İnsanlara hürriyət, millətlərə istiqlal!

NİGERİYALI BALASIYAM, BAKIDA QALASIYAM...

6385 29.01.2011 09:36 Proje A A

“Yeni Müsavat” “Onunla Azərbaycan” rubrikasında sizləri hər dəfə bir əcnəbi ilə görüşdürür. Ölkəmizdə yaşayan, suyumuzu içib havamızı udan əcnəbi vətəndaşlarla Azərbaycanın həm də “qeybətini qırırıq”. Axı maraqlıdır: onlar bu məmləkətdə yaşamağı niyə seçiblər? Nəyimizi sevib nəyimizə nifrət edirlər? Onların gözündə bizlər necə görünürük? Suallar artır, fərqindəyəm... Siz darıxmadan biz söhbətə keçək...

Həm nigeriyalı, həm də füzulili...

...Yenə həftənin ortasıdır və mən rubrikanın növbəti qonağı üçün axtarışlara başlamışam. Keçmiş iş yoldaşım, veteran jurnalist Rey Kərimoğlu ilə qarşılaşıram təsadüfən. “Bəlkə əcnəbi tanışın ola?” - son vaxtlar bir çox dostlarımla salamlaşan kimi verdiyim ənənəvi suallardan birini ona da ünvanlayıram. Sual kimi cavab da qəfil olur. “Var, amma həm nigeriyalı, həm də fizulilidir. İşinə yarayarmı?”
Bunu baməzə dostumun mənə sataşmaq üçün verdiyi cavab kimi qəbul etsəm də sonradan məlum olur ki, dediklərində az-çox həqiqət payı var. Çünki Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) əməkdaşı olan müsahibimiz eyni zamanda bir azərbaycanlı xanımla da evlidir. Şəkillərdən də gördüyünüz kimi, artıq 1 qızı, 1 oğlu da var. Azərbaycanlı yönü burdan qaynaqlanır. BAMF sədri Umud Rəhimoğlu əslən Füzulidən olduğu üçünsə təşkilatdakı əcnəbi əməkdaşlara yarızarafat “füzulili” deyilir. Bax belə, rubrikamızın bugünkü müsahibi füzulili, yox-yox, nigeriyalı Nik Nvolisadır. İlginc hekayəsi və Bakıya baxış bucağı ilə.

“Xanımımla toyda tanış olmuşam”

Nik Azərbaycana 2006-cı ildə gəlib. Nigeriyada biokimya sahəsi üzrə təhsil alıb. Bir müddət ekoloji layihələrdə çalışıb. Daha sonra Bakıda işləyən xalası oğlunun tövsiyəsi ilə bura gəlib. Azərbaycanda tibb sahəsi üzrə təhsilin digər ölkələrlə müqayisədə ucuz olduğunu öyrənən Nik təhsilini bu yöndə davam etdirməyə qərar verib. Xəzər Universitetində 2 il oxuyub, oxuya-oxuya humanitar sahə üzrə işləməyə başlayıb. Və bir gün yolu düşüb BAMF-a...
28 yaşlı Nikin valideynləri, bacı-qardaşı Nigeriyadadır. Onlar Bakını hələ ki görməyiblər. Heç Nik də imkan tapıb ailəsini vətəninə apara bilməyib. Dediyinə görə, bunun üçün 4 nəfərlik ailəyə 4000 manata yaxın vəsait lazımdır. Odur ki, gözləyir.
Ailədən söz düşmüşkən, Nikin azərbaycanlı xanımı Lalə ilə necə tanış olması və onların evlilik hekayəti də maraqlıdır. Qoy Nik özü danışsın: “Mənə elə gəlir ki, Azərbaycanda bir çox insanlar öz həyat yoldaşları ilə toylarda tanış olurlar. Biz də Lalə ilə toyda tanış olduq. Lalənin xaricilərlə işləmək təcrübəsi var idi. Özü də çox müstəqil insandır. Bəlkə də Azərbaycanda bir xarici ilə evlənmək o qədər də ənənəvi deyil. Amma Lalə öz qərarını verə biləcək insandır. Onun da, mənim də belə bir prinsipimiz var ki, evlilik iki nəfərin xoşbəxtliyidir, ətrafdakıların yox. 4 ildir evliyik, bu fikrimiz dəyişməyib. Və nə yaxşı ki, evlənmişik”.

"Hərdən zarafatla deyirik ki, bəlkə alnımıza "evliyik" yazaq"

Nik danışır ki, hərdən cəmiyyətin bu evliliyə neqativ münasibətini hiss edir. Yolda-rizdə, küçə-bacada, dükan-bazarda... Evliliklərinin ilk günündə bu qıyqacı münasibət özünü daha çox göstərirmiş: “O vaxt Lalə ilə gəzintiyə çıxmağı çox xoşlayırdıq. Hiss edirdik ki, ətrafdakıların münasibəti çox pisdir Laləyə. Biz qanuni evli idik, amma camaat bizə elə qəribə nəzərlərlə baxırdı ki... Hərdən zarafatla bir-birimizə deyirdik ki, bəlkə hər ikimiz alnımıza "biz evliyik" deyə yazaq. Gənclər daha çox anlayışlı olurlar belə nikahlara münasibətdə, nəinki geridə qalmış adamlar".
Bu ailədə tərəflərdən biri nigeriyalı, o biri azərbaycanlı olsa da ailədə daha çox azərbaycanlı ab-havası hökm sürür. Hətta adət-ənənələrə riayət etmək məsələsində də. Məsələn, Nik evlənmək üçün dədə-baba qaydasında burada yaşayan bibisini, bibisinin ərini və bir ailə dostunu elçiliyə göndərib. Gediblər, “həri” alıblar, şirin çay içib qayıdıblar. Toyları da el qaydasına, özü də “Füzuli” restoranında baş tutub. İndi isə Lalə xanım işləmir. Çünki iki uşaqları hələ balacadır və onlar böyümədən ananın işləməsinə ehtiyac yoxdur.
Ailənin mətbəxinə də Azərbaycan yeməkləri hakimdir. Nik deyir ki, Azərbaycan dolmasını, aşını, kababını hər gün yesə də bundan bezməz: “Təəssüf ki, mən öz milli mətbəximizin yeməklərini bişirib evdəkilərə yedirdə bilmirəm. Çünki o yeməklər üçün lazım olan ərzaqların əksəriyyəti Bakıda tapılmır. Ancaq lobya, düyü ilə bişirilən bəzi spesifik yeməkləri bişirə bilirəm”.
Nikin uşaqları isə həm ingilis, həm də Azərbaycan dilində danışır. Müsahibim bundan məmnundur. Deyir ki, Azərbaycanda yaşayırlarsa, bu dili də bilməlidirlər.

“Bura gəlməmiş deyirdim yəqin hər yer məscid olar”

Söhbətin ailə ilə bağlı hissəsini yekunlaşdırıb keçirik Nikin Azərbaycanına. Nigeriyalı müsahibim Bakıya heyran olduğunu deyir. Xüsusən də azərbaycanlıların qonaqpərvərliyinə, yerli təbiətin gözəlliyinə. Deyir ki, Azərbaycanda ən gözəl təbiət mənzərəsini Füzulidə görüb.
“Mən heç yerdə belə gözəllik görməmişdim” - deyən Nikin sözlərinə görə, azərbaycanlıların gözəl xüsusiyyətləri həm də gözəl təbiətdən qaynaqlanır: “Burada insanlar təşəbbüskardır. Bir-birinə yardım etməyi, yad adama xoş münasibət göstərməyi sevirlər. Amma hərdən diqqətsizliyə, düşüncəsizliyə də yol verirlər. Məsələn, baxırsan ki, maşınla getdikləri yerdə şüşəni açıb siqareti və ya əllərindəki salfeti yerə atırlar”.
Azərbaycanla bağlı ilk dəfə təəccüblənməsinə gəlincə isə... Nik oxumaq və işləmək üçün bu ölkəni seçəndə onun müsəlman ölkəsi olmasına xüsusi əhəmiyyət verib: “Azərbaycan deyəndə gözümün qabağına məscidlər, minarələr gəldi. Düşündüm ki, yəqin İran, Səudiyyə Ərəbistanı kimi bir ölkədir. Amma Bakıda cəmi iki məscidə rast gəldim. Bu, mənim üçün pis təəccüb sayılmazdı. Sadəcə təəccübləndim. Onu deyə bilərəm ki, bu günə qədər rast gəldiyim insanlar arasında ən yaxşı insanlar müsəlmanlardır”.

“Bakı qızları dünyanın ən qəşəng geyinən qızlarıdır”

Azərbaycan insanının geyimi də Nikə xoş təsir bağışlayır. Deyir ki, Bakı qızları dünyanın ən yaxşı geyinən qızları sırasındadır. Avropada, Amerikada olan Nikin fikrincə, azərbaycanlı qızları zövqlə, dəblə uyğunlaşdırılmış geyimləri ilə hər zaman fərqlənirlər. Kişilər də iş və istirahət geyimlərini bir-birindən fərqləndirməyi bacarırlar.
Müsahibim söhbət zamanı Nigeriya ilə Azərbaycan arasındakı fərqlərə də toxundu. Dedi ki, əslində bu iki ölkəni müqayisə etmək çox da doğru olmaz. Çünki birinin əhalisi 8, o birininki isə 150 milyon nəfərdir. Nigeriyada 300-dən artıq icma olduğu üçün onun idarə edilməsi də çətindir, bundan başqa, ölkə əhalisinin 10 faizindən çoxu olduqca varlıdır: “Nigeriyada əhalinin cəmi 15 milyonu olduqca varlıdır. Bu, Azərbaycanın əhalisindən 2 dəfə artıqdır. Halbuki Azərbaycanın bu qədər təbii sərvətləri, pulu var. Burada da yaşayış standartları yüksəkdir. Azərbaycanla eyni səviyyədə olan ölkələrlə müqayisədə Azərbaycan daha yaxşı vəziyyətdədir. Amma yenə də hesab edirəm ki, Nigeriya ilə Azərbaycanı müqayisə etmək doğru deyil. Bir çox parametrlər fərqlidir”.

“Burada həmişəlik qala da, gedə də bilərəm”

Maraqlıdır, Nik üçün Azərbaycan yaşayış yeri olaraq qalacaq, yoxsa nə zamansa ailəsini də götürüb Nigeriyaya köçəcək? Müsahibim suala cavabında deyir ki, uzunmüddətli planlar qurmağı sevmir. İşlərini şəraitə uyğun olaraq planlaşdırır: “Mənim üçün hələlik bura yaxşıdır, ona görə də burada qalacam. Amma planlar dəyişəndən sonra ona uyğun qərar verəcəyik. İnsanın evi, ailəsi, işi haradadırsa, vətəni də oradadır”.
Bu arada Nik söhbətimizi tərcümə edən BAMF-ın əməkdaşı Nəzakət xanıma təşəkkür etməyi də unutmur. Deyir ki, Azərbaycanda ailəsindən kənar ən çox sevdiyi və hörmət etdiyi adamlar arasında Nəzakət xanım və BAMF-ın rəhbəri Umud Rəhimoğlu var: “Mənə Azərbaycanı sevdirən adamların sırasında onların rolu böyükdür. Onları tanıyıb bu ölkəni sevməmək olmaz”.
Sonda... Nikin Azərbaycanı gözlədiyimdən də gözəl idi. Azərbaycanlı xanım, doğma dildə danışan uşaqlar və azərbaycanlıların əhatəsindəki iş yeri...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR