İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “Açıq kitabxana” layihəsi fəaliyyətə başladı - FOTOLAR

1607 15.07.2016 20:45 Proje A A
Bakıda bu gündən etibarən “Açıq kitabxana” layihəsi fəaliyyət göstərəcək.

Musavat.com-un məlumatına görə, iyulun 15-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının həyətində Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında yaradılan “Açıq kitabxana”nın oxuculara və paytaxt sakinlərinə təqdimatı keçirilib. 

Təqdimatda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, deputatlar Qənirə Paşayeva, Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri Anar, yazıçı Çingiz Abdullayev, Akif Əli və başqaları iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, layihənin ideya müəllifi nazir Əbülfəz Qarayevdir: “Azərbaycanda  ilk olaraq, Milli Kitabxananın nəzdində “Açıq kitabxana” layihəsi sizə təqdim olunur. Bura günün 24 saatı çalışacaq və hər bir insanın kitab gətirib-aparacağı bir mütaliə mərkəzi olacaq. Bu kitabxananın  əsas devizi “Mən oxudum, sən də oxu”dur. Yəni kimsə hər hansı bir kitabı mütaliə edibsə, onu gətirib bura qoyub, buradan isə oxumadığı başqa kitabı götürə biləcək”.

Daha sonra söz, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə verilib. Ə.Qarayev çıxışında bildirib ki, bu ideyanın müəllifi o deyil: “Bu, artıq dünyada tətbiq olunan çox gözəl bir təcrübədir. Çalışırıq ki, Azərbaycanda yeni  mədəni xidmətlərin tətbiqi prosesini sürətləndirək. Hesab edirəm ki, bugünki görüşümüz bu istiqamət üzrə növbəti addımımızdır. Azərbaycanın müxtəlif parklarında, insanların asudə vaxtlarını keçirdikləri yerlərdə bu cür layihələr mütləq olmalıdır. Bizim bu istiqamət üzrə artıq təcrübəmiz var. Qax, Şəki, Zaqatala və bir neçə digər yerlərdə məişət xidmətləri göstərən məkanlarda kitab rəflərini qoyub, insanların kitaba yolunu rahatlaşdırdıq. Bu iş dərhal insanlar arasında kitaba münasibətin dəyişməsi istiqamətində müsbət bir töhfə verir. Tövsiyə edərdim ki, bu cür guşələr Bakıda müxtəlif kitabxanalar tərəfindən də təşkil olunsun. Hər birimizin  evində 10-larla kitablar var ki, onlar artıq ailə tərəfindən oxunub. Ancaq elə insanlar var ki, həmin kitabları oxumayıblar. Sözsüz ki, həmin kitabları bu cür insanlarla da bölüşmək yəqin ki, çox gözəl mənəvi addım olar. Bu baxımdan hər kəsi bu layihəyə qoşulmağa dəvət edirəm. Ümidvaram ki, bura kitab bazarına çevrilməyəcək və normal fəaliyyət göstərəcək. Eyni zamanda bu işin gələcəkdə daha da inkişafı nəzərdə tutulub”.

Nazir həmçinin qeyd edib ki, bütün çimərliklərdə də mütaliə üçün şəraitin yaradılması nəzərdə tutulub. 

Daha sonra çıxış edən Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki, kitabla bağlı hər bir tədbir yazıçıların bayramı, sevincidir: “Bu gün də belə bir sevincli günü yaşayırıq. Müasir texnologiyalar kitab mədəniyyətini bir az sıxışdırır. Kitaba bəzən yetim kimi baxırlar. Ancaq kitabxanalar, kitabı yetimlikdən çıxarıb, övladlığa götürür. Bu layihənin ərsəyə gəlməsinə sevinirik. Şübhəsiz ki, burada kitabların təqdimatı, şeir gecələri də olacaq. Ümumiyyətlə, bu məkan kitabın daha bir mərkəzi olacaq”.

Milli Kitabxananın direktoru Kərim Tahirov onu da qeyd edib ki, gələn qonaqların hər biri “Açıq kitabxana” üçün xeyli kitablar gətiriblər. 

Tədbirdə çıxış edən deputat Qənirə Paşayeva da bu layihəni alqışlayıb: “Bu günü çoxdan gözləyirdik. Bu cür addımlara çox ehtiyac var. Bizim üzərimizə düşən vəzifə ondan ibarətdir ki, hazırkı dövrdə kitaba olan marağı daha da artıraq. Çünki  bir cəmiyyətin inkişafı və gələcəyi ancaq kitabdan, oxumaqdan keçir. Bu kimi layihələri bölgələrdə də təşkil etmək lazımdır. Nə qədər belə yerlər açılsa, kitaba maraq daha da artar. Bununla həm də uşaqlarda şüuraltı olaraq kitaba marağı daha da gücləndirə bilərik.  Eyni zamanda bu, gənc şairlər, ədəbi mühitimiz üçün də gözəl addım olardı”. 

Çıxış edən deputat Nizami Cəfərov isə aşağıdakıları bildirdi: “Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda kitab yazan, oxuyandan çoxdur. Kitab nəşri olduqca yüksək səviyyədədir. Ancaq bunu oxumaqda əlbəttə ki,  problem var. Problemin bir hissəsi kitabla bağlıdırsa, bir hissəsi də bunu oxuyanla əlaqədardır. Keçid dövründə müəyyən anlaşılmazlıq olur. Bir müddət ərzində bizim xeyli kitab mağazalarımız bağlandı. Müəyyən dövrdə bu cür hallar olur. Ancaq bu gün etiraf edək ki, kitaba maraq var. Kitabxanalar da öz divarlarını götürürlər. Əlbəttə ki, belə də olmalıdır. Bu, çox gözəl bir təcrübədir”.

Çıxışlardan sonra tədbir iştirakçıları rəflərdə olan kitablarla tanış olub, onlardan bəzilərini oxumaları üçün özləri ilə aparıblar.

Onu da qeyd edək ki, Milli Kitabxananın direktorunun sözlərinə görə,  burada  “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərəcək.

“Açıq kitabxana”da həmçinin açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub. Burada həmçinin kiçik kitab satışı mərkəzi, uşaq guşəsi, dövri mətbuat bölməsi və milli musiqi guşəsi də təşkil olunacaq.

Əli Rais, 
Musavat.com,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR