İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı Şuşaya gətirən vertolyot niyə vurulmadı?

30364 09.05.2018 18:51 Yazarlar A A

Nikol Paşinyan baş nazir seçiləndən yarım gün sonra özü ilə bağlı Azərbaycandakı gözləntilərin üstündən qara xətt çəkdi – Qarabağa qanunsuz soxulmaqla.

Bu gəlişi ilə də bir gün əvvəl “Azərbaycanla danışıqlara hazıram” bəyanatının boş söz olduğunu, fəaliyyəti boyu sadəcə status-kvonun saxlanmasına çalışacağını namayiş etdirdi.

Ötən bir ay ərzində Ermənistanın “qəhrəmanı”na çevrilən Nikol Paşinyan vertolyotla Qarabağa uşdu, Xankəndidə keçirilən bayram mərasiminə qatıldı, Şuşanın işğalının 26-cı ildönümü ilə bağlı... Erməni mediasının yaydığı videokadrları izlədim, ürək ağrısı ilə... Kaftar Zori Balayan da daxil idi Ermənistandan gələn heyətə. Xocalıda türk uşaqların necə qətlə yetirildiyini yazıb, nəşr etdirən, Qarabağda separatçılığı alovlandıran “Ocağ”ın şərəfsiz müəllifi.



Daha sonra Ermənistanın baş naziri Qarabağın baş separatçısı Bako Saakyanla görüşdü. Erməni mətbuatı yazıb ki, Paşinyan “Qarabağ xalqı”nın (?) danışıqlarda iştirakını vacib sayıb.

Bu da Ermənistan hökumət başçısının Serj Sərkisyandan fərqli mövqe ortaya qoymayacağını bir daha təsdiq edən münasibətdir. Ermənistan 1994-cü ildən danışıqlar masasında Qarabağın tərəf kimi iştirakına çalışır, amma Bakı buna imkan vermir. İndi Nikol bu mövqeyi ilə nəyəsə nail olmağa çalışacağını zənn edir. Təbii ki, alınmayacaq. Bəlkə elə özü də bunu anlayır, sadəcə mənasız danışıqları daha 5-10 il uzatmağa çalışır. Məqsəd birdir: nə yolla olursa-olsun Qarabağla bağlı “nə hərb, nə sülh” vəziyyəti davam eləsin, təki nəsillər dəyişsin, sonda Azərbaycan Brayzanın vaxtilə təklif etdiyi kimi, “reallıqla barışsın”.

Paşinyan Qarabağda - Xankəndindən Şuşaya getdi + Fotolar

“Bundan sonra daha 30 il gözləmək ona gətirib çıxaracaq ki, 60 il “müstəqil” yaşamış bir qurumu - hətta o, qondarma olsa da belə - biz heç vaxt yenidən Azərbaycanın tərkibinə qaytara bilməyəcəyik. Çünki dünya da bunu qəbul etməyəcək və biz Qarabağı həmişəlik itirəcəyik. Necə ki, indi Zəngəzurdan, İrəvan şəhərindən danışırıq, Qarabağdan da o cür danışacağıq. Ona görə də borcumuzdur ki, biz daha cəsarətli, düşünülmüş və ağıllı bir qərar qəbul edək…”



Bu fikirləri deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a deyib. Kifayət qədər ciddi xəbərdarlıqdır. Kaş ki, deputatın əmək haqqı ilə bağlı təklifləri qədər də onun Qarabağ təklifləri, Milli Məclisdə Qarabağla bağlı xüsusi müzakirənin keçirilməsi və torpaqlarımızın işğaldan azad edilməsi barədə hərəkətə keçilməsi barədə təklifləri geniş ictimai müzakirəyə çıxarılaydı. Axı, deyirik Qarabağ bizim ən böyük dərdimizdir. Millət vəkili statusunda olan şəxs son 30 il ərzində ilk dəfə Qarabağı azad etmək üçün unikal şansın yarandığını deyib. Lakin reaksiya yoxdur...

Təkcə bu da deyil. Nikol Paşinyan Xankəndinə, oradan da Şuşaya gəlib, Azərbaycana diktə etməyə çalışıb, buna cəmiyyət olaraq təpkimiz hiss olunmur. Amma televiziyanın xanım aparıcısı çaşıb “torpaqlarımızı azad edəcəyik” əvəzinə, “torpaqlarımızı işğal edəcəyik” deyib və tökülüşmüşük onun üstünə. Belə olmamalıdır! Özümüz(ünkülər)ə qarşı çox qəddarıq. Düşmənin cinayətini görməzdən gəlirik, soydaşımızın səhvini bağışlamırıq.



Nə isə...Əslində Paşinyan Qarabağa gəlməyə peşman olmalıydı. Necə ki, son bir ay ərzində Ermənistan rəsmiləri Azərbaycan ordusunun Qarabağ istiqamətində fəallaşdığı barədə xəbərlər, videokadrlar yayırdılar, gərək onların bu xəbərlərini gerçək edəydik.

Heç rəsmi qurumların bu xəbərləri təkzibinə də ehtiyac yox idi. Mən öz torpağımı azad etmək istiqamətində cəhdimi niyə gizlətməliyəm ki? Paşinyanı gətirən vertolyot, lap elə onun endiyi ərazi hədəfə alınmalı idi, xəbərdarlıqdan sonra. Paşinyan baş nazir seçiləndən dərhal sonra “sabah Qarabağa gedəcəyəm” dedi. Biz susduq, rəsmi dairələr hərəkətə keçmədi, həmsədr ölkələrə, bizə nağıl danışan beynəlxalq təşkilatlara müraciətlər edilmədi, “Paşinyanın vertolyotunu vuracağıq” xəbərdarlığı edilmədi.

Görəsən, niyə? Bəlkə Paşinyan rəsmi şəxsdir, ona görə vertolyotu vurulmadı? Bəs, 1991-ci ilin 20 noyabrdında məhv edilən bizim dövlət xadimlərimiz kimlər idi?!



Xatırlayırsınız, aprel döyüşlərində Azərbaycanın müdafiə naziri Xankəndinin hədəfə alına biləcəyi barədə xəbərdarlıq etmişdi, düşmən və havadarları necə təşvişə düşmüşdülər. Yaxud Serj Sərkisyan demişdi ki, Xocalı aeroportuna uşan təyyarənin ilk sərnişini olacaq. Arzusu gözündə qaldı, çünki Bakı “vurulacaq” xəbərdarlığını etdi. Beynəlxalq qurumlar da hərəkətə keçib Ermənistan hakimiyyətini qandırdılar ki, bunun axırı yaxşı olmaz.

Nikol Paşinyanın Şuşada İrevan küçələrindəki kimi sərbəst dolaşmasına izn verilməməliydi! Bununla da onun gözünün odunu almaq, İrevanı danışıqlarda ölçülü-biçili davranmağa vadar etmək olardı.

Rəsmi Bakı Paşinyana “Qarabağa gəlsən, danışıqlardan birtərəfli qaydada imtina edəcəyik” xəbərdarlığını etməli idi. Təəssüf ki, bu, baş vermədi. Əvəzində Azərbaycan XİN-ə müraciət edən əcnəbi jurnalistlərə Qarabağa getmək izni verilib. Düzdür, Bakı ərazi bütövlüyünə hörmət edilməsini tövsiyə edib, jurnalistləri işğal altındakı ətraf Rayonlara da getməyə, həqiqətləri yazmağa çağırıb. Bəlkə də həqiqətlərimizin yayılması baxımından, ya Bakıdan icazə aldıqlarına görə bu qərara normal yanaşmaq olar. Amma fakt budur ki, jurnalistlər Paşinyanın brifinqində iştirak üçün Bakıdan icazə istəyiblər.



Bakı bəyan etməliydi ki, bu “baş” Nikol gedib jurnalistləri öz xarabasında başına yığsın, nə qədər istəyir çərənləsin, daha Qarabağda nə ölümü var?! Paşinyan bütün davranışları ilə Azərbaycanı savaşa çəkdi - may döyüşünə...Kəsəsi, aprel döyüşünü xatırlatmaq üçün Azərbaycana şans verdi. Biz sussaq, dünya yanlış anlayacaq. Bizim sərt qərarımız olsa, indi həmsədrlər ən azı yerbəyerdən “vəziyyətdən narahatıq” deyəcəkdilər. Amma indi bizə baxıb, onlar da susur...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR