İnsanlara hürriyət, millətlərə istiqlal!

Tikinti bumu yenidən başlaya bilər

6437 29.01.2016 09:40 Ölkə A A
Paytaxt Bakıda yeni tikinti bumu başlaya bilər. Ölkə başçısının son müşavirədəki çıxışında yeni tikinti layihələrinin həyata keçirilməsi, bunun üçün sahibkarlara güzəştlərin tətbiq olunması, ipoteka şərtlərinə dəyişiklik edilməsi ilə bağlı  mesajlar da yaxın zamanlarda paytaxtda yeni tikinti dalğasının start götürəcəyini deməyə əsas verir. İpoteka şərtlərinə edilən dəyişiklik və bu sahəyə ayrılan vəsaitin artırılması da yeni tikinti layihələrinin həyata keçirilməsi üçün stimul ola bilər. Lakin bu sahədəki mövcud problemlər, tikinti üçün çoxsaylı icazələrin alınması, süni bürokratik əngəllər və sair nəzərdə tutulan prosesin qarşısını ala bilər. 

Dövlət başçısı İlham Əliyev də son çıxışında  tikinti ilə bağlı bütün süni əngəllərin aradan qaldırılmasını əsas şərt kimi qoydu. Sitat: “Tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaq. İpoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Təəssüf ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses, hələ ki, kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir”.

Ölkə başçısının da bildirdiyi kimi, bu sahədə süni əngəllər var  və onlardan biri də tikinti üçün müraciət edən sahibkarlardan saysız-hesabsız sənədlər tələb olunması, eləcə də Bakıda iri tikinti layihələri  üçün yer olmadığının bildirilməsidir. Bunun aradan qaldırılması üçün qonşu Rusiyada tikinti sektoruna nəzarəti bir qurumda cəmləşdirmək məqsədilə Tikinti Nazirliyi də yaradılıb. 

Ekspertlər tərəfindən oxşar təcrübənin Azərbaycanda da tətbiq edilməsi və tikintiyə aid bütün səlahiyyətləri əlində cəmləşdirən Tikinti Nazirliyinin yaradılması da təklif olunur. 

Tikinti-əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni tikililərin şəhərsalma planına əsasən  sökülməsi nəzərdə tutulan yerlərdə aparılmasına ehtiyac var: “Təqribən il yarım öncə prezidentin tapşırığı olmuşdu ki, Bakı şəhərində tikinti işi aparmaq istəyən şirkətlərə boş torpaq sahələri deyil, şəhərsalma planı üzrə söküntüsü nəzərdə tutulan ərazilər ayrılsın və tikinti şirkətləri həmin ərazilər üzrə köçürmə aparıb daha sonra tikintini həyata keçirsinlər. 

Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyətinin tikinti şirkətlərinə Bakıda boş yer olmaması ilə bağlı cavab verməsini təbii qarşılamaq lazımdır. İndiki halda əsas məqsəd tikinti tempini artırmaq, bu sahəyə investisiya qoyuluşları üçün normal şərait yaratmaq, investisiya cəlbediciliyini artırmaq üçün sənədləşmə işlərində müəyyən qədər güzəştlərə getmək, tikintiyə verilən icazələrin sayını azaltmaq və sair məsələlər həyata keçirilməlidir. Lakin təəssüflər olsun ki, hələ ki bu istiqamətdə ciddi addımlar müşahidə olunmur. Hər bir halda bu bir qədər uzunmüddətli prosedurlardır. Hesab edirəm ki, bunun nəticəsini qarşıdakı dövrlərdə, ən azı bir aydan sonra konkret təhlil etmək olar. İndiki halda hələlik ümumiləşdirilmiş məlumat yoxdur. Ayrı-ayrı  tikinti şirkətlərinə verilmiş hüquqlar var. Lakin bu, yekun nəticəyə gəlmək üçün qənaətbəxş deyil”.


Tikinti sektorunda sahibkarlara yaradılan süni əngəllərə toxunan ekspert bu sahədə islahatların aparılmasının vacibliyini də vurğuladı: “Cənab prezident də müşavirədə vurğuladı ki, Azərbaycan nüfuzlu beynəlxalq hesabatlarda bir sıra məsələlərə görə, məsələn, daşınmaz əmlakın qeydiyyatına görə ön sırada olsa da, tikintiyə verilən icazələrin sayına görə geridədir və ən sonuncu yerlərdən birini tutur. Bu səbəbdən ölkə başçısı tapşırıq verdi ki, bu sahədə müəyyən islahatlar aparılmalıdır. Burada əsas məsələlərdən biri məmur-sahibkar münasibətləridir. Tikinti üçün lazım olan icazələrin çoxluğu bir tərəfdən bürokratik əngəllər  yaradır, digər tərəfdən isə xərcləri artırır. Bu da tikinti sektoruna marağın azalmasına səbəb olur. Bu gün Bakı şəhərində tikintinin bir kvadratmetri 700-800 manata təklif olunur. Bunun səbəblərindən biri tikintiyə yaradılan bürokratik əngəllərlə bağlıdırsa, biri də tikinti materiallarının baha olması və bu malların ölkəyə gətirilərkən yüksək gömrük rüsumu və vergiyə məruz qalması ilə bağlıdır. Hesab edirəm ki, bu sahədə kompleks addımlar atılmalı və ciddi islahatlara gedilməlidir”. 

Tikinti Nazirliyinin yaradılması ilə bağlı təkliflərə münasibət bildirən Ramil Osmanlı bildirdi ki, hazırkı şəraitdə yeni bir mərkəzləşmiş struktur vahidinin yaradılmasının tərəfdarı deyil: “Hesab edirəm ki, bəzi nazirlik və komitələr birləşdirilməlidir. Azərbaycanda tikinti nazirliyinin yaradılmasına ehtiyac yoxdur. Bu gün bu sahəni müəyyən fəaliyyətlə məşğul olan nazirlik və ya komitələrdən birinə həvalə etmək olar. Məsələn, bu məsələni Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və ya Arxitektura və Şəhərsalma Komitəsinə vermək olar. Ayrı-ayrı nazirlik və komitələrdə üst-üstə düşən səlahiyyətlər varsa, onları həmin qurumdan alıb bir qurumda birləşdirmək olar. Bunun üçün hansısa nazirliyin yaradılmasına ehtiyac yoxdur. Bu variantlardan biridir. Hər hansı nazirliyin adında bir sözün dəyişdirilməsi belə on minlərlə manat vəsait hesabına başa gəlir. O səbəbdən hesab etmirəm ki, yeni bir nazirliyin yaradılmasına ehtiyac var. İndiki halda nazirliklərdə, komitələrdə üst-üstə düşən fəaliyyətləri mərkəzləşdirilmiş bir strukturda cəmləşdirmək olar. Tikintiyə nəzarət göstərən bir neçə nazirlikdə olan səlahiyyətləri ixtisara salıb bütün məsələləri bir quruma vermək olar”. 

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR