İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənddə qəzet məsələsi

1300 05.11.2014 08:11 Oxucu poçtu A A

- Cəvan oğlan, bir dənə "Müsavat" verim. Şenolun qəzetidi. Əla qəzetdi !

Qara, əyri- üyrü şriftlər, indiki  ölçünün dörddə biri qədər səhifələr. Mənim bu qəzetlə ilk tanışlığımdan yadımda qalanlar bunlardı. O vaxtlar arabir gəlib çıxırdı, əldən-ələ də olsa. Tələbəlik illərimdə gündəlik oxuyurdum. Kənddə yaşadığım vaxtlar da, necə olsa, xahiş-minnətlə aldırıb gətizdirirdik. 

Son illərsə müşkülə çevrilib. Nəinki  kənddə, heç rayon mərkəzində də tapmaq olmur.  Kəndə istirahətə getdinmi, vəssalam, qəzetsiz qalacaqsan. Səhəri qəzetlə açmağa alışmış adama, çox çətin gəlir qəzetsizlik.

3-4 ilin söhbətidi, kəndin meydanında oturmuşdum ki, gördüm taksi dayandı. Kəndçim Vahid düşdü. Bakıdan gəlirdi. Çiynində yol çantası. Əlində də, qəzet. Bay... Allah hardan yetirdi bunu... Gözucu baxan kimi gördüm ki,  Vahidin əlindəki qəzet həmin qəzetdi...

- Qəzeti gətir bura, sən qəzet oxuyansan?

- Dədəm canımı alar, tapşırıb dönə-dönə...

Düz deyirdi, özü qəzeti ancaq  krossvord üçün alsa da, dədəsi  oxuyan idi, uşaqları kəndə gələndə həmişə qəzet gətirirdi kişiyə.

- Yaxşı, gəl bir siqaret çək gedərsən. 

Bir siqaret çəkincə, nə yolnan olsa, alacaqdım qəzeti, sadəcə vaxt lazım idi. Gəlib siqaretini yandırdı. Alışqanla sanki beynimdəki qığılcıma da od vurdu.

- Vahid , gəl bir oyun oynayaq. Sən o qəzeti aç, yazıdan bir cümlə oxu, mən onun müəllifini deyəcəyəm. Deyə bilsəm, qəzet mənimdi, deyəmməsəm, götür apar. 

- Bah! Sən nə bilirsən, hansı yazını kim yazıb, bugünkü qəzetdi ey...

- Bilmərəm , lap yaxşı , götür apar qəzeti. Heç dədən oxuyandan sonra da istəməyəcəm. Amma belə elə, 14-cü səhifəni açma, bu gün beşinci gündü, orda dini yazı olacaq. 7-ci səhifədə  bir partiya şəkil, yazı-zad yerləşdirir, onu da keç. Bir səhifə də, adətən Qarabağ problemi ilə bağlı yazı olur, KİVDF-nin səhifəsidir. Onnan qalan nə var, aç bircə kəlmə məlumat ver, vəssalam.

Kəndçim azacıq duruxmuşdu, amma sındırmadı özünü. Qəzetin orta bir səhifəsini açdı.

- Müsahibədi. Sirus Təbrizliynən.

- Aydındı, Elşad Paşasoy alıb müsahibəni. Nətər ki, hər şey kiminsə monopoliyasındadı, bu qəzetdə də deputatlar, vəzifəlilər Elşad bəyin monopoliyasındadı. Parlament müxbiridi. Bir layihəsi vardı “Bir bazar günü” , axırda onu yığıb kitab da eləmişdi. Amma yaxşı köşə yazıları da olur. Çox millətçi oğlandı, çoxdanın jurnalistidi. Hə, de gəlsin.

Vahid üzünü turşudub səhifələri axıra doğru açdı:

- Böyük yazıdı, adı da “Dünyada ən çox...”

Sözünü bitirməyə qoymadım:

- Sevinc Telmanqızıdı. Yanında bir köşə yazısı da olmamış olmaz. Proje desən, proje, reportaj desən reportaj eləsin, müsahibələri də əla olur . Di gəl dayanmır, bir şey oldumu, sabahısı o hadisənin dünya üzrə harda, necə, nə vaxt olması haqda yazısı hazırdı. Çox qoçaq qızdı... Oxu gəlsin .

Qəzeti bir də başa səhifələdi.

- Türkiyədə...

- Aygün Muradxanlının yazısıdı. Nədən desən yazar, amma Türkiyə, türkçülük mövzusu yaralı yeridi. Qəzetin “ağır abla” larındandı.  Qorxu - hürkü də bilən deyil. Od -alovdu ...
- Dədəm canımı alacaq... xeyli yazı qalsa da, Vahid məğlubiyyətə hazır idi.
- Oxuyum,  gətirim verim də. Əziyyətə salma özünü. İqtisadi yazı olsa, Qadir İbrahimlidi, arada riyazi səhvlər etsə də, əla iqtisadçı jurnalistdi. Siyasi təhlil olsa, Azər Rəşidoğludu, yarıyacan heç nə başa düşməsən də yarıdan sonra hər şey aydın olur yazılarında. Kriminal yazı olsa Elşən Balaxanskidi, kriminalın atasıdı kişi, harda hadisə var, ordadı.  Dindən yazırsa, Kənan Rövşənoğludu, özü də mütləq qeyd edəcək ki, filan hadisəni İslama bağlamaq düzgün deyil, əsil İslam bu deyil. Dava - şava mövzularıdırsa Röya Rəfiyevadı, təbiəti ilə yazıları  düz mütənasibdi. Hansı yazıdan bir  cümlə oxusan, biləcəm. Qəzeti ver!

- Yox e, tək sən deyənlər deyil axı. Köşə yazıları da var. 

- Məni incitmə a kişi, 8-ci səhifə, daimi, dönməz və əbədi olaraq Zamin Hacınındı. Heç kəsə güzəştə getməz, getsə nə olacaq e. Yenə o yeyib, doyub, yerinə gələn ondan da pis olacaq. Bir də iki imzaynan yazan Xalid Kazımlıdı, onu da nəinki bu qəzetdə, xaricdə də çap olunsa tanıyaram. Düzdü, hərdən özü də çaşır,  imzaları qarışdırır, amma eybi yox. Hər gün yazmaq hər kişinin işi deyil axı... Yazı səni keçmişlərə aparırsa, Mahal İsmayıloğludu. Oxudun, bir şey başa düşmədinsə, Elşad Məmmədlidi. Bir az qəliz yazır, bir-iki dəfə oxumaq lazımdı. Hə, bir də Azər Ayxandı, o da son vaxtlar hirslənəndə yazır. Onun da nəyə hirsləndiyini bilirəm,  bir kəlmə bəs edir.  Qalan da bayaq adlarını çəkdiklərimdi, hərə öz üslubunda yazır, bir söz də oxusan tanıyacam.


- Bir söz belə?
Bir az böyük danışmışdım, amma ta qayıtmaq olmazdı, yoxsa  cığallıq eliyib qəzeti verməyəcəkdi.

- Həəə, lap bir söz belə...

Başladı qəzeti ələk -vələk eləməyə, sifətinin ifadəsindən gördüm ki, sevinir, nəsə tapmışdı.  Beynində oxudu -oxudu, axırda bir söz tapıb, ucadan dedi:

- “İlginc”
Qalxıb qəzeti əlindən aldım:

- Ver görüm bura. Söz tapdın oxumağa. Rauf Arifoğludu, çox az yazır son vaxtlar, ver görüm nə məsələdi?

Siqaretini əlində söndürdü. Sonra yerə atdı, əvvəlcə ayaqqabısının burnu ilə, sora dabanı ilə xeyli əzdi. Sonra da götürüb aparıb zibil qabına atdı. Qayıtdı gəldi, sakitcə üzümə baxdı:
- Dədəmə nə deyim, nə  vaxt göndərəcəksən?

- İki saata göndərirəm, amma getmə. Gəl sənə bir az əvvəllərdən də danışım. Qabil Abbasoğlunun redaktor olduğu vaxtlardan. Kişi təcili yardım maşınından idarə edirdi bir ara qəzeti. Böyükkişi Heydərlinin “Yazıçı Qor” vaxtlarından. Qəzetin “dərin dövləti” idi Böyükkişi bəy. Elbəyi Həsənlinin Naxçıvan reportajından. İstəmişdi reportaja azca “duz qatsın”,  məlum kənddən bir lətifə yazmışdı,  o duz daşa dönüb, Bakıda redaksiyaya  yağdı, kişi özü də 3-4 gün  itkin düşdü, gördüm deyən olmadı.  Şahin Cəfərlidən, gəlmiş-keçmiş ən “delavoy”  Yeni Müsavatçılardan olan Səbinə Əvəzqızının dava-şavalıq, məhkəməlik yazılarından. Aynur  İmranova qələmindən, Könül Şamilqızı  imzasından. Azər Qaraçənlini minlərlə oxucunu ağladan “Ay Laçın”ından, “siyasi skandalların  ustası”  Esmira Namiqqızından. İdman səhifəsi olan vaxtlardan, Anar Natiqoğludan, rəhmətlik Adil Qaçayoğlunun hissiyyatsız  oxunmayan futbol yazılarından. Lap belə, Rauf Arifoğlunun  “pamflet” janrındakı yazısından. Yaxşı, bunları tanımırsan bildik, bəs öz yerlimiz  Cavid Cabbaroğlunu da tanımırsan? Baxma, burda yaşamayıb, yazılarından Ordubad iyi gəlir, nədən yazır-yazsın... Ta mən sənə nə deyim. Dədənin xətri olmasa, sənə qəzet verməzdim.

-  Yaxşı, ta sən bilirsən də orda nə yazılıb. Neynirsən daha oxuyub?

- Hardan bilirəm e, indi səndən almadım qəzeti? Mən kimin necə yazdığını bilirəm. 

Sakitcənə çantasını götürüb çiyninə atdı. Evlərinə yox, əks tərəfə getdi. Döngəni burulanda  arxaya döndü:

- Gedirəm əmimgilə, onlara dəyim, iki saata gələcəm. Evə gedə bilmərəm. Dədəm canımı alar...

İndi 25 illiklərini qeyd edəcəklər. Dildə demək asan gəlir. Gör nə qədər zaman keçib. Qəzet üçün az sayıla bilər, amma öz yaşımdan baxanda hiss edirəm, əməllicə  yaşlanmağa bəs edən bir zamandı. Biz yaşlanırıq, qəzet üçünsə cavanlıq yaşıdı bu. 

Biz qocaldıqca cavanlaşan “Yeni Müsavat”,  ad günün mübarək!!! Neçə 25 illərə!!! Bizli ya bizsiz, fərqi yoxdu,  amma oxucun bol olsun!!!  Nə yaxşı ki, çap olundun!!!

Çingiz ÖZGÜR

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR