İnsanlara hürriyət, millətlərə istiqlal!

24 YAŞLI GƏNC İSTEDAD İMKANLI ADAMLARDAN YARDIM GÖZLƏYİR

1315 12.04.2009 08:08 Oxucu poçtu A A
Bu sözləri redaksiyamıza telefon açan oxucularımızdan biri söylədi və ardınca Bakının Səbayel rayon sakini Elnur Tahir oğlu Quliyevin üzləşdiyi ağır durum barədə ətraflı danışdı. Elə həmin oxucudan aldığımız bilgilər əsasında Elnurla görüşdük. O, 1985-ci ildə anadan olub. 4 ildir ki, ağır xəstəliklə çarpışır. Deyir ki, 2005-ci ilin aprelində onun rahatlığına son qoyulub: “Bir gün səhər yataqdan durmaq istəsəm də, bu mümkün olmadı. Bir ay hərəkətsiz vəziyyətdə yatdım. ”Kaspar"a apardılar. Bir az müalicə olunandan sonra nisbətən yaxşılaşdım. Əvvəl problemim sol bud çanağında idi. Ancaq sonralar demək olar ki, bütün bədənimdə, boynumda quruma getdi. Həkimlərin rəyinə görə, mənim xəstəliyim spondilartrit adlanan oynaq xəstəliyidir. Amma bu da birmənalı rəy deyil. Bədənim hərəkət etmək funksiyasını gündən-günə itirir. Sağlamlığımın 20-30 faizi qalıb. Deyirlər çox nadir xəstəlikdir, mənbəyi bilinmir. Həkimlərin yazdığı dərmanlar da sadəcə ağrıkəsici rolunu oynayır, müvəqqəti xarakter daşıyır. Ağır iynələr olduğundan bir tərəfdən orqanları sıradan çıxarır".
Elnur sol bud çanağının əməliyyat olunmalı olduğunu deyir: “Həkimlərin sözlərinəə görə, bud çanağının sümüyü yeyilib. Revmoartroloq Eldar Abbasov da bu barədə rəy verib”.
Bəzi mütəxəssislərin məsləhətindən sonra ailə Almaniya həkimlərinə, Bavariyadakı klinikaya müraciət edib: “Oradan cavab gəldi ki, əməliyyata 20 min 500 avro pul lazımdır. Əməliyyat zamanı istifadə olunacaq 6 ampulanın hər birinə 5300 avro gərəkdir. Qarşılanma, yola salınma, tərcüməçiyə isə 2500 avro lazımdır. Ancaq kimə üz tutduqsa, bizə yardım edən olmadı”.
Elnur bildirdi ki, yardım almaq ümidi ilə Xəzər TV-nin “Həyat var” verilişinə çıxıb. Ondan sonra zənglər olub, məlumat alıblar. Ancaq hamı maraqlanıb, heç kim yaxın gəlməyib: “15-20 nəfər kömək göstərəcəyini vəd etsə də dediklərinə əməl edən olmadı. Keçən il Heydər Əliyev Fonduna yazmışdıq. Məktubu tədbir görülməsi üçün Səhiyyə Nazirliyinə göndərdilər. Nazirlik də məni Travmotologiya və Ortopediya İnstitutuna göndərdi. Ancaq aldığım müalicənin faydası olmadı. Bir həftə əvvəl təzədən fonda müraciət etmişik”.
Elnur Asəf Zeynallı adına musiqi kollecini bitirəndə xəstəliyə mübtəla olub: “O vaxtdan hər şeydən məhrum oldum. Məndə bir ruh düşkünlüyü əmələ gəlib. Daha heç nə gözümdə deyil. Hansı ki, mənim arzum-istəyim olub. 9 yaşından skripka ilə məşğul olmuşam. Mədəniyyət evinin ansamblında işləmişəm. Müğənnimiz Yaqut Babayeva idi”.
Birotaqlı mənzildə yaşayan dörd nəfərlik ailə üzlərinin yalnız biri işləyir. Elnurun anası 3 saylı uşaq klinik xəstəxanasında tibb bacısı kimi çalışır. Atası isə iş olandan-olana günəmuzd işləyir. Elnur qəzetimiz vasitəsilə mömin insanlara, imkanlı şəxslərə müraciət etdi: “İmkanlı iş adamlarına, nazirlərə, deputatlara, mömin qardaşlarıma müraciət edirəm. Köməklərini əsirgəməsinlər. Ən böyük arzum sağlam gəzməkdir. Bəlkə mənim cavan yaşıma baxıb kömək etmək istəyən olacaq. Hər gün məscidə gedib ibadətlə məşğul oluram, dualar edirəm. Nə qədər ağrılı günlər keçirsəm də ümidimi itirmirəm”.
Biz də öz növbəmizdə ümid edirik ki, imkanlı şəxslər 24 yaşlı gəncin həyatına, taleyinə biganə qalmayacaq. “Yeni Müsavat” olaraq biz bu mövzunu gündəmdə saxlayacağıq. Yardım etmək istəyənlər redaksiyamızın telefonlarına, yaxud Elnurun ailəsinin aşağıdakı telefonlarına zəng edə bilər:
(012) 492 46 00, mob: (051) 837 87 67.
Ünvan: Səbayel rayonu, Teymur Elçin küçəsi 4, mənzil 51.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR