İnsanlara hürriyət, millətlərə istiqlal!

Tural Sadıqlı azadlıqda - (Fotolar)

4899 15.01.2014 20:35 Ölkə A A
Qarabağ qazisi Zaur Həsənovun intihar etməsi ilə bağlı  29 dekabrda keçirilən etiraz mitinqində həbs olunaraq 17 sutka inzibati həbs cəzası alan Tural Sadıqlı azadlığa çıxdı. Müsavatçı fəalı qarşılamaq üçün Binəqədi Təcridxanasının qarşısına Müsavat Partiyası İcra Aparatı rəhbəri Arif Hacılı, partiyanın Divan üzvü Tural Abbaslı, Başqan müşavirləri Əhəd Məmmədli, valideynlər və müsavatçı gənclər gəlmişdilər. Tural Sadıqlı azadlığa çıxdıqdan sonra həbsxanada ona verilən işgəncələrlə bağlı fikirlərini bizimlə bölüşdü.

” 29 dekabrda Qarabağ qazisi Zaur Həsənovun ölümünə səbəb olanların cəzalandırılması tələbi ilə aksiya təşkil olunmuşdu. Təəssüflər olsun ki, bizim özümüzü cəzalandırdılar. Səbayel Rayon Məhkəməsinin hakimi məni mühakimə etdiyi zaman bir anlıq sanki elə hesab etdim ki, Yerevan məhkəməsində mühakimə olunuram və hakimdə ermənidir. Həbs olunaraq Binəqədi Təcridxanasına gətirildik. İlk günlərdə çox çətin oldu. Orxan Eyyubzadə ağır işgəncələr verildi. Onun qolunu qandalladılar. Bizim tələblərimiz oldu və məcbur etdik yerinə yetirdilər. Digər dostumuz Samir Poladovun ürəyində ciddi problemlər ortaya çıxdı. Demək olar hər gün Təcili Tibbi Yardım maşını gəlirdi. Son 2 gündə digər haqlı tələblərimizi, şəxsən mən də tələb etdiyim zaman , təhqir etmədən tənqid etdim.

Təcridxanada baş verən haqsızlıqlara, yeyinti hallarına, dustağın malına göz dikilməsinə qarşı etiraz etdim. Bu, rəis Ramil İmanova çox təsir etdi. Mənim kameramı dəyişdirdilər. Təkadamlıq kameraya saldılar. Qapını açdılar 8 nəfər təcridxana əməkdaşı, başlarında da rəisləri Ramil İmanov olmaqla qolumu burdular, qandalladılar, yerə uzatdılar. Çox vəhşicəsinə işgəncələr verməyə başladılar. Qabırğalarıma, böyrəklərimə, sinəmə, qurşaqdan aşağı bədən nahiyələrimə zərbələr endirməyə endirdilər. Bədənimdə hal hazırda görünən və görünməyən çox ciddi xəsarətlər var. Təbii ki, bu rejimin iç üzüdür. Həm çöldə, həm də içəridə insanlara əzab verməkdən həzz alırlar. Digər iki yoldaşımız hal hazırda təcridxanadadır. Orxan Eyyubzadə sabah 14-30 da, Məcid Vahid isə yanvarın 24-ü azad olunacaq. İnşallah bütün vicdan məhbuslarının azad olmasını diləyirik. Həbsdə olduğumuz zaman Müsavat Partiyası Başqan müşaviri Yadigar Sadıqovun 6 il həbs cəzasına məhkum olunduğunu eşitdik. Çox təsirləndik. Allah ona və ailəsinə səbr versin.”.

Tural Sadıqlıya qarşı edilən işgəncələrlə bağlı Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılıda öz fikirlərini dedi: ”Bu çox ciddi bir hadisədir. Adətən sutkalıq həbslər zamanı insanlara qarşı təzyiqlər  olsa da, bu səviyyədə işgəncələr verilməyib. Bu məsələ ilə bağlı Qırmızı Xaç Cəmiyyətinə, Ombudsuman Aparatına və digər hüquq müdafiə təşkilatlarına məlumat vermişik. Eyni zamanda İşgəncələrə Qarşı Mübarizə təşkilatına da məlumat vermişik. Bu məsələ dərindən araşdırılmalı və günahkar olanlar cəzalandırılmalıdır. Müsavat Partiyası olaraq bu məsələdə günahkar olanların cəzalandırılması üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki 29 dekabrda həbs olunan gənclərdən Samir Poladov yanvarın 13-ü, Türkel Əlisoy 14-ü, bugün isə Cavid Hacıbəyli,Tural Sadıqlı və Orxan Carçı azadlığa çıxıb. Digər 2 fəal - Orxan Eyyubzadə sabah və Məcid Vahid isə yanvarın 24-ü azadlığa çıxacaq.

Cavanşır Abbas 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR