İnsanlara hürriyət, millətlərə istiqlal!

ORQAN MAFİYASINA BAĞLI DAHA İKİ KLİNİKA

6800 03.05.2010 04:56 Ölkə A A
Mafiya isə əldə etdiyi hər böyrəkdən 120 min dollar qazanıb. Məlumata görə, söhbət heç də bir-iki bu cür qanunsuz əməliyyatdan deyil, illər ərzində müntəzəm olaraq həyata keçirilən əməllərdən gedir.
Bu qalmaqallı məlumat yayılandan sonra Azərbaycan Səhiyyə Nazirliyinin rəsmisi mətbuata açıqlama verərək onu “uydurma” adlandırmışdı. Nazirlik rəsmisi öz mövqeyini əsaslandırmaq üçün demişdi ki, Azərbaycanda böyrək nəqli ancaq Səhiyyə Nazirliyinin tabeçiliyində olan 3 xəstəxanada mümkündür, onlar da ciddi nəzarət altındadır. Lakin bundan sonra rəsmi açıqlamalar dəyişmiş, hətta bir neçə klinikada araşdırmalara başlanması barədə məlumatlar yayılmışdı.
İndi isə lap yeni bilgilər əldə etmişik. Bu beynəlxalq mafiyanın Bakıdakı fəaliyyəti ilə bağlı məlumatlı olan mənbə dünən redaksiyamıza bildirdi ki, bu böyrək əməliyyatları Səhiyyə Nazirliyinə tabe olan xəstəxanalarda yox, Bakıda fəaliyyət göstərən 7 özəl klinikada aparılıb. Bu klinikaların 3-ü haqqında ötən sayımızda məlumat vermişdik. Bildirmişdik ki, bu klinikalar “Nur”, “Nigar” və “ABU-klinika”dır (sonuncu artıq qapadılıb- Red.). Mənbəmiz isə bizə yeni aşkarlanan digər klinikaların da ikisinin adını açıqladı. Onun dediyinə görə, yuxarıda sadalanan klinikalarla yanaşı bura “Funda” və “Xəzər” klinikaları da daxildir. Bu klinikaların təkcə birində mafiyanın fəaliyyəti boyu 50-yə yaxın orqan nəqli əməliyyatı həyata keçirilib.
Məlumatlı mənbə bildirdi ki, bu məsələ artıq yerli hüquq-mühafizə orqanlarına məlumdur və ciddi şəkildə araşdırılır. Mənbənin dediyinə görə, İsrail polisi mafiyanın fəaliyyəti haqda Azərbaycanın hüquq-mühafizə orqanlarına sorğu göndərib. Araşdırmalar da bu sorğuya əsasən başlanılıb. Mənbə bunu da qeyd etdi ki, mafiya öncə ölkələrin donorluq haqqında qanununa nəzər yetirir. Hansı ölkənin qanununda nisbətən boşluq varsa, mafiyanın maraqlarına uyğundursa, o ölkələrdə biznes qururlar. Azərbaycanın “Donorluq haqqında” qanununa görə, hər hansı şəxs qohumluq əlaqəsində olduğu digər şəxsə orqan bağışlaya bilər, lakin insan orqanının pulla alınması qadağan edilir.
İsrail polisinin açıqladığı rəsmi məlumatda deyildiyi kimi, Bakıdakı klinikalarda daxili orqanları çıxarılan şəxslərə heç bir tibbi sənəd verilməyib, onların üzərində əməliyyat aparılmasına dair sənədləşdirmə də olmayıb. Hüquq-mühafizə orqanları mafiyanın bir neçə qurbanını artıq saxlayıb. Mənbəmiz onlardan 2 nəfərin Şəki, 2 nəfərin isə Bakı sakini olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, orqan əməliyyatı İsrail mafiyası və Azərbaycan Səhiyyə Nazirliyinin birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Yəni İsraildən orqan köçürmək üçün gələn həkimlərin əlində Səhiyyə Nazirliyindən verilən rəsmi icazə olub və əgər iş məhkəməyə gedib çıxsa, onlar bu sənədləri ortaya qoyacaqlar. Mənbə bunu da qeyd etdi ki, bu işdə bəzi yerli televiziyaların da əli var. Çünki bəzi telekanallar xaricdən gələn həkimləri reklam edərək, adamları bu işə cəlb edirlər.
Bu məlumatların doğruluğuna əmin olduğumuz və mənbənin mötəbərliyinə güvəndiyimiz üçün onları dərc edirik. Lakin istənilən halda, özümüzə borc bilərək, adları çəkilən bir neçə klinikaya baş çəkdik. Dediyimiz kimi, “ABU- klinika” bir müddət öncə bağlanıb. Hazırda onun əvəzinə burada “İstanbul” klinikası fəaliyyət göstərir. Klinikanın mühafizəçisi çox tərəddüddən sonra bizə “ABU-klinika” haqda məlumat verdi. Onun dediyinə görə, burada çox az hallarda göz əməliyyatları keçirilirdi: “Əslində bura göz klinikası olsa da, çox nadir hallarda adına uyğun xəstələr gəlirdi. Sonradan burada nəsə baş verdi. Ancaq nə olduğunu bilmirəm. Klinikanı bağladılar. Əvvəl dedilər harasa köçürüləcək. Sonradan məlum oldu ki, burada işləyən həkimlərin çoxu xaricə qaçıb. Daha doğrusu, Türkiyəyə”.
Bunu da qeyd edək ki, klinika keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin ailəsinə məxsusdur. Bu haqda dəfələrlə yazılıb. Görünür, klinikanın bağlanmasına orqan mafiyası səbəb olub.
Daha sonra adı qeyri-qanuni orqan nəqli əməliyyatlarında çəkilən “Funda” klinikasına yollandıq. Bina ümumilikdə 5 mərtəbədən ibarətdir. Gözləmə zalına keçdik. Bir az müşahidə aparandan sonra bir neçə şəkil çəkdik. Bu zaman orta yaşlı bir şəxs bizi saxlayıb niyə şəkil çəkməyimizlə maraqlandı. Harasa zəng vurdu. Danışa-danışa bizdən uzaqlaşanda gözləməyib oradan uzaqlaşdıq.
Baş çəkdiyimiz növbəti klinika “Xəzər” oldu. Bura isə böyrəklərimizi müayinə etdirmək adı ilə daxil olduq. Ancaq istirahət günü olduğundan bazar ertəsi gəlməli olduğumuzu dedilər.
“Nigar” klinikası haqda isə ətraflı məlumat toplaya bilmədik, ancaq o məlumdur ki, bu klinika Tiflis prospektində yerləşir. O da məlumdur ki, “Ailə” adlı qəzet bu özəl klinikada qanunsuz orqan nəqli əməliyyatı aparıldığı barədə hələ 6 ay əvvəl yazıb.
Haqqında yazılan klinikaların da mövqelərini dərc etməyə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR