İnsanlara hürriyət, millətlərə istiqlal!

«MƏN NAXÇIVANLIYAM, SƏNİ BAKIYA HƏSRƏT QOYARAM»

5275 12.07.2009 08:52 Oxucu poçtu A A
«Mən naxçıvanlıyam, bizə böyüklər himayəçilik edir, bütün məhkəmə orqanlarında adamlarımız var, səni Bakıya həsrət qoyaram» hədə-qorxusu ilə təzyiqlərə məruz qaldığını, ailəsinin və özünün həyatının təhlükədə olduğunu yazan X.Baxışov pozulmuş hüququnun bərpası ilə bağlı aidiyyəti qurumlardan kömək istəyir: «Kasıbçılıq üzündən mənzilimi 2006-cı ilin avqustunda makler İmaməli Hüseynovun vasitəsilə Faiq Mehman oğlu Əhmədova (Naxçıvan şəhər, Afiyəddin Cəlilov küçəsi, 1, mənzil 14-ün sakinidir) bir il müddətinə kirayəyə verdim. Bir ilin tamamında kirayənişin daha bir il də qalmasını xahiş etdi, məcburən razılaşdım. Bir il sonra dedim ki, Faiq müəllim, mənzili tərk edin, yaşamağa başqa yerimiz yoxdur. O isə sərt şəkildə bizi təhqirlə, söyüşlə qapıdan qovdu. Dedi ki, evdən əlini çək, unutma ki, mən naxçıvanlıyam».
Şikayətçinin yazdığına görə, F.Əhmədov bir qrup dələduzla birləşib qoçuluq edir: «Özünü Faiqin qardaşı kimi təqdim edən Xaliq adlı şəxslə «Heydər parkı»nda görüşdük, mənə dedi ki, hacıyam, düzlüyün tərəfdarıyam, de görüm Faiq sənə pul veribmi. Mən dedim ki, bu, böhtandır. Elə bu vaxt həmin Faiq başının bir dəstə adamı ilə bizə hücum etdi, hətta həyat yoldaşım xəsarət aldı. Üç gün sonra isə bizi Nizami rayonu 24-cü polis bölməsinə çağırdılar ki, guya Faiqi döymüşük. Araşdıranda məlum oldu ki, bunun əksi baş verib və hazırda onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi Nizami Rayon Məhkəməsində hakim Cahangir Yusifovun icraatındadır".
X.Baxışovun yazdığına görə, bu işdə F.Əhmədova Nizami Rayon Məhkəməsinin sədri havadarlıq edir: «Faiq qanunları əzbərləməklə özünü hüquqşünas, jurnalist kimi təqdim edir, amma unudur ki, o, məndən ev almış olsa, bu, bank sistemi ilə və qanuni alqı-satqı yolu ilə edilməlidir. O, heç bir əsası olmadan saxta sənədlə məni məhkəməyə verdi. Hakim Şahin Atakişiyev 15 yanvar 2009-cu ildə vəkilimin, şahidlərin və mənim iştirakım olmadan qeyri-obyektiv qərar verdi. Sonradan məlum oldu ki, Atakişiyevə məhkəmənin sədri Məhəmməd Əkbərov belə tapşırıq verib».
Bakı Apelyasiya Məhkəməsi isə Atakişiyevin qətnaməsini qanunsuz qəbul edərək onun cəzalandırılmasına dair xüsusi qərardad çıxarıb və F.Əhmədovun sözügedən mənzildən çıxarılmasına dair qətnamə verilib. X.Baxışov yazır ki, bu qərarın icrası müxtəlif bəhanələrlə ləngidilir: «Guya Nizami Rayon Məhkəmə İcraçıları Şöbəsinin müdiri Kamal Əliyev təqdimat verib ki, qətnamənin icrası 1 ay ləngidilsin. Lakin o, belə qətnamədən xəbərsiz olduğunu deyir. Faiq son məhkəmədə heç kəsdən çəkinmədən mənə dedi ki, ləzgi köpəkoğlu, onsuz da Naxçıvandan Azərbaycan Ali Məhkəməsinə gətirilmiş hakim İslam Əliyev sənin belini sındırıb Apelyasiya Məhkəməsinin qərarını ləğv edəcək».
Məsələ ilə əlaqədar X.Baxışovun vəkili Hidayət Rüstəmbəyli ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, qanunvericiliyin tələbinə görə ümumiyyətlə yuxarı məhkəmənin göstərişini, qətnaməsini aşağı məhkəmə instansiyasının dayandırmağa ixtiyarı yoxdur: «Biz bütün bu saxtakarlıqları sübuta yetirəcəyik».
P.S. Yazıda adı çəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR