İnsanlara hürriyət, millətlərə istiqlal!

«OĞLUMA VƏ HƏYAT YOLDAŞIMA QANUNİ ƏLİLLİK DƏRƏCƏSİ ÜÇÜN RÜŞVƏT İSTƏYİRLƏR»

2393 28.08.2009 08:49 Oxucu poçtu A A
«Həyat yoldaşım Hökumə Məmmədova 2007-ci ildə Bakı şəhər Neyrocərrahiyyə xəstəxanasında onurğa sütunundakı yırtıqdan ağır əməliyyat edildi. Əməliyyatdan sonra onda şikəstlik əlaməti qaldığından, həkimlər ona II qrup əlillik dərəcəsi üçün sənəd verdilər. Lakin Sabirabad rayonlararası tibbi sosial ekspert komissiyasında sənədə baxan olmadı. Dedilər II qrup əlillik üçün 500 manat ödəməliyəm. Baş həkim Rasim Gözəlova çox xahiş-minnət etsəm də, xeyri olmadı. Bir il təkrar müraciətlərdən, get-gəldən sonra həyat yoldaşıma qanunsuz olaraq III qrup əlillik dərəcəsi verildi. Bundan başqa, oğlum Fazil 23 ildir ki, bronxial astma xəstəliyindən əziyyət çəkir. 16 yaşına kimi o, I qrup əlillik dərəcəsi üzrə pensiya alıb. 16 yaşdan sonra Rasim Gözəlov nədənsə dedi ki, oğluna bu qrup üzrə əlillik dərəcəsi düşmür, bunun üçün 1000 manat gətirməlisən. Buna isə imkanım yoxdur. Hazırda özüm 85, həyat yoldaşım isə 44 manat pensiya alırıq. Ailəmiz bu pensiyaların ümidinə dolanır. Bu isə heç iynə-dərmana çatmır. Oğlumun müalicəsi üçün xüsusən bahalı dərmanlar lazımdır. Biz dərdimizi hara deyək? Hazırda əksər "VTEK"-lərdə bu tipli qanunsuz əməllərin baş verdiyi hamıya məlumdur. Necə deyərlər, tibbi sosial ekspert komissiyalarının əməllərinin elə komissiyaya ehtiyacı var. Əlillər qıraqda qalır, sağlam adamlara əlil vəsiqəsi verilir. Mən bu məsələ ilə bağlı Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasında və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qəbulunda da oldum. Problemimin araşdırılacağı vəd edilsə də heç bir faydası olmadı. Ümid edirəm ki, aidiyyəti qurumlar qəzetinizdən belə neqativ hallar barədə oxuyub bir nəticə çıxaracaq".
Qeyd edək ki, məsələ ilə əlaqədar yazıda adıçəkilən baş həkimlə əlaqə yaratmağa çalışdıq. Telefon zəngimizə cavab verən olmadı. Katibəsi əlaqə yaradacağını vəd etsə də, bizə Səhiyyə Nazirliyinin nəzdindəki, «Yeni həyat» qəzetindən zəng gəldi. Qəzetin əməkdaşı bildirdi ki, vətəndaş təkrar olaraq Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsin, problem araşdırılsın. Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR