İnsanlara hürriyət, millətlərə istiqlal!

YARĞAN DAVASI

4941 19.08.2011 09:25 Oxucu poçtu A A
İlk baxışdan bu hadisələrin arasında birbaşa əlaqə yoxdur. Amma İran-Azərbaycan münasibətlərinin “xəstəlik tarixçəsi”ni bilənlər əmindir ki, Bakının etirazına cavab yollayan rəsmi Tehran cənublu dindarların diliylə mesaj göndərməyi də lazım bilib.
İranın baş generalı Həsən Firuzabadinin qaynatdığı zibilin üfunəti artıq hər yana sirayət etməkdədir. O bəyanat əbəs yerə səslənməmişdi və nə qədər təkzib olunsa da, tərəflər və beynəlxalq müşahidəçilər öz dəftərlərində müvafiq qeydlər apardılar.
Bir ildir ki, İran və Azərbaycanın münasibətləri normal məcrada, dostluq-qardaşlıq müstəvisində deyil. Sadəcə, İran elə dövlətlərdəndir ki, xarici siyasətində məşhur fransız diplomatı Taleyranın öyüdləri ilə hərəkət edir: fikirləşdiyini demir, dediyini fikirləşmir, üzdə dostluqdan dəm vurur, dalda da fitvalar verir.
İki dövlət arasındakı münasibətlərin pis məcrada inkişaf etməsinin əsl səbəbi isə ABŞ yetkililərinin ötən il ölkəmizə tez-tez gəlib-getmələri və Azərbaycanı anti-İran koalisiyasına qoşmaq cəhdləridir. Bu amil iki ölkə arasında dərin yarğan açıb.
Ötən ilin sonlarında dünyanı qarışdıran “Vikiliks” saytında bu xüsusda (amerikalıların ölkəmizə gəlişinin gerçək səbəbləri barədə qeydlər) yer alan təfərrüatlardan sonra İranın üzü tamam dönüb. Bütün qonşuları ilə problemləri olan bu dövlət Azərbaycandan da quşqulanır və ona əlinin altındakı rıçaqla təsir etmək istəyir.
Bu rıçaq din amilidir. İran və Azərbaycan əhalisinin böyük hissəsinin milli, dini, hətta məzhəb birgəliyi olduğundan rəsmi Tehran dağa-daşa düşmür, ən işlək vasitədən yararlanır. Amerikalı missionerlər ölkəmizə ayaq açandan etibarən bu ölkədə dindarların sıxışdırılması barədə mülahizələr səslənir, bəyanatlar yayılır.
Məsələni qəlizləşdirən məqam odur ki, Azərbaycan rəsmiləri dini tolerantlıqdan nə qədər çox danışsalar da, müxtəlif dini konfessiyaların yerini, rolunu dəqiqliklə müəyyən edə bilməyiblər. Mütləq hansısa konfessiya daha böyük imtiyaz, səlahiyyət tələb edir və yabançı sayılan təriqət, məzhəb, sektaların qadağan olunmasını istəyir.
Özünü dünyəvi dövlət elan edən ölkədə bu yolverilməzdir. Belə olarsa bu, ölkənin teokratik rejimin astanasına gəlməsi deməkdir.
Ona görə də Azərbaycan dövləti olduqca təhlükəli tendensiyanı önləmək üçün müxtəlif tədbirlər görür və arada barıtı çox qoyur, qurunun oduna yaşı da yandırır.
Dindar adamların cibinə narkotik maddə, evlərinə silah qoyulması, sonra “tapılması” bu qəbildən olan addımlardır.
Əgər bir qrup dindarın dövlət əleyhinə fəaliyyətləri hüquq-mühafizə orqanlarına bəllidirsə, onlar bunun qarşısını vaxtında və haqq-ədaləti gözləyərək, gerçək dəlil-sübutlara malik olaraq almalıdırlar. Bir iranlı generalın açıqlamasından sonra bunu etmək düzgün deyil. O general susardısa, nə olacaqdı? Demək, o zaman dövlətçilik əleyhinə işləyənlər öz fəaliyyətlərini sərbəstcə davam etdirə biləcəkdilər?
Bu durum haqsız olanı da haqlı göstərə bilir. Elə cənublu dindarlar da yaydıqları bəyanatda möminlərin evlərindən silah, ciblərindən narkotik maddə “tapılması”nın qurama iş olması üzərinə vurğu salırlar və bu zaman onlar haqlıdırlar. Halbuki hamı bilir ki, “silah və narkotik maddə tapmaq” fəndi vətəndaşları müvəqqəti təcrid etmək üçün düşünülmüş əlverişli vasitədir. Daha böyük ittihamları irəli sürərək kimisə həbs etmək vaxt və ciddi dəlillər istəyir.
Hər şey ortadadır. Bu dövlətdə dini partiyanın fəaliyyətinə icazə verilmir, ancaq belə partiyalar, siyasi qurumlar var. Təcrübə göstərir ki, əslində onların təşkilatlanması işi pis getməyib və bu qüvvə yeri gələndə güc mərkəzi rolunu oynaya bilər.
Azərbaycan hakimiyyəti həmin qüvvənin xaricdən, konkret olaraq İrandan idarə edilməsindən narahatdır və buna qarşı tədbirlər görür. Özü yarğan, uçurum üstündə olan İran həmin qüvvəni özününkü hesab edir və onun əliylə Bakını yarğana itələmək istəyir.
Belə görünür ki, bu dava inanc davası deyil. Bu, İranın Amerikaya qarşı dirənişinin ortaya çıxardığı yan qovğalardır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR