İnsanlara hürriyət, millətlərə istiqlal!

“ÖLÜMLƏ ÜZ-ÜZƏ DAYANSAQ DA, ONDA BİZ DÜNYANIN XOŞBƏXT İNSANLARI İDİK”

2386 15.12.2012 16:57 Son xəbər A A

REDAKSİYADAN: İnanclı kəsimin tanınmış simalarından olan Hacı Mehdi Şamilli hazırda həbsxanadadır. Milli azadlıq hərəkatının fəal üzvlərindən olan (qəzetimizin baş redaktoru Rauf Arifoğlu ilə bir vaxtlar eyni təşkilatda yer alıb-Red.) Hacı Mehdi bu ayın əvvəllərində tarixi bir gündə  - 4-5 dekabr 1988-ci ildə Azadlıq meydanında yaşadığı hisləri, hadisələri qələmə alıb. Məktub bizə gec yetişdiyi üçün onu indi, həm də kiçik ixtisarlarla dərc edirik. Allah qapısını açsın!

 

*****


Siyasi icmalçı Vil Dorofeyev Moskvada nəşr olunan “Dialoq” jurnalının 1990-cı il mart nömrəsində yazırdı: “1988-ci il noyabr-dekabr meydan hərəkatı Hatəminin Sabir bağında təşkil etdiyi 14,16 noyabr mitinqləri ilə başlamışdı”.

Bəli, 1988-ci il noyabr-dekabr meydan hərəkatı Məhəmməd Hatəmi Tantəkinin rəhbərliyi ilə Sabir bağından başladı. Və dekabrın 4-dən 5-nə keçən gecə o vaxtkı kommunist rejimi tərəfindən amansızlıqla dağıdıldı. Ölən, qəddarca döyülən və həbs edilənlər olsa da, bu hərəkatın dalğası nəinki Azərbaycanın müstəqilliyinə, hətta bütün keçmiş ittifaq respublikalarındakı siyasi hadisələrin milli istiqamətdə inkişafına və SSRİ-nin nəhəng rejiminin dağılmasına səbəb oldu. Üstündən 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq, o günlər, ələlxüsus o mühüm gecə haqqında yazarkən həyəcanlanmamaq olmur. O mitinqlərin iştirakçılarının çoxu Qarabağ döyüşlərində şəhidlik məqamına ucaldı, bəziləri vətəni tərk etdi, bəziləri mənim kimi şərlənərək həbsə atıldı, bəziləri isə xəstə olaraq evdə yatır. Bu sətirləri yazmaqla ölənlərin ruhunu şad etmək istədim. Eyni zamanda bu sətirləri yazaraq hazırda xəstə yatağında yatan, sovet - kommunist rejiminin dağılmasında böyük xidmətləri olmuş, hətta Lex Valensadan qat-qat artıq şöhrətə layiq Azərbaycan xalq hərəkatının liderlərindən biri olan Məhəmmdə Hatəmiyə öz salamlarımı göndərirəm.

Bir gün Hatəmi mənə zəng edərək dedi ki, inandığım şəxslərdən biri də sənsən, şəhərdə məzar yerləri çox bahadır, evdəkilərin gücü çatmaz, imkanın varsa Zabrat qəbristanlığında mənə bir qəbir yeri al. Hazır saxlayaq ki, sən burda olmasan da mən öləndə evdəkilər əziyyətə düşməsinlər. Yerimdə donub qaldım. Azərbaycanın müstəqilliyi üçün canından keçən bir insan indi öz vətənində qəbir yeri tapa bilmirdi. Birtəhər özümü ələ alıb sözü zarafata çevirdim: “Narahat olma, yerdə qalmazsan, bir də ölümdən danışmaq hələ tezdir”, dedim. Amma o gün qəhərdən deyə bilmədiyimi, indi burdan sənə yazıram: Sən çoxdan Azərbaycan xalqının azadlıq aşiqlərinin qəlbində yer almısan. Vaxt gələr, gec də olsa, sənin adına küçə və xiyabanlar salınar, abidələr qoyular. Bilirəm, səni də xalqımızın bu günkü taleyi narahat edir. Lakin narahat olma, bu dünyanı bir dəqiqə sahibsiz qoymayan Allah qadirdir. Hələ bu xalqın koroğluları, babəkləri, səttarxanları, Şeyx Məhəmməd xiyabaniləri, tantəkinləri, mübarizləri yetişib öz sözlərini deyəcəklər.

Milli Məclisin spikeri İsa Qəmbər 17 may 1992-ci il yubiley mitinqində meydan hərəkatının aparıcı şəxsiyyətlərindən danışanda Hatəmi və onun rəhbərlik etdiyi hərəkat haqda belə demişdi: “Birinci, Hatəminin apardığı xətt idi. Bu xətt ondan ibarətdi ki, biz son damla qanımıza qədər mübarizə aparmalıyıq. Bu, öz –özlüyündə çox namuslu-qeyrətli mövqe idi”. (“Müxalifət” qəzeti, 19 noyabr 1992-ci il)

Bu mitinqi sona qədər davam etdirən “Çənlibel” adlanan dərnəkdən yararlanaraq sonralar Xalq Hərəkatı Cəbhəsi - “Qızılbaşlar” adlanan, Məhəmməd Hatəmi Tantəkinin başçılıq etdiyi dəstələr idi”.

Yenə həmin çıxışda İsa Qəmbər: “Dördüncü xətt namussuz adamalrdan olan satqınlıq xətti idi ki, mən bu haqdqa danışmaq istəımirəm. Onlar meydanda, meydandan kənarda çox şeylər edirdilər. Onlar Moskvanın, KQB-n in dediyi ilə oturub duranlar idi”. (“Müxalifət” qəzeti 19 noyabr 1992-ci il).

İndinin özündə də özünü “müxalifət” kimi göstərən satqınların ucabatından əsl müxalifət birləşə bilmir. Xalq onlara inanmır ; Topxana meşəsində 5-10 ağacın kəsilməsinə biganə qalmayıb ayağa qalxan xalq torpaqlarının 20 faizinin erməni qəsbkarları tərəfindən işğalına, xalqın milyonlarla sərvətinin talan edilib xaricə daşınmasına, itkin düşən, əsirlikdə olan oğul və qızlarımızın taleyinə, ev-eşiyindən didərgin düşüb Rusiyaya və digər ölkələrə üz tutan həmyerlilərimizin acı taleyinə, rayon və kəndlərdə yaşayışın pis olmasına, işsizlik ucbatından adicə duz, qənd, yağ və həkimə gedənlərin Biləsuvar, Astara, Yalama və digər gömrüklərdə özündən qat-qat ağır yük daşayan qız-gəlinlərimizin vəziyyətinə, aclıq və səfalət içində yaşayan millətimin acı taleyinə, qarət, qətl, intihar dolu həyatımıza, gənclərimizin “ağ ölüm”lə məhv edilməsinə, Allah əmrinə qarşı çıxıb bir müsəlman dövləti olan ölkəmizdə hicab qadağsına, məscidlərin sökülməsinə, dindarların haqq-nahaq tutulub “narkoman”, “qanunsuz silah” saxlama kimi saxta ittihamlarla həbs olunmasına biganə qalır.

Soyuq dekabr gecəsində (5 dekabr 1988-ci il nəzərdə tutulur- Red. ) “satqınlıq” nəticəsində, bəzi “qəhrəmanların” qorxaqlığı ucbatından meydanda yüzminlərlə insanın az bir qismi qalmışdı. Xalqın mərd və qorxmaz oğul-qızları o soyuq, müdhiş gecədə düşmənlə son dəfə üz-üzə dayanıb, İmam Hüseyn (ə) aişqləri kimi “biz ölərik, zülmə baş əymərik”, deyə ölmlərini gözləyirdilər. Onda biz dünyanın ən xoşbəxt insanları idik. Meydanın bu gecə dağıdılmasından çox az adam xəbərdar olsa da, biz bunu hər dəqiqə gözləyirdik. Yaxın dostlarımızdan biri mənə “hücum bu gecə olacaq, Hatəmini də götürüb meydanı tərk edin”, demişdi. Hatəmi bunu eşitmək belə istəmədi. Mən onun gələcək mübarizəyə lazım olduğunu, burada Mənsur Əlisoy, mən və “qızlbaşlar” qalırıq dedikdə, o, yenə razı olmadı. “Əgər bu milləti mən bura çağırmışamsa, mən onlarla ölümə də bir yerdə gedəcəyəm”, - dedi. Mən “qızılbaşlar”ın bəzilərini yanıma çağırıb bizdən sonrakı hərəkat barədə tapşırıqlar verib meydanı tərk etməyi tapşırdım. Gecəyarı yenə həmin “qəhrəmanlar” tərəfindən mitinqçilərə dağılmaq əmr olundu. Buna məhəl qoymadıqda bütün meydan və ətraf evlərin işıqları söndürüldü. Meydan sanki Tasua gününü xatırladırdı. Və Kərbəla çölünün zərrəsi idi. Çünki yüzminlərlə mitinq iştirakçısının bir qismi qalırdı. Və uzaqdan, bulvar tərəfdən ayaq səsləri get-gedə yaxınlaşırdı. Boş qalmış çadırlarda insanların qalamadığını öyrəndikdən sonra vurub dağıdırdılar. Hamımız durub qalmışdıq, heç vaxt bu vəziyyətlə üzləşməmişdik. Nə etmək lazım olduğunu bilmirdik. Bu zaman Hatəminin səsi ildırım kimi çaxdı: “Ortaya cəmləşin, ortaya” dedi. Nümayişçilər meydanın tribuna yerləşən mərkəzinə tərəf cəmləşməyə başladı. Dairəvi müdafiə quruldu. Mən, Teyyub, Ağa Hatəmini qoruyub gözdən qoymurduq. Çiyin-çiyinə durmuş adamların ürək döyüntüsünün sanki səsi eşidilirdi. Mən Hatəminin üzünə baxdım. O döyüşə atılmaq üçün hazır vəziyyətdə olan cəngavərə bənzəyirdi. Tez-tez bizə “qorxmayın, onlar bizə heç nə edə bilməzlər”, deyirdi. Ayaq səsləri yaxınlaşırdı. Fəvvarələr meydanı tərəfdən Azadlıq meydanına girən əsgərlər bizi mühasirəyə almağa başladı. Mühasirə bitdikdın sonra üzbə - üz dayanmışdıq. Əsgərlərin üzünə çaşqınlıqla baxırdıq. Başlarında dəmir dəbilqə, əyinlərində o vaxtın ağır “bronijilet”i, əllərində şüşə qalxan və rezin dəyənək var idi. Onlar o vaxt deyildiyi kimi, əksəriyyəti yetim uşaqlardan ibarət “KQB”-nin Dzerjinski diviziyasının əsgərləri idilər. Onlar bizdən qat-qat çox idilər, donuq gözləri ilə bizə baxırdılar. Təcili yardım maşınları, yanğınsöndürənlər, “BTR”-lər onlardan arxada gəlib, dayanmışdılar. O zaman oteldən həbsləri lentə alan görüntüləri sonradan televiziyada gördük. “Qadınları ortaya yığın”, - deyə Teyyubun səsi eşidildi. Gözümüzün qarşısında qadınların döyülməsini görmək istəmirdik. Qadınlar dairəvi müdafiə halqasının ortasına yığıldı. Hatəmini vurmaq istəyəndə irəli atılıb əsgəri vurdum. Ancaq əlim dağıldı və hər tərəfdən qarğa-quzğün kimi üzərimizə tökülüb vəhşicəsinə vurmağa başladılar. Əslində dünyanın yarısına hökm edən, heç bir insan hüquqlarına məhəl qoymayan, milyonlarla insanı ölüm düşərgələrində məhv edən bir rejimdən başqa heç nə gözləmək olmazdı. Bir müddət öldüyümü düşündüm. Ancaq ayıldım və sonralar adını öyrəndiyim həbs düşərgələrində istifadə olunan “ölüm cığırı”na düşdüm. Bu, hər iki tərəfdə əlində dəyənək dayanan “canlı dəhliz” idi. Səni vurub o “tunelə” atır və hər tərəfdən səni vurmağa başlayırlar. Ön tərəf açıq olduğundan “tunel”in sonuna qədər döyülməyə məhkum olursan. Haracan getdiyimi bilmirəm, amma hər dəfə yıxılanda qaldırıb vururdular. Beləcə, gəlib çıxdıq sona. Orda isə “sortirovka” edilirdik. Daha fəal olanlar bir tərəfə, qalanları isə başqa tərəfə yığılırdı. Məni saqqallıların yanına, “BTR”-lərin arasına gətirdilər. Orda mən qubalı Aydını və indi deyəsən xarıcdə yaşayan əmircanlı Salmanı gördüm. Hatəmi isə burda yox idi. Mən onu hələ uzun müddət görməyəcəkdim...

Qısa da olsa, 25 ildən sonra o mühüm gecəni qələmə alıb, o anları bir də yaşadım. Babalarımızı məhv edən qəddar bir rejimə qarşı biz qorxmurduq. Bu günü görməyən babalarımın ruhu, ADR-in Müsavat İslam Ordusu ilə Qarabağda erməni daşnakları ilə vuruşub şəhid olan babamın qardaşının ruhu bizimlə çiyin-çiyinə dayanıb gülümsəyirdilər. Mən bunu hiss edirdim. Buna görə yaşamağına dəyər. Vətənimizin müstəqilliyi üçün əlimizdən gələni etdik. Onda əslən İran Azərbaycanından olan Məhəmməd Hatəmi Tantəkin, lənkəranlı alim Mənsur Əlisoy, qusarlı tarixçi Dilarə xanım, qubalı Aydın, sonralar Qarabağ döyüşlərində qazi olan dağlı Teyyub, Qarabağda şəhid olan ağdamlı İlham, əslən Təbrizdən olan İsfəndiyar Coşqun, əslən Tovuzdan olan “Yeni Müsavat” qəzetinin indiki baş redaktoru Rauf Arifoğlu, Keşlə kəndindən olan İlham Ələkbərzadə, ilk Milli qəhrəman, hazırda xaricdə yaşayan Şahin Tağıyev və adlarını sadalaya bilmədiyim Azərbaycanın müxtəlif bölgələrindən olan minlərlə insan vətənimizi işğaldan azad etmək üçün bir yumruq kimi birləşmişdilər. Məhz buna görə də vətənimizi azad etdik. İnanıram ki, nə qədər ki, Azərbaycanı sevən insanlar var yaşamağına dəyər və sözümü o vaxtlar meydanda səsləndirdiyimiz şüarla yekunlaşdırmaq istəyirəm. “Yaşa-yaşa Azərbaycan”, “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim”, “Vətəni sevmək imandadır”.

Vəssalam aleykum və rəhmətullah və bərəkatuh.

Hacı Mehdi Şamilli
Bakı İstintaq Təcridxanası 5-ci korpus, 41-ci kamera

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR