İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azəravtoyol” 20 min əhalisi olan qəsəbəyə 6 aydır zülm edir

4760 08.11.2016 09:24 Proje A A


2010-cu ildə tam istismara verilən və 30 il müddətində dağılmayacağı deyilən Bakı-Quba yolunda cəmi 2-3 il sonra qabarmalar, çökmələr müşahidə olunmağa başladı. Təxminən 2014-cü ilin sonlarından Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi də yararsız hala düşdü. 

Bir neçə dəfə həmin ərazidə yolu yamasalar da, xeyri olmadı. Nəhayət, 2016-cı ilin may ayının sonlarında yolun Ceyranbatandan Saray postuna qədər tam yararsız hala düşmüş hissəsinin əsaslı təmirinə başlanıldı. 

Elə həmin gündən də 20 min nəfər əhalisi olan Ceyranbatan sakinlərinin, həmçinin bu yoldan istifadə edən minlərlə vətəndaşın məşəqqətli günləri başlanıldı. 
Bərpa işlərinin ləng aparılması və təmirə bağlanan yolda hərəkətin düzgün tənzimlənməməsi səbəbindən Ceyranbatan qəsəbəsi ərazisində avtomobillərin hərəkəti aylardır iflic olub. Ərazidə mütəmadi olaraq müşahidə aparmaq imkanımız olduğundan bunun şahidi oluruq. Təmirinə başlanan yol Ceyranbatanın əsas giriş-çıxışının qarşısından birtərəfli qaydada bağlanıb. 

Nəticədə Bakı-Sumqayıt yolu ilə intensiv hərəkət edən maşınlar burada tıxac yaradır, qəsəbəyə dönən maşınlar da bir yandan yolu bağladığı üçün hərəkət iflic olur. Burada hər gün pik saatlarda yol keçilməz olur, Ceyranbatana dönüşdə mütəmadi şəkildə qəzalar baş verir. Bu müddətdə ərazidə bir neçə ağır qəza baş verib, piyada vurulub. Təmir-bərpa işlərini həyata keçirənlər qəsəbənin digər (köməkçi) giriş-çıxış yolunu, həmçinin əsas girişə dönüş yerini  də bağladıqları üçün burada xaotik bir vəziyyət yaranıb. Üstəlik də həmin yerdə piyada keçidi var; sürücülər bilmir ki, piyadaları gözləsinlər, yoxsa hərəkət edib tıxaca səbəb olmasınlar. 

Adətən yolları təmir edəndə əsas yolda hərəkət çətinləşərkən köməkçi giriş-çıxışları açıq saxlayıb, hərəkətin intensivliyini bərpa edirlər. Ceyranbatanda isə bunun əksinədir, qəsəbəyə daxil olmaq üçün dönüş yerini belə lüzum olmadan qapadıblar. Hansı ki, hələlik həmin ərazidə təmir getmir, yol bağlanmayıb. Amma həmin ərazidə qəsəbəyə dönüşün nə üçün bağlandığını heç kim bilmir. Yol polisləri özləri də buna məəttəl qalıb. 

Həmçinin YPX əməkdaşları günün çox hissəsini burada yolu tənzimləməyə məcbur olur. Axşam saatlarında isə onlar tıxacın qarşısını almaq üçün Ceyranbatana dönüşü tamamilə bağlayırlar və qəsəbəyə gələn yüzlərlə sakin gedib Sumqayıtın girişindən dönüb əks yolla geriyə qayıtmalıdır ki, evinə yetişsin. Bunun üçün də azı 10 kilometr əlavə yol qət etmək lazımdır. 

Yaranmış xaotik durumu tənzimləmək məcburiyyətində qaldıqlarından YPX əməkdaşları yollarda qayda pozan sürücülərlə mübarizə aparmaqdan da yayınmış olurlar. 
Bu yol Azərbaycanın şimal girişi olduğundan və alternativ magistral olmadığından, həmçinin təmir-bərpa işləri Ceyranbatan su anbarı kimi mühüm strateji obyektin qarşısında aparıldığından burada işlər gecə-gündüz aparılmalı idi ki, xaotik və təhlükəli durum tez bir zamanda aradan qalxsın.  

Ancaq sentyabra qədər ləng aparılan işlər qeyd edilən ayın ortalarından tamamilə dondurulub. Əraziyə cəlb edilən texnika boş-bekar dayanıb. Hərdən gətirib qazılıb dağılmış əraziyə 1-2 maşın çınqıl töküb gedirlər. 

Cəmi 1 kilometr yolun təmiri 6 aydır ki, yekunlaşmaq bilmir. 

Nəzərə çatdıraq ki, Bakı-Sumqayıt yolunu 2006-2009-cu illər ərzində “Akkord” şirkəti inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsiz istismar ediləcəyini bildirmişdi. Ancaq nəinki 30 il,  təxminən 3 il sonra - 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı. Hazırda yolun xeyli hissəsinin təmirə ehtiyacı var. 

Qeyd edək ki, Bakı-Sumqayıt-Quba yolunun inşasına 600 milyon manata yaxın vəsait xərclənmişdi. 

M.MAHRIZLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR