İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisi dağıdan sarı jiletləri Bakıda da geyinənlər var

2317 12.12.2018 23:31 Ölkə A A

Müşfiq Ələsgərli: “Mətbuat Şurası Fransadakı olaylara görə jiletləri dəyişdirmək fikrində deyil”; Elçin Mirzəbəyli: “Avropa mətbuatı öncə Fransada baş verən prosesləri işıqlandırsın, sonra Azərbaycan haqqında düşünər”

Ötən aydan başlayaraq Fransanın paytaxtı Parisdə etiraz aksiyaları keçirilir. Aksiyaların başlamasına səbəb hökumətin yanacağın qiymətini artırması oldu. Bu qərardan sonra Parisdə və Fransanın bəzi şəhərlərində kütləvi etiraz aksiyaları başladı. Fransa hökuməti, prezident Makron qərarları geri çəksə də, xalqdan üzr istəsə də, aksiyalar dayanmır.

Aksiyaçıların simvola çevrilmiş geyimləri də dünyada maraqla qarşılanır. Onlara şərti olaraq “sarı jiletlilər” deyirlər. Artıq bu rəng və geyim Fransa “inqilabı”nın yeni simvolu kimi qəbul edilir.

Maraqlıdır ki, bu rəng jiletlər Azərbaycanda da istifadə olunur. 2005-ci ildən etibarən Azərbaycan Mətbuat Şurası kütləvi aksiyalarda jurnalistlərin zorakılıqdan və hücumlardan qorunması üçün onlara xüsusi geyim təklif edir. Faktiki bu jiletlər Fransadakı etirazçıların istifadə etdiyi geyimlə eynidir. Bu geyimlər Azərbaycanda “Mən aksiyaçı deyiləm, jurnalistəm” mesajı verirsə, hazırda Avropada gündən-günə güclənən hərəkatın təkan verici simvoluna çevrilib.

Jurnalisti aksiyada fotolar ile ilgili görsel sonucu

Mətbuat Şurası Avropada başlayan aksiyaların simvoluna çevrilmiş geyimlər və onların rəngləri ilə bağlı hər hansı bir dəyişikliyə gedəcəkmi? Məsələn, Bakıda bu günlərdə hər hansı aksiya olarsa, sarı jilet geyinmiş onlarla jurnalist dünya mediasının diqqətini başqa istiqamətə çəkə bilərmi? Yəni, beynəlxalq mediada “Azərbaycanda da “sarı jiletlilər” aksiyaya başladı” manşetləri verilə bilərmi? Belə bir risk varmı?

 Müşfiq Ələsgərli ile ilgili görsel sonucu

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli “Yeni Müsavat”a bildirib ki, Azərbaycan media təmsilçilərinə paylanılmış jiletlərin dəyişdirilməsi məsələsi gündəmdə deyil:

“MŞ tərəfindən hazırlanaraq jurnalistlərə paylanılmış uniformalar dizayn baxımından bəlkə də fransızların sarı jiletlərinə bənzəyə bilər. Amma ortada ciddi fərqliliklər var. Bizim jiletlər sarı deyil, bir qismi mavi, bir qismi də yaşıl rəngdədir. Həmçinin, üzərində iri hərflərlə PRESS yazılıb ki, bu da onu geyinənlərin media təmsilçisi olduğunu göstərir. Onların jurnalist olması açıq və nəzərəçarpacaq dərəcədə qeyd olunur.

Məsələnin başqa bir yönü budur ki, həmin aksiyaları kimsə dəstəkləmək istəyərsə, öncə bəyanat yayaraq mövqeyini ifadə edəcək. Bilinəcək ki, sarı jiletliləri dəstəkləyən hansısa qrup hansı vaxtda və formada aksiya keçirəcək. Bu baxımdan rənglərin qarışdırılacağından narahat olub press gödəkçələrini dəyişdirməyə, hələ ki, zərurət görmürəm”

Ä°lgili resim

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli də mövzunu “Yeni Müsavat”a şərh edib. O, yerli jurnalistlərin gödəkcələrini dəyişdirməyə ehtiyac olmadığını, sözügedən oxşarlığın qarışıqlıq yaradacağını düşünmədiyini deyib:

“Yalnız jurnalistlərimizin deyil, polislərimizin, küçə süpürənlərin gödəkcələri də həmin rəngdədir. Qırmızı, sarı xəbərdaredici rəngdir. Bu baxımdan seçilir. Mənim otağımda bir neçə rəng gödəkcə var. Göy, sarı, hətta bənövşəyi rəngdə olanı var. Rəng önəmli deyil. Əsas məsələ ondan ibarətdir ki, jurnalistlərimiz təhlükəsiz şəkildə bütün proseslərdə iştirak edirlər və istənilən yerdən, istənilən şəraitdə reportaj hazırlamaq imkanına malikdirlər. Düşünürəm ki, dəyişməyə ehtiyac yoxdur. Yol polisinin də gödəkcələri eyni rəngdədir. Avropa mətbuatı öncə Fransada baş verən prosesləri işıqlandırsın. Liviyadan birbaşa canlı yayım aparan telekanallar bu gün Fransadan bir süjet də yayımlamır. Öncə orada insanların pozulan hüquqlarına münasibət bildirsinlər, sonra Azərbaycan haqqında düşünərlər”.

Könül İbrahim,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR