İnsanlara hürriyət, millətlərə istiqlal!

Problemli kreditlərin həcmi artır

1912 15.07.2017 18:22 İqtisadiyyat A A

Azərbaycanın Mərkəzi Bankı (AMB) ölkənin bank sahəsindəki vəziyyətə dair növbəti statistikanı elan edib. Sənədə görə, problemli kreditlərin həcmi aylıq müqayisədə 145,8 mln. manat və ya 9,15%, illik hesablamada isə 225,6 mln. manat və ya 14,90% artıb. Vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 739,8 mln. manat təşkil edir, onların bütün bankların ümumi kredit portfelində payı, demək olar ki, 12%-ə çatıb.

Iqtisadi Təşəbbüslər Mərkəzinin eksperti Samir Əliyev Turan agentliyinə dediyinə görə, bu məlumatlar əyani surətdə göstərir ki, kreditlər üzrə ödəməmələr böhranı getdikcə daha miqyaslı və gözə çarpan olur - axırzaman proqnozları və "dəhşətlər filmi" sahəsindən daha aydın surətdə reallıqlar sahəsinə keçir.

Azərbaycanda keçən ildən davam edən sənaye və ÜDM templərinin azalması (2016-cı ildə ÜDM 3,8% azalıb), büdcə kəsirinin 2015-ci ildə olduğu ilə müqayisədə 6 dəfədən çox artması, maliyyə sisteminin iflici, iqtisadiyyatın komatoz-depressiv vəziyyətə düşməsi, işgüzar fəallığın zəifləməsi, gizli işsizliyin artması, yoxsulluq, real sektorda investisiya böhranı vətəndaşların ödəmə qabiliyyəti problemini dərinləşdirir.

Gündəlik tələbat malları və xidmətlərə: qaz, su, istilik və elektrik enerjisi, həmçinin dərman preparatlarına olan qiymətlərin davam edən sürətli artımı əhalinin maliyyə ehtiyatlarını tükəndirir. Nominal əmək haqqının 6%, real maaşların isə 2,1% artdığına baxmayaraq, bu ilin yanvar-may aylarında insanların aldıqları real gəlirlərin, 13,9%-ə bərabər inflyasiya nəzərə alınmaqla, 3,7% azalmasından ibarət paradoksal hal məhz bununla izah olunur.

Ekspertin sözlərinə görə, ölkədə iqtisadi böhran dərinləşdikcə, problemli kreditlərlə bağlı vəziyyət getdikcə ağırlaşacaq. Kiçik və orta biznes taxtapara üstündədir, insanlar işsiz və yaşayış üçün lazım olan vəsaitsiz qalır və bu, bank kreditlərinin vaxtının ötürülməsinə gətirib çıxarır. Bank kreditləri üzrə ödəməmələrin iqtisadi tənəzzül, investisiya böhranı və əhalinin əksər hissəsinin həyat səviyyəsinin aşağı düşməsi ilə gücləndirilən artımı pozulmuş milli maliyyə sisteminə olduqca ciddi zərbə vura, bank kreditləşdirməsini iflic edə, investisiya komasını dərinləşdirə, həmçinin vətəndaşların istehlak fəallığını azalda bilər.

Bu arada, Milli Məclisin deputatı Vahid Əhmədov Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sahəsində vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlərinin səmərəliliyi xüsusunda kifayət qədər kəskin tənqidi mülahizələr söyləyib. Onun fikrincə, bu qurumun yaradılması həmin sistemin sağlamlaşdırılması sahəsində müsbət rol oynamadı. Əksinə, 11 bank bağlandı, halbuki kredit təşkilatlarının birləşməsi təklif olunmuşdu. Palata və AMB arasında fikir ayrılığı bankların vəziyyətini daha da ağırlaşdırır.

"Bankların indiki vəziyyəti keçənilkindən demək olar ki, fərqlənmir və bu, onu göstərir ki, görülmüş tədbirlər gözlənilən nəticələri verməyib. İki devalvasiyadan sonra bu təşkilatlar hələ də ciddi çətinliklər çəkir, halbuki hökumət kömək edəcəyini vəd etmişdi. Bu yardımın nədən ibarət olduğu aydın deyil. İqtisadi Siyasət üzrə Parlament Komitəsində biz əmanətçilər üçün dollarla alınmış kreditlərin qaytarılması üzrə 14-səhifəlik plan hazırlamışdıq. Amma təkliflərimizdən heç biri qəbul edilməyib və həyata keçirilməyib. MBNP bu plana əhəmiyyət verməyib, lazımınca düşünülməmiş qərarlar qəbul edib. Bunun nəticəsi isə göz qabağındadır", - deyə V.Əhmədov bildirib.

Bu gün kreditlərin verilməsi, sərmayələrin cəlb olunması, maliyyə sisteminin optimallaşdırılması üzrə problemlər hələ də həll olunmamış qalır. Bankların əsaslı portfeli olmalıdır ki, onlar real iqtisadiyyata sərmayə qoya bilsin. Lakin vəziyyətin təhlükəliliyi ondan ibarətdir ki, kapital axınına görə bankların sənaye və biznesi dəstəkləməsi üçün sərbəst maliyyə resursları demək olar ki, qalmayıb. İnsanlar banklardan öz əmanətlərini geri götürməkdə davam edirlər.

Bir çox ekspertlərin ümumi rəyinə görə, gələcək xüsusunda proqnozlar yaxşı deyil: işsizliyin artması, iqtisadiyyatın ümumi depressiya vəziyyəti insanların gəlirlərinə mənfi təsir göstərəcək, götürülmüş borcları qaytarmağa imkan verməyəcək. Bütün bunlar ödəməmələr böhranını daha da kəskinləşdirəcək və bank sektorunun onsuz da səbatsız vəziyyətini ağırlaşdıracaq .

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR