İnsanlara hürriyət, millətlərə istiqlal!

“Potensiallı kadrlar tezliklə digər qurumlarda iş tapacaqlar” - iqtisadçı

1279 26.01.2019 08:20 İqtisadiyyat A A

Pərviz Heydərov: “Peşəkar kadrlar adətən özəl sektora üstünlük verirlər”

Prezidentin fərmanları ilə Azərbaycanda başladılan struktur dəyişiklikləri zamanı xeyli sayda iş yerinin bağlanması nəzərdə tutulur. Ləğv olunan və ya başqalarına birləşdirən qurumlarda yüzlərlə işçi çalışırdı. Bu baxımdan, dəyişikliklərin reallaşması həm də iş yerlərinin bağlanması deməkdir.

Bu amili nəzərə alaraq prezidentin yanvarın 17-də imzaladığı fərmanda struktur islahatları zamanı iş yerlərini itirən şəxslərin işlə təminatı məsələsinə də diqqət yetirilib. Qeyd olunub ki, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Milli Arxiv İdarəsi və Dövlət İmtahan Mərkəzi ləğv olunan dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə “Dövlət qulluğu haqqında” qanunun 21.1.6-cı (dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük) maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi uyğun olaraq tədbirlər görməlidirlər.

Bundan əlavə, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görmək və nəticəsi barədə Prezidentə məlumat vermək tapşırılıb.

İki gün əvvəl prezident bir daha bu məsələnin üstünə qayıdıb. Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında çıxış edən ölkə rəhbəri hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatlarının aparıldığını xatırladıb: “Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.

Göründüyü kimi, struktur dəyişiklikləri nəticəsində işsiz qalacaq şəxslərin işlə təminatı üçün dövlət tərəfindən bir sıra addımlar atılacaq. Lakin aydın məsələdir ki, dövlət idarəetmə aparatındakı dəyişiklikərin bir məqsədi də büdcə vəsaitlərinə qənaət olunmasıdır. Bu baxımdan, iş yeri bağlanan hamının yenidən dövlət sektorunda işlə təmin olunması bu məqsədə nail olunması baxımından məqbul variant hesab olunmur.

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, dövlət idarəetmə orqanlarına dair struktur islahatları özündə həm də kadrlar üzrə təkmilləşdirməni, bu sahədə keyfiyyətin artırılmasını, daha az məsrəflə daha çox və daha böyük həcmdə işin yerinə yetirilməsinə nail olmağı ehtiva edir: “Və bu zaman, ixtisarların olması labüd xarakter daşıyır. Dövlət büdcəsi xərclərinin səmərililiyini artırmaq, həm də idarəetməni yaxşılaşdırmaq tədbirləri bundan yan keçə bilməz. Lakin bəllidir ki, ölkəmizdə işsizlik səviyyəsinin mümkün dərəcədə aşağı endirilməsi və ən aşağı həddə saxlanılması dövlətin və hökumətin sosial-iqtisadi siyasətində daimi yer tutur. Və bunun üçün bütün vasitələrdən istifadə edilir. Demək olar, bütün icra strukturları bu vəzifənin həyata keçirilməsində maraqlı sayılır və yaxından iştirak edir. Odur ki, heç də təsadüfi deyil ki, sonuncu fərmanlardan birində ləğv olunan dövlət qurumlarında (struktur bölmələrində) işləyən işçilərin tabeliklərində olan digər qurumlarda və ya struktur bölmələrində müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görülməsi də tapşırılmışdır. Söhbət, əlavə və yeni ştatların yaradılmasından deyil, mövcud, amma vakant büdcə üzrə iş yerlərindən gedir”.

Ekspertin sözlərinə görə, potensiallı kadrların özlərinin belə, tezliklə digər qurumlarda iş tapacaqları aydın məsələdir: “Dəxli yoxdur, bu, özəl iş yeri də ola bilər, yenə büdcə təşkilatı da ola bilər. Ümumiyyətlə götürdükdə isə, peşəkar kadrlar adətən, özəl sektora üstünlük verirlər. Bu, hər yerdə belədir. Bir daha qeyd edirəm ki, dövlət və qeyri-dövlət bölməsində çalışan muzdlu işçilərin sayı tədricən həm islahatlar, həm də özəl sektorun özünün intensiv inkişafı yolu ilə ikincinin xeyrinə artmalı və bu sahədə balans mütləq iqtisadi qanunlara uyğun təmin olunmalıdır. Dövlət sektorunda bacardıqca az adam işləməlidir. Bu, mükəmməl idarəetmə mexanizminin mühüm prinsiplərindəndir. Belə bir misal çəkim: indi yüksək texnologiyalı ölkələrdə ictimai nəqliyyat vasitələrinin özləri belə sürücüsüz funksiya göstərirlər. Dövlət idarəetməsi, ümumiyyətlə, iqtisadiyyatın keyfiyyətli, yəni az məsrəflə, mükəmməl və dəqiq idarəolunması tələbi də məhz belədir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR