İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin baş arıçısı: “Başımdakı 11 sm-lik şişi arı məhsulları ilə əritdim” - REPORTAJ, FOTOLAR

4813 22.09.2018 10:25 Reportaj A A

Bədrəddin Həsrətov: “Axırıncı dəfə ət nə vaxt yemişəm, yadımda deyil...”

Onun haqqında çox eşitmişdim. Məşəqqətli həyat yaşamasından, zəhmətsevərliyindən, öz işinin bilicisi olmasından və min bir dərdin dərmanı olan bala, bal arısına sevgisindən. Odur ki, fürsət düşmüşkən həmsöhbət olmaq istədim. Bu söhbəti təqdim etməklə həm də istədim ki, insanlar çətinliklərlə başlayan həyatın necə bala çevrilməsinin şahidi olub heç zaman ruhdan düşməsinlər, hədəflərinə doğru inamla irəliləsinlər.

Elə onun sevimli məkanında – “Bal evi”ndə görüşdük. Çobanlıqdan başlayan həyatından, balın faydasından tutmuş, perspektiv planlarına qədər danışdı. İstəyir ki, ölkəmizdə qadın arıçılığının inkişafına nail olsun. Müsahibimiz Qax rayonu, Ləkit kənd sakini, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovdur.  

- Bədrəddin bəy, eşitdiyimizə görə, siz bu təsərrüfatı qurana qədər çox ağır həyat yaşamısınız. Bəlkə söhbətimizi o illərdən başlayaq.

- Mən çoxuşaqlı ailədə böyümüşəm. Baxmayaraq ki, hamı kənddə, kolxozda işləyirdi, amma yenə də ağır həyat idi. Atam kolxozda çoban idi, mən də uşaqlığımdan çobanlıq edirdim, kolxozun qoyununu otarırdım. 2 minə yaxın qoyun idi. Əmim də briqadir idi. Ovaxtkı bizim əyin-başımızla, məktəbə getməyimizlə indiki vəziyyəti müqayisə edirəm, tamam fərqlidir. Sovetlər dönəmi heç vaxt mənim xatirəmdə yaxşı iz buraxmayıb. Çox arzularım ürəyimdə qalıb, təhsil ala bilməmişəm, maddi vəziyyətim buna imkan verməyib. Mən 10-cu sinfi bitirəndə “Son zəng”ə yamaqlı şalvarda getmişdim. O da yadımdadır ki, şalvarımın arxasında tapança kimi bir yamaq var idi. Son imtahanı verdim və yenə çobanlığa getdim, qoyun otardım. Bizim İlusu kəndinin üstündə bir dağ var – Daşuçandı adı. Mən o dağda qoyun otarırdım. Duzumuz qurtarmışdı. Atla düşdüm kəndə ki, duz alım. Orda mənə dedilər ki, “povestka” gəlib, sən əsgər getməlisən. 1983-cü iliydi. Mən o vaxt 20 yaşındaydım. Heç xidmət yadıma düşmürdü, bəlkə mən də kiminsə yadına düşməmişdim. (gülür)

- Ailədə neçə bacı qardaşsınız?

- 12 bacı-qardaş olmuşuq. 8 bacı, 4 qardaş. Mən övladlar arasında axırdan ikinciydim. Atamın birinci ailəsi olub. Yoldaşı dünyasını dəyişəndə körpə qız uşağı yetim qalıb və atam o uşağı Gəncədə uşaq evinə verib. Təəssüflər olsun ki, bu günə qədər həmin uşaqdan xəbər öyrənə bilməmişik. Böyük bacılarım daha çox axtarırlar. “Səni axtarıram”a da gediblər.

- Adı necədir? Bəlkə qəzetimiz yardımçı oldu...

- Adı İnnakə olub. Quranda belə bir ifadə var. Atam dindar idi. Mənim adımı da Qurandan götürüb-“bədirlənmiş Ay” mənasını verir. Amma bildiyimizə görə, bacımın ovaxtkı adı qalmayıb. Atam rəhmətlik tez-tez baş çəkərmiş. Ancaq uşaq evinin yeri dəyişiləndən sonra qızını itirib. Səhv etmirəmsə, 1956-57-ci illərdə olub.

- Əsgərliyiniz harada keçib?

- Əvvəl SSRİ-nin ən cənub nöqtəsi olan Kuşka şəhərində, Əfqanıstanla sərhəddə oldum. Sonra bizi ordan Əfqanıstana, Herata apardılar. Əsgərliyi də orda başa vurdum. Qayıdandan sonra 5-10 gün evdə qaldım və təzədən getdim qoyun otarmağa.

- Maaş alırdınız?

- Çox az, 50-60 manat. Yemək üçün də çobanlara hər ay 2-3 heyvan verirdilər, kəsirdik. Bir də 40-50 şəxsi qoyununu saxlaya bilərdin. Düzü, olduqca ağır həyat idi. Həmişə çöllərdə, yağış, dolu, qar, günəş altında. Amma insan uyğunlaşır. Uşaqlıqdan qoyun otarmışam, amma peşəkarcasına 6 il çobanlıq etmişəm.

- Başqa iş-güc sizi özünə doğru çəkmirdi? Necə oldu arıçılığa başladınız?

- Çəksə də, çəkməsə də, atamın ağsaqqal sözü var idi. Dedi çomağın qalıb orda, götür, get, işinlə məşğul ol! (gülümsünür) Bir dəfə qışlaqdaydıq - Gürcüstanla sərhəddə, Alazan çayının vadisində. Orda Minbərək deyilən bir yer var. May ayı idi. Ümumiyyətlə, mütaliə etməyi çox xoşlayıram, hər gün nə isə oxuyuram. Qoyun yamacda otlayır, mən də kitab oxuyurdum. Başımı qaldırdım ki, Saqqız ağacının koğuşuna bal arısı işləyir. O ağac Alazan vadisində olur, saqqız axırdı ağacdan. Biz ağacı çərtirdik, ordan saqqız axırdı. Yığırdıq, süddə qaynadırdıq, qəşəng saqqız düzəldirdik. Həm də mədədəki problemlərin dərmanı idi... Nə isə, yaxınlaşıb diqqətlə baxmağa başladım ki, görüm bunlar necə həyat yaşayırlar? İlk dəfəydi belə mənzərə ilə rastlaşırdım. Hər gün ona baxırdım. Bir dəfə çobanlara danışdım, dedilər içində bal olacaq, gedək, kəsək. Dedim yox, mən ona baxıb həzz alıram. Bir növ doğmalaşmışdım onlarla. Onda evlə ancaq məktub vasitəsilə evlə əlaqə saxlayırdıq. Kolxoz maşınları gəlib-gedirdi. Məktub yazdım yaxın bir qohumuma ki, mənə arıya aid kitab göndər. Mənim binədə kitabxanam var idi hətta. Kitab oxumaqdan həzz alırdım. Hətta olub ki, kitaba başım qarışıb, sürüyə canavar soxulub (gülür). Çox vaxt kitabları arxa çantamda, ya çöldə gizlədirdim. Çünki əmim hirslənirdi, bəzən vururdu ki, kitab oxumusan, sürü itib. Məktub yazdım, Qulamhüseyn Sultanovun “Arıçılıq haqqında söhbətlər” kitabını göndərdilər. Onu bir neçə dəfə oxudum. Sonra yenə kitab istədim. Bu dəfə rus dilində “Uçebnik pçelovoda”nı (“Arıçılıq dərsliyi”) yolladılar. Daha dərin kitab idi. Mən arının patologiyasına qədər hər tərəfini öyrənməyə başladım və qərar verdim ki, arıçı olacağam.

- Saqqız ailəsindəki arının taleyi necə oldu?

- Dəymədim. Heç balını da kəsmədim. Təzədən yaylağa, İlusu yuxarısındakı dağa köçdük. Bizə ayda bir həftəlik istirahət verirdilər.

- Amma ailə təhsil ardınca getmədiniz. Niyə?

- Attestatda mənim 3 dənə “4”üm var idi, qalanı “5” idi. Ali təhsil almağa imkan yox idi. Atam qabağında oturtdu, dedi ki, təhsil almağa getsən, sənə aybaay pul göndərə bilməyəcəyəm. Çünki onda bacım universitetdə oxuyurdu, ancaq ona pul çatdırmaq mümkün idi. Beləcə ali təhsil almadım.

- Rəhbərlik etdiyiniz Arıçılıq Asossiasiyasından danışaq. Nə qədər arıçı var?

- 5 minə yaxın. 2015-ci ildə təsis etdim. Niyyət yığıncağı oldu, bir il sonra isə təsis toplantısını keçirdik və sənədləri qeydiyyata verdik. 9 aydan sonra qeydiyyata alındıq. Ucqar kəndlərdə yaşayan balçıları bir yerə cəmləmək heç də asan başa gəlmədi. Biz 45 rayonda, 4 şəhərdə birliklər yaratdıq. Buna qədər rayonlardakı arıçılarla danışıqlar apardıq, tədbirlər keçirdik.

- Təbii ki, arıçıları bir təşkilatda toplamaq asan deyil. Amma arıları bir yerə yığıb böyük bir təsərrüfat yaratmaq daha çətin işdir. Əvvəl neçə arı ailəsi ilə işə başlamışdınız?

- Düzü, mən arıçı olmaq üçün çox çalışdım. Hətta evdən çıxıb Rusiyaya getdim. Bir az Moskvada qaldım, sonra İvanovaya, Pestyaki rayonunun Nijniy Landex kəndinə getdim. Orda “Mir” sovxozu var idi, direktoru da çeçen, Berxan Mecidoviç. Qapısını döydüm, dedim Azərbaycandan gəlmişəm, arıçılıqda köməkçi kimi işləmək, öyrənmək istəyirəm. Dedi ordan bura gəlmisən, arıçılıqda maaş yoxdur. Burda böyük bir mal ferması var, gəl, səni ora ferma müdiri təyin edim. Dedim yox, mən arıçılıqla məşğul olmaq üçün qaçıb bura gəlmişəm. Bir qadın briqadir var idi, Tatyana Nikolayevna, ona dedi bunu qeydə al, köməkçi işinə götür. Sevinirdim ki, arıçılığa qovuşmuşam. (gülür) 1 il köməkçi işlədim, daha bir il arıçı oldum. Sonrakı 4 ildə isə sovxozun baş arıçısı idim. Orda 12 min arı ailəsi var idi.

- Sonra qayıtdınız vətənə?

- 1992-ci ildə anam ağır xəstə idi. Gəldim, qaldım burda. İqtisadiyyatın ağır vaxtı idi. Pulum da yox idi ki, arı alım. “Azərittifaq”ın yardımçı təsərrüfatında işlədim. Bu dəfə onların qoyunlarını otardım. Təxminən 3 ilə yaxın onların qoyununu otardım. 365 günün hər birini. Amma işlədiyim yeri arıçılıq üçün uyğun görürdüm. O dövrdə özəlləşmə prosesi başlamışdı. Müdiriyyətə deyirdim ki, mən bu yerləri alıb arıçılıq mərkəzi yaradacağam. Müdir deyirdi “get, qoyununu otar, sənlik deyil, buranı almaq üçün çox pul lazımdır. Sənin maaşınla bu, mümkün deyil”. Cüzi maaş alırdım, ailə həyatı başlamışdı, 2 uşaq var idi, ancaq onların çörəyini qazana bilirdim. Amma sonra buranın cüzi bir hissəsini borc-xərclə aldım. Yaşamaq üçün balaca bir yer tikdik və burda möhkəmlənməyə başladıq. Niyyət, çox güclü istək var idi ki, mən bu mərkəzi yaradacağam. Özü də baxırdım əraziyə, harda nəyi quracağımı planlaşdırırdım. Hətta biznes-plan hazırlamışdım. Evdə səhər yeməyə çörəyimiz yox idi, həyat yoldaşım gəlib deyirdi çörək bişirməyə un yoxdur, amma mən oturub 1 milyonluq biznes-plan yazırdım. Elə vaxt olurdu işıqpulunu verə bilmirdik, işığımızı kəsirdilər. Çox ağır idi. Düzünü desəm, heç uşaqlara gündə üç dəfə yemək verə bilmirdik, yeməyin birini ixtisara salırdıq. Allaha şükür ki, sağlam böyüdülər.

- Onlar da sizin əlinizdən çomağı yox, arıçılığı aldılar...

- (Gülərək) Hə. Uşaqlar elə körpəliyindən arıxanada böyüdülər, elə gözlərini açanda arı gördülər. Böyük oğlum əsgərlikdə oldu, xüsusi təyinatlılarda xidmət edirdi. Bir dəfə mənə zəng etdi ki, istəyirəm buranın ali məktəbini oxuyum. Dedim xeyirli olsun! Bir həftə sonra təkrar zəng elədi ki, nə qədər fikirləşirəm, başıma arıdan başqa heç nə girmir. Hazırlaşdı, Türkiyədə Muğlo Universitetinə qəbul oldu, indi bitirib, təsərrüfatda çalışır. Gələn il İzmirdə arıçılıq üzrə magistr təhsili almaq istəyir. Kiçik oğlum da Muğla Universitetinin arıçılığını oxuyur, gələn il bitirəcək. Mənə elə gəlir ki, onlar daha mükəmməl arıçılar olacaq. Amma mən də hər gün öz üzərimdə çalışıram, araşdırıram, yenilikləri öyrənirəm. Arıçılıq elə bir sahədir ki, elmlə təcrübə bir yerdə olmayanda nəticə əldə etmək mümkün olmur.

- Kənd Təsərrüfatı Nazirliyi, yeni komanda ilə əlaqələriniz necədir? Bir sahibkar olaraq yeni nazir İnam Kərimova münasibətiniz maraqlıdır.

- Elə bil münasibət dəyişib, qapılar üzümüzə açılıb, nəyi təklif ediriksə, qəbul edirlər. Bu, bizə yuxu kimi gəlir. Biz bu yaxınlarda nazir İnam Kərimovla görüşdük. Mən ona da dedim ki, arıçılığın Azərbaycanda inkişafı üç ayağının üstündə dayanmalıdır. Birincisi, elm mütləq bu işə gücünü qoymalıdır. İkincisi, dövlət bu prosesin içində olmalı, işə maraq göstərməlidir. Üçüncüsü, burada assosiasiya, birlik olmalıdır. Biz bunu bacarsaq, Azərbaycanı bal idxal edən ölkədən bal ixrac edən ölkəyə çevirəcəyik. Azərbaycanda “Arıçılığın inkişaf proqramı”nı hazırlamışıq, əyər-əskiyini düzəldirik.

- Xanımınız da arıçılıqla məşğuldur?

- Evdə hamı bu işlə məşğul olur. Biz baldan başqa, digər arı məhsulları da yığırıq. Propolis – bərəmum da deyirlər vərərmum da, mum güvəsi, arının qurusudur. Ölmüş arıları yığıb quruduruq, onlardan bəzi cövhərlər, kremlər hazırlayırıq. Xalq təbabətində geniş istifadə olunan şeylərdir. Arıdan çiçək tozu alırıq, arının südünü yığırıq. Arının 14 adda məhsulu var, onun 4-ü qablaşmır, digərləri qablaşır. Biz onları yığırıq, adi vətəndaşlar, həkimlər alır.

- Hansı faydaları var?

- Arı məhsullarının orqanizmdəki bütün proseslərə köməyi var. Maddələr mübadiləsini, qan dövranını yaxşılaşdırmaq üçün, göbələk xəstəliklərinə qarşı, orqanizmin tonusunu artırmaq, damarların trombların təmizlənməsi üçün arı məhsullarından istifadə olunur. Arı məhsulları ümumi balansı qoruyur. Hüceyrələrin ölməsini azaldır, çoxalmaya müsbət təsir edir, mikrofloranı yaxşılaşdırır. 2000-ci illərin əvvəllərində mənim başımda 11 sm-lik şiş tapıldı. Qaxda arıçılarla toplantıda huşumu itirdim, yıxıldım. Bakıya gətirdilər, iki il onkologiyanın qapılarını döydüm. Elə vəziyyətə düşdüm ki, stulda otura bilmirdim, bir dəri-bir sümük qalmışdım. İşıq, səs pis təsir edirdi. Görməmi itirmişdim. Sonra tibb sahəsini araşdırmağa başladım. Həkimlərlə söhbət edəndə deyirlər nə vaxt tibbi bitiribsən? Arı məhsulları ilə şişi əritdim. İndi 2 sm qalıb. Bu gün futbol oynayıram, təyyarə ilə 7 saatlıq uçuşlar edirəm, Çinin şimalına-Xarbinə kimi gedib çıxmışam. Çinə 4 saata uçdum, amma Urumçidən Xarbindən 7,5 saata çatdım. Özü də iynə-dərman qəbul etməmişəm. Hərdənbir tomoqrafiya olunuram.

- 59 yaşınız olsa da, maşallah olsun, bu yaşı vermək olmur. Yəqin cavan qalmağın sirri də sizdədir. Maraqlıdır, “bal içində üzən adam”ın şəkərə, qənd-şokolada münasibəti necədir?

- (gülür) Heç vaxt istifadə etmirəm. Çörək yemirəm. Ət təsadüf hallarda yeyirəm, az miqdarda. Axırıncı dəfə ət nə vaxt yemişəm, yadımda deyil. Hərdən balıq əti yeyirəm.

- Bəs, nə ilə qidalanırsınız?

- Düyü, qarabaşaq, meyvə. Bax, iki alma yemişəm, o mənim səhər yeməyim olub. Axşam xiyar-pomidor, pendir yemişəm. Özümü də yaxşı hiss edirəm. Hər səhər bal şərbəti içirəm, bu, “olmazsa, olmazdır”.

- Təsərrüfatınızda nə qədər arı ailəniz var?

- 1000-ə yaxın. Orda həm süd yığılır, həm damazlıq, həm də bal təsərrüfatı var. Bu il məhsuldarlıq çox aşağı oldu, amma yenə də şükür. Hər arı ailəsindən 4-5 kilo bal götürə bildik. Əvvəlki illərdə 15-20 kilo məhsul olurdu.

- Xaricə məhsul satırsınız?

- Əsasən daxildə satırıq. Az miqdarda xaricə göndəririk. Amma xaricə çıxartmaq üçün istehsal artmalıdır. Cənubi Qafqaz florasının 60 faizdən çoxu Azərbaycandadır. Qalan 40 faizi Gürcüstan və Ermənistana düşür. Amma biz Gürcüstandan bal alırıq. Gürcüstan dünyaya bal ixrac edir, bizsə hələ özümüzü təmin edə bilmirik. Təxminən 3 min ton bal istehsal edirik, amma 5 min ton bal yeyirik. 2 min ton idxal edirik. Sovetlər dönəmində isə 15 min ton bal istehsal olunub. Bunun 5 min tonu “pripiska”ya çıxa bilərik. Deməli, 10 min ton istehsalımız olub. Bu günsə 3 min ton. Azərbaycan dünyaya özünün bal brendini tanıtmalıdır. Dünyada qiymətli ballar var. Manuka balı var, Avstraliyada, İndoneziyada istehsal olunur, xüsusi ağaclardandır. 150-200 dollara satılır. Yaxud türklərin anzer, kaşkar balı var, o da baha satılır. Azərbaycan da öz brendini təqdim etməlidir.

Bədrəddin bəylə söhbətimiz bundan sonra da davam etdi. Bal mütəxəssisi bu cənnətməkan yerdə Çin, Almaniya, Ukraynadan gətirdiyi növbənöv ağacların, arıların sevimlisi olan çiçəkli bitkilərin əkilməsindən, ərazidə muzey yaratmaq niyyətindən danışdı. Deyir ki, Azərbaycan arıçılığın tarixini nümayiş etdirmək niyyətindədir. Bizə ona bu gözəl, faydalı və sevimli peşəsində uğur arzulamaq qalır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR