi təhlükə altına atmamalıyıq: “Azərbaycan xalqı şəhid verərək müstəqilliyini bərpa edib. 1919-cu ildə Üzeyir Hacıbəyov müstəqilliyin 1 ili münasibəti ilə “Azərbaycan” qəzetində yazı yazaraq bildirib ki, bizim vəzifəmiz o qara günləri yaddan çıxarmamaqdır. Borcumuz, Tanrının bizə verdiyi bu müstəqilliyi şərəflə yaşatmaq, onun üçün hər an hazır olmalıyıq. Bu fikir bugünkü günümüzlə də çox yaxşı uyğunlaşır. Ona görə də o qara günləri yaddan çıxartmaq lazım deyil”.

Tədbirdə çıxış edən Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov da müstəqillik tarixinin əhəmiyyətindən danışıb. O, bildirib ki, inqilab gec-tez öz övladlarını yeyir. 

VHP sədri S.Rüstəmxanlı isə müstəqillik uğrunda aparılan mübarizədən danışaraq qeyd edib ki, Azərbaycan xalqı bu müstəqilliyi heç də asan qazanmayıb.

Çıxış edən deputat Qüdrət Həsənquliyev 1991-ci ildə Ali Sovetdə keçirilən səsvermədə SSRİ-nin saxlanması ilə bağlı Azərbaycanda referendum keçirilməsinin əleyhinə səs verən 43 istiqlalçı deputatın “İstiqlal” ordeni ilə təltif olunmasını təklif edib. 

Q.Həsənquliyev bildirib ki, həmin adamlar qəhrəmanlardır: “Mən “Demblok” üzvlərini çıxmaq şərti ilə Azərbaycanın Müstəqillik Aktına imza atan 50 nəfəri o qədər qəhrəman saymıram. Əsl qəhrəmanlar SSRİ-nin Azərbaycanda saxlanılmasına qarşı səs verən 43 nəfərdir. Bu adamlar doğrudan da qəhrəmandırlar. Mən dəfələrlə bildirmişəm ki, həmin insanlara “İstiqlal” ordeni verilməlidir. Bu adamlar Azərbaycanda sağlam ruhda böyüyən insanlara da yaxşı örnəkdirlər. Onlar əsl vətənpərvərdirlər. Firudin bəy doğru vurğuladı ki, inqilablar öz övladlarını yeyirlər. Çünki inqilabla hakimiyyətə gələnlər adətən demokratiya adı ilə hakimiyyətə gəlirlər. Ancaq demokratiya deyil, diktatura formalaşdırırlar. Biz bunu bir sıra inqilablarda da görmüşük. Bilirsiniz ki, Azərbaycanda Xalq Hərəkatı Dağlıq Qarabağa görə başlayıb. Azərbaycanda Qarabağ hərəkatı yeni başlayanda Kamran Bağırov birinci katib idi. Ancaq o, Heydər Əliyev kimi güclü siyasi lider deyildi. Lakin Kamran Bağırovun gücü ona çatdı ki, o, tələbələrə, zavod və müəssisələrdə çalışanlara küçələrə çıxıb, Xalq Hərəkatına başlamaq üçün yaşıl işıq yandırmışdı. Bütün bunları ona görə qeyd edirəm ki, bəzi insanlar Azərbaycan Xalq Hərəkatından çıxan bir illik hakimiyyətin niyə qısa ömür sürməsinin səbəbini bilməlidir”.

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan dövləti artıq güclüdür və daha torpaq itirməməlidir. Gənclik itirilmiş torpaqlarımızı da bərpa edib, bütöv Azərbaycanı qaytarmalıdır.

Sonda çıxış üçün söz deputat Fazil Mustafaya verilib. O da müstəqilliyimiz barəsində tarixi faktlara toxunaraq, öz fikrini bildirib.

Tədbirdə iştirak edən Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu çıxış etmək üçün söz istəyib. Daha sonra o, iclasa AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin dəvət olunmamasına irad tutub: “Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar. Ancaq çox təəssüf ki, bu gün onlar burada yoxdurlar. Az öncə Qüdrət Həsənquliyev burada fikir səsləndirdi ki, guya o, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub. Ancaq mən Qüdrət Həsənquliyevi tələbə vaxtından tanıyıram. O, heç zaman Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb”.

Tədbiri təşkil edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yasəmən Qaraqoyunlunun çıxışına cavab verərək bildirib ki, əksinə, Əli Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb: “Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib, bu cür tədbirlər təşkil etsinlər, fikir bildirsinlər. O ki, qaldı Qüdrət Həsənquliyevin çıxışına, o demədi ki, mən Xalq Hərəkatının lideri olmuşam. Siz çıxışı düzgün təhlil edin”.

Daha sonra T.Rüstəmxanlı vurğulayıb ki, Əbülfəz Elçibəy Milli Azadlıq Hərəkatının liderlərindən biri və Azərbaycanın sabiq prezidenti olub: “Heç kəs bunu dana bilməz. Sizin adını çəkdiyiniz Əli Kərimli isə ABŞ və digər xarici dövlətlərin tapşırıqlarını yerinə yetirir. Xaricdən pullar alır. Ancaq siz o adamı “qəhrəman” sayırsız. Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Azərbaycanın taleyi həll olunsa, həmin şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

T.Rüstəmxanlı söyləyib ki, ötən sərin 90-cı illərində Azərbaycanda xaos və silahlı üsyanlar baş qaldıranda ölkə parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi: “Ancaq Heydər Əliyev bunun qarşısını aldı, imkan vermədi ki, Azərbaycan müstəqilliyini itirsin. İndi bütün bunlara görə Heydər Əliyevin haqqını necə tapdalamaq olar? Bu dövlətin müstəqilliyini qoruyub, saxlayan məhz Heydər Əliyev olub”.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR