İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər gün 5 saat təlim keçirik” - “Həmrəylik düşərgəsi”ndən REPORTAJ, FOTOLAR

3082 22.07.2016 18:30 Proje A A
ASAN Könüllüləri Təşkilatı və bir neçə əməkdaş şirkət tərəfindən Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsi üzrə 60 könüllü artıq 3-cü gündür ki, hərbi çadırlarda yaşayırlar. Bu üç gün ərzində Lahıcda bir sıra təlimlər keçirilib, xeyli sosial tədbirlər görülüb.

Müsavat.com olaraq, düşərgədə keçən 3 gün barəsində könüllülərin özlərinin də fikirlərini aldıq. Öncə onu da qeyd edək ki, düşərgədə 3-cü gün də hərbi qaydalara uyğun şəkildə başladı və bu proqram üzrə davam etdi. Bu gün könüllülərə bir neçə təlim keçirildi və onlara müxtəlif sahələr üzrə bilgilər verildi. Könüllülər həmçinin ötən gündən yarımçıq qalan boyama işlərini də bu gün yekunlaşdırdılar və Lahıcda boyanmağa ehtiyacı olan tikililər yüksək səviyyədə rənglənildi. 

Düşərgədə keçirdiyi 3 günlə bağlı musavat.com-a 5 saylı ASAN Xidmətin məzun könüllüsü Səkinə Ağalarova bildirib ki, layihədən gözlədikləri reallaşdı: “Burada sağlam mühit var və hətta yeməklərimiz də sağlam həyat yaşamamıza kömək edir. Təbiətin qoynunda çadırlarda yaşamaq çox gözəldir. Bundan öncə düşərgələrdə çox olsam da, təbiətin qoyununda, indiki şəraiti ilk dəfədir ki, yaşayıram. Doğrudur, hər şey yüksək səviyyədə təşkil olunub. Ancaq təkliflərim də var. Təklif edirəm ki, komanda işləri çox olsun. Misal üçün burada bir-birilərini əvvəldən tanıyan insanlar var ki, onlar daha çox öz aralarında ünsiyyətdə olurlar. Təklif edirəm ki, ümumi komanda şəklində daha çox işlər görək. Bir də musiqi və rəqs gecələrinin olmasını istərdim. Çadırda çox önəmli məsələ gigiyena məsələləridir. Təmizlik işləri ilə də özümüz məşğul oluruq. Komandalara bölündüyümüz üçün hər birimizin payına təmizlik üçün müəyyən ərazi düşür ki, onun da öhdəsindən gəlirik. Misal üçün az öncə biz, ərazidəki siqaret kötüklərini təmizləmişik, qabları yuyub təhvil vermişik. Çadırdakı təmizliyə gəlincə isə DSX-nın xanım zabitləri buna xüsusi nəzarət edirlər. Buna görə də səhər duran kimi saçımızdan öncə yerimizi yığırıq”.

Digər layihə iştirakçısı Əli Xəlilov da fikirlərini bizimlə bölüşdü. O, aşağıdakıları anlatdı: “Bizim üçün yaradılan şərait çox gözəldir. Əsgərlikdə olmamışam, ancaq burada hərbi şəraitdə yaşamağımız mənim çox xoşuma gəldi. Səhər saat 6-da “Qalx” komandası ilə durub idman edirik. Buna görə də özümüzü çox gümrah hiss edirik. Yeməklərimiz də çox yaxşıdır. Bir sözlə hər şey bizim ürəyimizlədir. Əvvəl 6-da durmaq bizim üçün çətin idisə, indi bu, heç kimə problem deyil. Onu da qeyd edim ki, burada asudə vaxtımızın maraqlı keçməsi üçün də bizə hər cür şərait yaradılıb. Asudə vaxtlarımızda gitarada ifa edirik, musiqi dinləyirik və müxtəlif oyunlar oynayırıq”.

Düşərgədə könüllülərin üzərində ASAN Könüllüləri Təşkilatının üzvləri  dayanırlar ki, onlar da hərbi terminə uyğun olaraq tağım komandiri kimi çağırılırlar.

ASAN Könüllüləri Təşkilatının Layihələrin idarə olunması departamentinin məsul şəxsi Nilufər Əhmədova (düşərgədə 4-cü tağım komandiri) könüllülərlə işdən danışıb: “Ümumi vəziyyət birinci günlə müqayisədə çox yaxşıdır. Misal üçün ilk gün 6-da durmaq bir qədər problem idisə, indi hər şey qaydasına düşüb. Xüsusilə də xanımlar bəylərdən daha tez dururlar və alqış səsləri ilə bəyləri çağırırlar. Təbii ki, bu da bir əyləncə xarakterli oyundur. Bundan başqa könüllülərin ilk gün yeməklərə öyrəşməsi çətin olurdu. Bəziləri səhər yeməyini yemək istəmirdilər. İndi bu problemlər də həllini tapıb. Qeyd edim ki, layihədə iştirak etmək üçün bizə 941 nəfər müraciət etmişdi. Onlardan 35 nəfər seçildi. Təşkilatçılarla birlikdə isə sayımız 60 nəfərdir. Seçim zamanı gənclərin fiziki  sağlamlıqlarına xüsusi diqqət etdik. Ona görə də artıq 3 gün keçməsinə baxmayaraq, kimsə sağlıq baxımdan problem yaşamayıb. Növbəti günlərdə də bir-birindən maraqlı tədbir və proqramlar nəzərdə tutmuşuq. Layihənin irəlidəki günlərində könüllülərlə birlikdə dağa yürüş də edəcəyik. Ümid edirik ki, digər qurumlar da gənclərin düşüncəsində həmrəylik yaratmaq üçün bu kimi  layihələrdə aktiv iştirak edəcəklər”.

İctimai şəxslər də düşərgənin qonağı olub, iştirakçılarla görüşürlər. Bu gün Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərlə görüşüb, onların suallarına cavab verib. Bundan başqa düşərgədə hər gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun ekspertləri də könüllülərə öncədən planlaşdırılan  mövzularda təlimlər keçirlər. 

Bu barədə musavat.com-a fondun eksperti Səadət Abdullazadə danışıb: “Layihə üçün 3 spesifik mövzu seçmişik. Bunlar məişət zorakılığı, erkən nikah və cinsinə görə selektiv abort mövzularıdır. Hər üç mövzunun seçilməsində problemin aktuallığı nəzərə alınıb. Təlimlər 5 gün ərzində  bizə müraciət edən 16 nəfər könüllüyə keçiriləcək. Öncə, söylədiyim 3 mövzu ilə bağlı informasiyaları paylaşırıq. Təlimin sonuncu günü isə 3 mövzuda könüllülər sosial tamaşa göstərəcəklər. Bütün bunlar öncəki günlər ərzində könüllülərə tam şəkildə öyrədilir. Ancaq burada maraqlı məqam odur ki, informasiyanı biz versək də ssenarini, cəmiyyətə sosial mesajın ötürülməsini könüllülərimizin özləri hazırlayırlar. Misal üçün mövzu məişət zorakılığıdırsa, bunun sosial mesajını cəmiyyətə necə vermək istəyirlərsə, o cür də hazırlayırlar. Yəni bu baxımdan onlara tam sərbəstlik verilib. Metodologiyamız beynəlxalq təcrübələrdə də istifadə olunur. Hər kəsə tam sərbəstlik vermişik. Təlimdə hər kəs dairəvi oturur. Ancaq şərtimiz də odur ki, iştirakçılar hamısı birdən danışmasınlar. Əgər bir neçə nəfər danışarsa əlimizlə xüsusi sülh işarəsini tuturuq və onlar susana qədər bu cür dayanırıq. Komandada müxtəlif bölgələrdən, Bakıdan qatılan iştirakçılar da var. Birlikdə diskussiyalar aparılır və fərqindəyik ki, onlar bunun marağındadırlar. Hər gün 5 saat təlim keçirik. Artıq 3 gündür ki, 16 nəfərdən heç kim təlimi tərk etməyib”.

Onu da qeyd edək ki, bu gün axşam saatlarında düşərgədə DSX əməkdaşları ilə ASAN könüllülərinin arasında futbol oyunu da olacaq. Layihə 26 iyul tarixinə qədər davam edəcək.

Əli Rais, 
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR