İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələcəyə məktub

2716 15.08.2015 00:38 Oxucu poçtu A A
Esse
 
“Can dostumsan. Bu məktubu bəlkə indi bilmirsən heç kimə yazmışam. Neyləyək? Ölümdən başlayaq bəlkə? Ölüm son deyil, narahat olma. O qədər günahkarıq ki, yenidən doğulacağımızı bilirəm. Ancaq yenidən insan olaraq doğulmağı və sənin qarşına çıxmağı heç istəmirəm...
 
Səndən nigaranam. “Biz fərqli adamlarıq” demişdin bir zaman. Haqlısan. Mən sevgi dolu biriydim, sənsə kədər içində. Gülüşündə də gizlənmişdi kədər, hiss olunurdu bəzən... İndi də eləsən?
 
İllər sonra nə olacağını yuxularda görürəm. Bu yuxularda hər şey rənglidir, sənin köynəyinin qırışını, mənim dırnaq boyamı dəqiqliklə xatırlayıram... Arzularımdakı kimi kiçik çəhrayı evim, balaca bağçam olacaq o zaman. Sevgi dolu nənə olacam, çoxlu uşaqlarım, nəvələrim, kitablarım, itlərim, pişiklərim və çiçəklərim də olacaq. Səhər ayağa qalxıb öncə yaxınlıqda yatan nəvəmin fısıltısına qulaq asacam, gülümsəyəcəm. Evdə yoxsa, “yaramaz yenə atasına qaçdı”,- deyə düşünüb həyətə düşəcəm. İtimi qucaqlayacam səhər-səhər, sonra balalarını. İtimin də çoxlu balaları olacaq, bilirəm. Hərdən səni xatırlayacam, “məni itlərdən sonra öpmə”,- dediyini. Sənin yerinə də itimi öpəcəm, evə girib mahnı qoşacam, güzgü qabağında durub rəqs edəcəm bir az və günə sevgi, sevinc dolu başlayacam... Sonra mənə zəng gələcək...
 
Ya sən? Sənsə yəqin arzularımdakı kimi tənha olacaqsan o zaman, nə nəvələrin olacaq, nə də çəhrayı evin. Maddi şeylər üçün yaşamadığını demişdin illər əvvəl. Yəqin hansısa yarımtikilidə yaşayacaqsan, ya uçuq bir evdə. Təmir etmək həvəsin olmayacaq, bilirəm... Evini toz, fıncanını ərp, çörək qabını kif, çaydanını his basacaq, təmizləməyə həvəsin olmayacaq. Çatlamış fincanda çay içəcəksən bəlkə, içində günlərlə qalan qara ləkələri yumadan... Çarpayının böyrünə atdığın telefonuna günlərlə zəng gəlməyəcək, zəngli saat kimi istifadə edəcəksən ancaq... Canından çox sevdiyin valideynlərin də yoxdur artıq. Küçədə oynayan uşaqlarla oynamağa isə qürurun yol verməyəcək... Saatlarla susacaqsan itirilmiş keçmişin və dibsiz gələcəyin kölgəsinə baxaraq... Heç qucaqlamağa itin də olmayacaq. Fərqə bax...
 
Mənsə kitab oxuyacam o zaman kiçik kresloda bükülüb. Bəziləri hələ də insanlarla ünsiyyət barədə olacaq. Qəzet alacam tez-tez, ilk olaraq bürcləri oxuyacam. Sənsə oxumağa nəsə axtaracaqsan evin toz basmış künclərindəki torbalardan. Bu məktubu elə o zaman oxumağın üçün yazıram. Çap et, saxla.
 
Hərdən köhnə qəzet keçəcək bəlkə əlinə hardansa, oxumaq həvəsin yaranacaq yenidən. Oxuyub hansısa futbol matçında çəkilən şəklimi görəcəksən-yaşlı azarkeş olaraq. Tanıyacaqsan dərhal, “dəlidir”,- deyəcəksən. Sən futbolu hələ də sevmirsən. Mənsə nəvələrlə də futbola baxmağa gedəcəm hərdən-yenə “Qarabağ”a azarkeşlik edəcəm.
 
Mənsə səni-ölümdən əvvəl-oxuduğum qəzetdə də görəcəm yəqin-qocalar evindən yazılan reportajda. Şəklindən tanış gələcəksən, oxuyub kövrələcəm. Şəkildə gözlərinə baxmağa çalışacam, ancaq şəkil o keyfiyyətdə olmayacaq. Zəng edib jurnalistə təşəkkür edəcəm. Və bir gün səni görməyə gələcəm-qucağımda balaca küçük, yanımda balaca nəvəm, əlimdə də gül olacaq. Yasəməni sevdiyimi bilirsən. Olmasa, başqa bir gül, fərq etməz-məqsəd gül vermək deyil ki...
 
Uzaq keçmişdəki bir şeir kimi qapını döyəcəm qəfil... açıb görəcəksən... mənəm... Çökəcəksən çarpayının küncünə, qaldırmağa çalışacam. Qocalar evində çarpayılar da, otaqlar da kədər qoxur, əzizim. Gəncliyimdə bir neçə dəfə reportaja gedəndə duymuşam. Niyə bizdə qocalar evləri kinolardakı kimi olmadı heç deyə fikirləşəcəm. Fikrimi oxuyacaqsan sanki, gülümsəyəcəksən yenə kədərlə-“hər şey filmlərdəki kimi olmur, bəlkə də heç nə...”. Gülümsəyəcəm mən də. “Səni görməyə gəldim”,- deyəcəm. “Gecdir”,- deyəcəksən yenə, illər öncə də beləydin...
 
Saçlarını qoxlamaq keçəcək içimdən, ancaq oturacam rəngi solmuş stulda və sənə baxacam... Sənsə danışacaqsan əvvəlki kimi. Biz həmişə mövzu tapırdıq danışmağa, yadımda... “Namaz qılırsanmı yenə?”,- soruşacam qəfildən, “Yox, tanrılar buralara gəlmir, duaları eşitmir daha, nə fərq edər ki...”,- deyəcəksən... Mənsə hələ də tanrını tapmadığımı söyləyəcəm. “Səndə, ya səndən ötüb tanrını tapacağıma, sevəcəyimə söz vermişdim, alınmadı. Tanrını elə səndə itirdim. Tanrı bəlkə də ölümünü gözlədiyimiz, onlarsız xoşbəxt olacağını düşündüyümüz insanlar kimidir. Nə onlar ölür, nə də biz xoşbəxt ola bilirik vaxtında. Tanrı dirəşir. Sonra da, öldüyündə gec olur yəqin, tanrı ümidləri öldürmədən ölmür”,- deyəcəm... Hərdən güləcəksən söhbət arası-gülüşün illərdən qalmış kimi...
 
Ayrılanda balaca iti göstərəcəm sənə: “Sənə gətirmişəm, gör necə gözəldir”,- deyəcəm. İstəməyəcəksən, illər əvvəl uşaqdan da imtina etmişdin beləcə... “Qorxma, cəmiyyət it sevgisinə qarışmır”,- deyəcəm, “qalsın səninlə”. Cavabın cavanlıqdakı kimi olacaq: “O, daha yaxşı sahibə layiqdir, gülüm”...
 
Çıxacam otaqdan itimi qucaqlayıb, nəvəmin əllərindən bərk-bərk tutacam... Nəvəmlə soyuq dəhlizdən keçib həyətə çıxacam, boğulurmuş kimi dərindən nəfəs alacam. “O babanı gördünmü, əzizim. Onun kimi olma. Buralar soyuq... Sevgi dolu ol və həmişə yanımda ol”, -deyəcəm ona,- illər öncə sənə dediklərimi... nəvəm məni başa düşəcək-əminəm...
 
Hə, görüşüncə sənə bir məktub da verəcəm, elə bu məktubu. Sən də saxladığın məktubu verərsən o zaman. Mən çıxınca, sən də oxuyarsan qırıq eynəyini taxıb və deyərsən: “Dəlidir, dəli”...

Röya Rəfiyeva,
Kulis.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR