İnsanlara hürriyət, millətlərə istiqlal!

ÖZ DÜŞMƏNİMİZİ TANIYIRIQMI?

1439 10.04.2009 08:15 Oxucu poçtu A A
Kimdir adına “düşmənlərimiz” dediyimiz o qüvvələr? Yetişməkdə olan gənc nəsil, elə yaşlı soydaşlarımız da onları tanıyırmı? Bu dəfəki sorğumuz bu suallara cavab tapmaq məqsədi daşıyırdı.
İlk respondentimiz daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Vüsal Zeynalov oldu. Vüsal bəy hesab edir ki, ölkəmizin və millətimizin əzəli və əbədi düşməni xain, nankor ermənilərdir: “Rusiya isə öz mənafeyi üçün bizim ölkəmizi tarix boyu ermənilərə satıb”.
Evdar qadın Nərgiz Nəsirova   belə düşünür ki, əsas düşmənimiz ermənilərlə ruslardır: “Qarabağ onların hiyləsi ilə əlimizdən alındı. Ermənistandakı dədə-baba torpaqlarımızı da bu yolla işğal ediblər. İran da bizə qarşı düz mövqedə deyil. Farslar da ermənilərə yardım edib və indi də edir. Düşmənlərimiz göz önündədir”.
İşsizlik ucbatından Azərbaycanı tərk edərək Rusiyanın Sankt-Peterburq şəhərinə gedən və orada kiçik bir restoranda qulluqçu işləyən Elçin Əliyev deyir ki, bizim ən böyük düşmənimiz ermənilərdir. O, Rusiyaya düşmən kimi baxmır: “Düzdür, ruslar bizim dostumuz da olmayıb. Amma Azərbaycan əhalisinin 60-70 faizi bu gün məhz Rusiyanın hesabına özünə çörəkpulu qazanır. Bunu da gərək unutmayaq”.
ABU-nun tələbəsi Əkrəm Ələsgərov ermənilərə Azərbaycanın ən böyük düşməni kimi baxır: “Başqa bir əsas düşmənimiz də Rusiyadır. Çünki ermənilər təklikdə heç kimdir, qorxaq bir millətdir. Onlar həmişə başqa dövlətlərin köməyi ilə bizə təsir ediblər. Rusiya olmasa, Qarabağ da qorxaq ermənilərin əlində olmazdı. Bizimlə müharibəni Ermənistan yox, Rusiya dövləti qazandı. Ona görə də ən azı ermənilər qədər ruslara da nifrət edirəm”.
Təqaüdçü Əli dayı xalqımızın düşmənlərinin çox olduğunu dedi: “Əsas düşmənimiz ermənilərdir. Rusiya da bizim düşmənimizdir. Onlar bizim neftimizə, qazımıza, təbii sərvətlərimizə göz dikir. Əllərində əlac olsa, qanımızı da içərlər. Əsas dostumuz isə Türkiyədir, onlar tarix boyu bizə dəstək olub, Azərbaycanın dar günündə imdadımıza yetişiblər”.
BDU-nun tələbəsi Aysel Əhmədova da ən birinci düşmənimizin xain, qəddar ermənilər olduğunu dedi: “Rusiya və İran da bizim düşmənlərimizdir. Ümumiyyətlə, ölkəmizin sərvətlərinə, torpağımıza göz dikən bütün dövlətlər bizim düşmənlərimizdir. Tək dostumuz Türkiyədir. Amma son zamanlar onlar da geri addım atmağa başlayıb. Bizim xarici düşmənlərdən başqa daxili düşmənlərimiz də çoxdur. Biz bu daxili düşmənləri aradan qaldırıb özümüz bir olmalıyıq”.
Əməkdaşımız Əfqan Muxtarlının 7 yaşlı qızı Əsmər də bizim sorğuya qatıldı: “Rusiya ən böyük düşmənimizdir. Çünki ruslar ermənilərə silah verir. 20 yanvar faciəsini də ruslar törədib. Rəsulzadənin qurduğu dövləti də ruslar dağıdıb. Ruslar olmasaydı, ermənilər bizə hücum etməzdi. Bunu mənə evdə atam öyrədib”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR