İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həmrəylik düşərgəsi"nin ikinci günündə ASAN könüllüləri Lahıcda tikililəri boyadılar - FOTOLAR

3272 21.07.2016 16:24 Proje A A
ASAN Könüllüləri Təşkilatı və bir neçə əməkdaş şirkət tərəfindən Lahıcda keçirilən “Həmrəylik düşərgəsi” layihəsinin ikinci günü rəngarəngliyi ilə yadda qaldı.

Musavat.com-un Lahıca ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, layihənin ikinci günü ASAN Könüllüləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Lahıcda yaşayan şəhid ailələrinə baş çəkərək, onlara müxtəlif hədiyyələr veriblər. Layihənin ikinci günü də hərbi qaydalara uyğun şəkildə başlayıb. 

Bu gün könüllülər müxtəlif sosial tədbirlərə qatılıblar. Belə ki, onlar Lahıcda yerləşən bir sıra boyanmağa ehtiyacı olan tikililəri, sakinlərə məxsus evlərin qapılarını rəngləyib, kənd sakinlərinə müxtəlif məişət işlərində yardımçı olublar. 

Yuxarıda sadaladıqlarımızdan başqa layihə iştirakçıları gün ərzində müxtəlif təlimlərə də qatılıblar. Bunlardan tibb, yanğın söndürmənin əsasları haqqında təlimləri qeyd edə bilərik. Könüllülər gün ərzində həmçinin rəqs dərsləri də alıblar. Günün ikinci yarısında isə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən, xüsusi təlim görmüş itlərin nümayişi keçirilib. Layihədə iştirak edən 60 könüllünün Lahıcın misgərlik sənəti ilə yaxından tanış olması üçün onların kəndə səyahəti, misgərlərlə tanışlığı da təşkil olunub.

ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev musavat.com-a bildirib ki, düşərgədə könüllülərin rahatlığı və fəaliyyəti üçün hər bir tədbir görülüb: “ASAN Xidmət yarandığı gündən könüllülük fəaliyyətini tətbiq edən yeganə qurumlardandır. Cənab prezident də açılışlarda əməkdaşlardan daha çox könüllülərlə görüşməyə önəm verir. Çünki əməkdaşlar öz işlərinə görə hər hansı bir məvacib, əmək haqqı aldıqları halda, könüllülər sırf olaraq qarşılıqsız vətənə və vətəndaşlarımıza xidmət edirlər. Könüllülərimizin ASAN Xidmət yarandığı gündən qurduqları bir fəlsəfə var ki, bu da cəmiyyətə necə xidmət etməkdir. Bu düşərgə də həmin fəlsəfənin bir nümunəsidir. Burada həm könüllülər özləri həmrəy olub, işlərini görürlər, həm də müxtəlif şirkətlər bizimlə tərəfdaş, həmrəy olaraq insanlara xidmət edirlər. Dünəndən etibarən Lahıcda şəhid ailələri ziyarət olunub, onlara müxtəlif hədiyyələr verilib. Sakinlərə məxsus evlər, qapılar müəyyən olunmuş ustalarla birlikdə könüllülərimiz tərəfindən rənglənib. Ekoloji dəstək çərçivəsində layihə ərzində bu kimi işlər davam etdiriləcək. “ASAN məktub” layihəsi daxilində müraciət edən və yaşı 14-dən aşağı olan uşaqlara hədiyyələrin verilməsi də nəzərdə tutulub. Həmçinin 16 yaşına çatmış şəxslərə də pulsuz şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində  köməklik göstəriləcək”.

E.Paşayev bildirib ki, düşərgədə iştirakçıların sağlamlığı da xüsusi olaraq nəzarətdədir: “Burada 60 könüllü və onlardan əlavə kiçik komanda şəklində digər əməkdaşlarımız da iştirak edirlər. Onlar könüllülərə istiqamət verib, işlərinə nəzarət edirlər. Düşərgə sırf olaraq hərbiləşdirilib. İştirakçılara lazım olan ləvazimatlar tərəfdaş şirkətlər tərəfindən təmin olunub. Düşərgənin otellərdən və digər binalardan fərqi odur ki, burada sağlamlıq baxımından hər kəsin üzərinə daha çox məsuliyyət düşür. Çöl şəraitində gərək kiçik bir detala belə, diqqət edəsən. Bu istiqamət üzrə könüllülərimizi təlimatlandırmışıq. Bundan əlavə düşərgədə həkimlərimiz də var. Əgər kiminsə səhhətində problem olarsa, həmin həkimlər onu müayinə edib, müvafiq tədbirləri görürlər. Hələ ki, könüllülərin səhhətində hər hansı bir problem yaşanmayıb. Bundan əlavə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları da bizimlədir və burada ehtimal olunan hər bir halı nəzarətdə saxlayırlar. Düşərgənin mühafizəsi onlar tərəfindən çox yüksək səviyyədə həyata keçirilir. Ərazinin kənar mühafizəsi isə Daxili İşlər Nazirliyinin əməkdaşları və İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən aparılır”.

Onu da qeyd edək ki, “Həmrəylik düşərgəsi” layihəsi 26 iyul tarixinə qədər davam edəcək. Layihənin davam etdiyi müddətdə müxtəlif tədbirlər, təlimlər keçiriləcək, turlar təşkil olunacaq. Layihə iştirakçıları hərbi qaydalara uyğun olaraq, səhər saat 6-da “Qalx” komandası ilə oyanıb, qidalanma və digər işlərini də hərbi proqrama uyğun olaraq həyata keçirirlər.
 
Əli Rais, 
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR