İnsanlara hürriyət, millətlərə istiqlal!

Adı olub, özü olmayan icra hakimiyyətlərinin saytları

4882 11.11.2013 15:32 Proje A A
İlqar Quluzadə deyir ki,  işiylə bağlı gündə bir neçə dəfə dövlət qurumlarının saytlarını  ələk-vələk edir. Ancaq istədiyinin çox az hissəsini əldə edə bilir: “Misalçün, Bakı şəhər İcra Hakimiyyətinin “http://baku-ih.gov.az” saytı  ən son avqust ayının 13-də yenilənib. Küçələrdə avtomobil saxlamağın qadağan olunması barədə icra başçısının təşkilatlara göndərdiyi məktub barədə xəbərdən sonra yenilənmə olmayıb”.

Son illər Azərbaycanda internet resursları inkişaf etsə də, dövlət qurumlarının çoxunun internet saytlarının sadəcə adları var.


Tələbə Cavid Abdullayev də onun üçün  ən çətin işin dövlət qurumlarının saytından məlumat almaq olduğunu deyir: “Əhali ilə sıx təmasda olmalı olan qurumların internet saytları əksər hallarda yenilənmir və lazımi şəkildə təchiz olunmurlar”.

Bunları nəzərə alaraq, rayon icra hakimiyyətlərinin internet səhifələrinin necə işlədiyini, bu səhifələrə girənlərin rayon haqqında hansı məlumatları əldə edə biləcəyini araşdırdıq.

BŞİH “İKT ili”ndən xəbərsizdir?

İlk baxdığımız ünvan Bakı şəhər İcra Hakimiyyətinin(BŞİH) internet səhifəsi oldu. Həmsöhbətim İlqar Quluzadənin dediyi kimi, saytda iki aydan çoxdur yenilənmə aparılmır. Ölkənin paytaxtı olan Bakıda icra hakimiyyətinin rəsmi saytına yerləşdirmək üçün məlumat tapılmır. “Şəhər haqqında” bölməsinə daxil olsanız, siz burada “Bakı şəhəri gerbinin təsviri” adlı qısahəcmli yazıdan başqa heç nə görməyəcəksiniz. “İcra hakimiyyəti” adlı bölmədə isə ancaq icra hakimiyyətinin binası barədə qısa məlumt verilib. “İnfrastruktur” və “Elektron xidmətlər” bölməsi isə tamamilə boşdur. İcra hakimiyyətindən deyirlər ki, işlər görüldükcə, tədbirlər keçirildikcə səhifəni yeniləyirlər. “Yenilənmə” deyəndə nəyi nəzərdə tutursunuz sualını isə qurumun adını açıqlamayan əməkdaşı cavabsız qoydu.


“Tədbirlərimiz olur, saytımız mütəmadi işləyir, amma...”

Qobustan rayon İcra Hakimiyyətinin saytına sonuncu xəbər 18 mart 2013-cü ildə yerləşdirilib. Həmin xəbərdə martın 19-da Qobustan şəhərində kənd təsərrüfatı məhsulları yarmarkası keçirildiyi qeyd olunub. Saytın bir çox bölmələrində heç bir məlumat tapa bilmədik. Sabirabad rayon icra hakimiyyətinin internet səhifəsindəki son dəyişiklik 2013-cü il aprelin 25-də olub. Həmin tarixdə səhifəyə qoyulan son məlumat Sabirabadda akademik Zərifə Əliyevanın 90 illik yubileyi ilə bağlı xəbərdir. Bundan sonra səhifədə heç bir yenilənmə olmayıb. Rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov mətbuata verdiyi açıqlamada problemi müxtəlif səbəblərlə izah edir. “Hər halda rayondur, deyim ki, gündə tədbirlərimiz artıqlaması ilə olur, elə deyil. Ancaq mütəmadi sayt işlədilir”,- deyə o əlavə edib.

Qusar rayon İcra Hakimiyyətinin saytına sonuncu xəbər 20 dekabr 2012-ci ildə yerləşdirilib

Qazax rayon İcra Hakimiyyətinin saytı 2013-cü il iyulun 5-də yenilənib. Xəbərdə  ölkə başçısının rayona səfər etməsindən yazılıb. Şabran RİH-də də sonuncu xəbər bu ilin iyulun 22-də, Xızı RİH və Abşeron RİH-də mayın 10-da gül bayramı ilə bağlı, Saatlı RİH-də 2013-cü il sentyabrın 5-də, Şabran RİH-də iyulun 22-də,  Biləsuvar RİH-də isə martın 12-də yerləşdirilib.


Ümumiyyətlə, bu sahədə rekord Qusar RİH-ə məxsusdur. Sonuncu xəbər 2012-ci il dekabrın 20-də prezidentin bölgəyə səfər etməsi ilə bağlıdır. Saytın “Şura” bölməsi ilə yanaşı bir çox səhifələrdə də məlumat yerləşdirilməyib. İşğal olunan rayonların saytlarından isə ən passivi Şuşa RİH-dir. Bu rayonun rəsmi saytına yerləşdirilən sonuncu xəbərdə tarix 14 fevral 2013-cü il göstərilir.

“Hər şey birinci şəxsin münasibətindən asılıdır”

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, dövlət orqanlarının demək olar ki, hamısının saytı var, lakin yenilənmir. “Yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin saytları var, lakin çoxunun içərisində heç nə yoxdur. Bu sahədə görüləsi işlər, həll olunacaq problemlər var. Mövcud vəziyyət icra başçılarının bu sahəyə ciddi maraq göstərməməsi ilə əlaqədardır”.

İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu da hazırda bu sahədə köklü problemlərin mövcud olduğunu bildirib: “Bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsi mənfi tendensiyadır. İlk olaraq bu düşüncəli məmurlardan qurtulmaq lazımdır”.

Qanunda nəzərdə tutulanlar...

Əksər dövlət qurumlarının informasiya təminatının zəif olduğunu Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da bir neçə dəfə vurğulayıb.

Vəkil Fariz Namazlı  deyir ki, “İnformasiya əldə etmək haqqında” Qanun olsa da, “İKT” ilə bağlı prezident sərəncamı  olsa da, dövlət qurumlarının saytı ləng işləyir: “Baxmayaraq ki, saytları var, amma öz idarələri ilə bağlı xəbəri belə, digər mətbuat orqanlarından ən tezi bir gün sonra verirlər”.


Bizdən fərqli olaraq, qonşu Türkiyədə istənilən dövlət qurumunun internet saytında qanunda nəzərdə tutulan informasiyaları 15 gün müddətində  əldə etmək mümkündür. Son zamanlarda isə bir çox dövlət qurumları onlayn sistemiylə - dərhal sorğuları cavablandırmağa başlayıblar.

Beləliklə, “Açıq hökumət” təşəbbüsünün həyata keçməsində hər kəs öz vəzifəsinin öhdəsindən gəlməli olsa da, bir çoxlarının buna laqeyd münasibəti göz önündədir.

Günay MUSAYEVA

Yazı  Multimedia Mərkəzinin keçirdiyi “Onlayn Media Müsabiqəsi”nə  təqdim olunur

 

 

 

 

 

 

 

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR