İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder soydaşlarımız: onları Azərbaycana necə cəlb etməli...

3754 06.06.2016 22:32 Proje A A
Bir neçə gün öncə Bakıda baş tutan Dünya Azərbaycanlılarının IV Qurultayı zamanı prezident İlham Əliyevin çıxışında bir neçə maraqlı məqam diqqət çəkdi. İlham Əliyevin əsas maraq doğuran fikirləri ölkədən kənarda yaşayan azərbaycanlı biznesmenlər və milyarderlərlə bağlı oldu.

Xaricdə yaşayan soydaşlarımızı müraciət edən prezident onları Azərbaycana sərmayə qoymağa çağırdı. Son illərdə Azərbaycana 200 milyard dollar sərmayə yatırıldığınıvə bu sərmayənin yarısının xaricdən cəlb olunduğunudeyən prezident bunun Azərbaycanda biznes mühitinin sağlam olmasının, şəffaflığın, bürokratik əngəllərin aradan qaldırılmasının  göstəricisi olduğunu qeyd etdi.

Neftin qiymətinin ucuzlaşması səbəbindən ölkədə iqtisadi vəziyyətin əvvəlki illərlə müqayisədə çətin olduğunu nəzərə alsaq, prezidentin bu təklifinin Azərbaycan üçün nə qədər önəmli olduğunu düşünmək çətin deyil. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycana maraq göstərməsinin iqtisadi dirçəlişin başlanğıcı kimi də qəbul etmək olar. Artıq hökumət rəsmiləri də qeyri-neft sektorunun inkişafı ilə bağlı təkliflər səsləndirir, neftdən asılılıq dövrünün geridə qaldığını qəbul edirlər. 

Bəs prezidentin bu təklifinin qarşılığında xaricdə yaşayan zəngin azərbaycanlıların  diqqətini Azərbaycana yönəltmək mümkün olacaqmı? Dünyanın bir çox ölkələrində nəhəng holdinqlər quran soydaşlarımızın Azərbaycana gəlməsi üçün burada onları qane edəcək iqtisadi, hüquqi mühit varmı?

Politoloq Natiq Miri mövzu ilə bağlı musavat.com-a danışarkən bildirdi ki, ölkə başçısının təklifi təqdirə layiq və bəyəniləndir. Lakin bunun reallaşması asan deyil: “Təbii ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycana sərmayə qoyması həm azərbaycanlılar, həm də Azərbaycan dövləti üçün çox yaxşı olardı. Ancaq bunun üçün əvvəlcə ilkin şərtlər olmalıdır. Bu şərtlər mülkiyyətin qorunmasından tutmuş, bütün hüquqi məsələlərə qədər həm azərbaycanlı, həm də xarici investitorlar üçün cəlbedici olmalıdır. Lakinindi bu cəlbedilicilik yoxdur. Ona görə də həm qanunvericilik yönündən, həm də rahat iqtisadi mühitin yaranması üçün islahatlar aparılmalıdır. Bunlar olmasa, Azərbaycan nəinki soydaşlarımız, heç xarici investitorlar üçün də maraqlı olmayacaq. Cəlbedici olmaq üçün liberal iqtisadi sistem bərqərar olmalıdır. Mülkiyyət hüququ birmənalı olaraq qorunmalıdır. Bu təminatı, qarantıalmayan iş adamı heç vaxt Azərbaycana ciddi investisiya qoymayacaq”.

Politoloq deyir ki, xaricdə yaşayan soydaşlarımızın belə çətin vaxtda ölkəyə sərmayə qoymasında vətənpərvərlik amili heç bir rol oynamayacaq. Bunun da öz səbəbləri var: “Biznesdə bir fəlsəfə var; mənfəət fəlsəfəsi. Əgər bir biznesmenhansısa bir sahəyə investisiya qoyursa, bu ona mütləq şəkildə gəlir gətirməlidir. Həmin gəlirlər də təbii ki, qarantlı və davamlı olmalıdır. Mənfəət olmasa, biznes sahəsində vətənpərvərlik heç bir rol oynamır. Buna görə də özümüzü aldatmamalıyıq. İqtisadi mühit yaradılmasa, heç bir biznesmeni Azərbaycana cəlb etmək mümkün deyil”.

Hazırda xaricdə yaşayan və bir çox ölkələrdə biznes imkanlarını kifayət qədər genişləndirən xeyli soydaşlarımız var. Onların sırasına Telman İsmayılovu, Mübariz Mənsimovu, Vahid Ələkbərovu, Araz Ağalarovu, Zülfüqarlı qardaşlarını və bir çoxlarını əlavə etmək olar.
Əslən Göyçaydan olan Telman İsmayılov Dubayda, Rusiyada, Türkiyədə tikdirdiyi və dəyəri milyon dollarla ölçülən otellərə, xarici ölkələrdə biznes layihələrinə qoyduğu sərmayələrlə həmişə gündəmə gəlib. Son illərdə sərvətinin böyük bir hissəsini itirməsi barədə məlumatlar yayılan iş adamının hazırda Rusiyada yaşadığı bilinir. İkili vətəndaşlığı olan T.İsmayılov Türkiyə vətəndaşlığına keçmək üçün də rəsmi şəkildə müraciət edib. Biznesmenin oğlu Türkiyə klublarından “Antalyaspor”un prezidentidir. 

Mübariz Mənsimov da dünya çapında tanınan azərbaycanlı biznesmenlərdəndir. O, Azərbaycana sərmayə qoyan iş adamları sırasında öndə gələnlərdəndir. Əslən Masallıdan olan M.Mənsimov “Palmali” Şirkətlər Qrupunun rəhbəridir. Şirkətin Azərbaycan da daxil olmaqla 21 ölkədə ofisi var. M.Mənsimov dəniz daşımacılığında da böyük uğurları olan iş adamlarındandır. Yüzlərlə gəmisi olan iş adamı Türkiyə hökuməti ilə da yaxın münasibətlərə malikdir və qardaş ölkədə kifayət qədər nüfuza sahibdir. İnşaat sektorunda da möhkəmlənən iş adamı Türkiyənin nəhəng “Tekfen inşaat” şirkətinin səhmlərinin 50 faizinə sahibdir. Onun əsas biznesi məhz Türkiyədədir.

“LUKoyl” neft şirkətinin prezidenti və hazırda Moskvada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərov da xarici ölkələrə qoyduğu investisiyalarla öndə olan soydaşlarımızdandır. Şirkətin Azərbaycanda bir neçə yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. İş adamı bank sektorundan da böyük uğurlara sahibdir. Onun biznesinin əsas hissəsi qonşu ölkə Rusiyadadır. Onun sərvətinin 11 milyarddan artıq olduğu bildirilir.

İ.Muradov


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR