İnsanlara hürriyət, millətlərə istiqlal!

SEVİNC OSMANQIZI “VARİS”də

7705 07.03.2012 09:42 Ölkə A A

Rubrikanın adı “VARİS”dır. Bu adın cəmiyyətdə hansı assosiasiya yaratdığının üzərindən kinayəli bir təbəssümlə ötüb, bugünkü qonağımızın təqdimatına keçək. Əslində tanınmış jurnalist Sevinc Osmanqızını bu rubrikada oxuculara təqdim etmək bir az qəribə qarşılana bilər. Neyçün ki, müasir Azərbaycan insanı onu mərhum jurnalist Osman Mirzəyevin qızından daha çox, ekranlardan tanıyır. Amerikanın Azərbaycandakı səfirliyinə, Xarici İşlər Nazirliyindəki iş yerinə görə... tanıyanlar da az deyil. Amma bütün  hallarda cəmiyyətdə atasının adı, yeri danılmazdır. O halda biz söhbət edək, daha çox necə tanımaq istədiyinizə isə özünüz qərar verin. 

- Sevinc Osmanqızı... Səncə, bu ad oxucuya nə deyir? Osman Mirzəyevin qızı, yoxsa jurnalist Sevinc?

- Mənə elə gəlir ki, əvvəllər heç şübhəsiz ki, Osmanqızı kimi tanınırdım. Çünki mənim jurnalistikaya gəlməyim də onunla bağlı idi. Atam rəhmətə gedəndən sonra ailəmizdəkilər məni inandırdılar ki, sən onun işini davam etdirməlisən. Ona görə də mənim televiziyaya, mətbuata gəlməyim atama görə oldu. Onun adı yaşasın deyə. O ki qaldı Sevinc kimi tanınmağıma, mən hər zaman arzulamışam ki, Osmanın Sevinci kimi tanınım. Düzdü, həyatı vaxtsız qırıldı. Amma bu gün də onu sevənlər çoxdu. Bu da qaçılmaz bir reallıqdır ki, insan müəyyən yaşa çatandan sonra özü də bir iz qoymağa çalışır. Və mən də istisna deyiləm...

- Jurnalistikaya gələndə artıq atanı itirmişdin. Karyeranda ən çox atanın dəstəyinə ehtiyac duyduğun zaman o, yanında yox idi...

- Mən özüm jurnalistikanı bitirmişəm. İş elə gətirib ki, 1991-ci ildə universiteti bitirəndə Azərbaycan Dövlət Televiziyasında staj keçdim. Ümidim yox idi ki, məni ora işə götürərlər. Ona görə ki, atam prezidentin mətbuat katibi idi. Bizə yaraşmazdı, deyərdilər, atasına görə götürüblər. Heç vaxt düşünmürdüm ki, orada işləyəcəyəm. Deyirdim,  stajdır keçirəm. Amma sonradan gedib başqa yerdə işləyəcəyəm. Amma 1991-ci ilin noyabrında atamın həlak olması hər şeyi alt-üst etdi. O zaman televiziyanın sədri Məmməd Murad idi. Mənə zəng vurub dedilər ki, işə götürülmək barədə bir ərizə yazım. Mən də bir cümləlik ərizə yazdım. Televiziyanın sədri Məmməd Murad o ərizənin üstündə dərkənar yazdı ki, “Osmanın ruhu şad olsun”. Dərkənarı görəndə məni qəhər boğdu... Televiziyada işə bax belə başladım. 

- Bir neçə dəfə demisən ki, ailənizdə hamı jurnalist olub. Səndən böyük iki bacın da, valideynlərin də. Valideynlərini bilirik, bəs bacıların hansı media orqanlarında çalışıblar?

- Bir bacım Lalə əvvəllər BBC radiosunda işləyib, indi BDU-da jurnalistikadan dərs deyir, eyni zamanda arxivdə də işləyir. Digər bacım isə hələ də BBC-nin Şimali Qafqaz və Orta Asiya bürosunun rəhbəridir. İş belə gətirib ki, üçümüz də jurnalistikadayıq. Mənə elə gəlir, bu, böyüdüyümüz ailədə olan əhval-ruhiyyədəndir.

- Jurnalist ailəsində keçən uşaqlığı necə xatırlayırsan? Valideynlərin götürdüyü müsahibənin təhlili, evdə yazı makinasının taqqıltısı və daha nələr?

- Atamın balaca bir otağı vardı. Biz yatanda da onun otağından işıq gələrdi. O ya yazardı, ya kitabı üzərində işləyərdi, ya da sadəcə mütaliə edərdi. Bəzən gələrdim yanına, o lampanın qırağına. Orda mənə hansısa kitablardan şeir, yazı oxuyardı. Hesab edirəm ki, ən böyük təcrübə budur. Bir var sözdə, fikirdə nəyisə aşılayasan, bir də var gözünün qabağında bunun şahidi olasan. Jurnalist peşəsi uşaqlıqdan mənim üçün nüfuzlu olub. Gördüklərim bu olub ki, jurnalist həmişə yol göstərəndi, hörmət sahibidir. O, həmişə deyirdi ki, nə olursa olsun, gərək jurnalist simasını itirməsin. Buna doğrudan da inanırdı. Bilirsiz, sovet vaxtında indikindən daha da çətin idi. Kommunist ideologiyası, kiminsə diktəsi altında yazmaq. Amma o, məhdudiyyətlər çərçivəsində azad qalmağı bacarırdı. Mən də bunu etməyə çalışıram. Əsas öz vicdanın qarşısında təmiz olmaq, simanı itirməməkdi.

- Atanın jurnalistliyindən danışdın. Bəs valideyn kimi necə idi? Tutaq, yazılardan, səfərlərdən, işindən nə qədər vaxt ayıra bilib qızlarına, ailəsinə?

- Bizim aramızda bir pərdə olub. Biz o sərhədi heç vaxt keçməmişik. Amma atamdan bir dəfə də olsun səsini qaldırmasını, güldən ağır söz deməsini eşitməmişəm. Sadəcə, onun bir dəfə gözünü ağartması kifayət idi, başa düşək ki, yəqin ki, biz nəyisə düz etmirik. Eyni zamanda o, çox yumşaq, zarafatcıl, liberal görüşlü insan idi. Bir çox ailələrdə “qızın yeri evdir, oxumağı nəyə lazımdır?” psixologiyası var. Amma bizdə atam məni 19 yaşımda təyyarəyə mindirib, oxumağa Amerikaya göndərdi. Hər ata da bunu eləmir.

- Jurnalist uşaqlarının ən böyük çətinliyi yazdığı hansısa inşanın ata-anasının adına yazılmasıdır. Tutaq, sən ən yaxşı inşanı da yazsan, “bunu atan yazıb” deyirlər məktəbdə. Bu, sənin üçün də keçərli olub?

- Heç vaxt inanmayıblar ki, o inşaları mən yazmışam. Bir direktorumuz vardı, rəhmətlik Sona xanım Tağıyeva. Deyirdi ki, hiss olunur, bu uşaqla ata-anası evdə ciddi məşğul olur. Çünki belə gözəl inşalar yazır. Çox gülməli idi. Məktəbi də bu cür qurtardım. Qızıl medal aldım. Riyaziyyat müəlliməm imtahanda “5" alanda soruşdu ki, özün yazmısan? Bu sual mənim üçün təhqir idi.

- Özün də indi iki oğul anasısan. Valideyn kimi atanın hansı hərəkətlərini təkrarlayırsan? Tərbiyə üsulu baxımdan, məsələn...

- Təkrarlamaq alınmır. Həyat özü təkrarlayır. Məsələn, mən böyük oğlumda atamın zarafatlarını görürəm. Hərçənd ki, oğlum onu, ümumiyyətlə, görməyib. O anadan olanda artıq mən çoxdan atamı itirmişdim. Amma mən onun zarafatlarını, düşüncə tərzini, dediyi sözləri o qədər oxşadıram ki. Balaca oğlumda isə daha çox atamın nəcibliyini görürəm. Yüz dəfə sənə deyəcək ki, “bağışla”, “çox sağ ol”. Hərdən özümə sual edirəm ki, axı onlar atamı heç vaxt görməyib, bu cəhətləri haradandır? Görünür, genlər öz sözünü deyir.

- Mən uşaqlara münasibətdə atanı necə təkrarladığını bilmək istəyirdim həm də. Yəni, nə dərəcədə demokrat, liberal... yanaşırsan onların seçimlərinə, qərarlarına?  

- Atam bizim qərarlarımıza heç vaxt təzyiq göstərməzdi. Bilərdi ki, bəzən  əks tərəf səni eşitməyə hazır deyil. Mən də onun kimi etməyə çalışıram. İstəyirəm verdikləri qərar özlərinki olsun. Hər bir uşaq individual fərddir, gərək özü qərarını versin. Bizdə böyük oğlum Ziya ilə belə olur. 14 yaşı olsa da, dünya görüşü qarşısında bəzən özümü cılız hiss edirəm. Mən ona yalnız istiqamət verə bilərəm. Qalanlarını bilirəm ki, məndən daha yaxşı edəcək.

- Sənin jurnalist kimliyinlə yanaşı, seçimlərin də hər zaman diqqət cəlb edib. Tutaq ki, Xarici İşlər Nazirliyindəki işindən BBC-yə keçmisən, ordan Amerikanın Azərbaycandakı səfirliyi, ardınca QHT sektoruna, indi də ANS-də... Çoxlarına görə, bu işlərdən hansınısa atmaq sadəlövhlükdür. Məsələn, XİN-dən çıxmaq, ya da səfirlikdəki işdən ayrılmaq risk kimi görünür.

- Mən ancaq maraqlı bildiyim yerlərdə, sevdiyim insanların əhatəsində qalıram. İctimai xeyirlilik əmsalım yüksək olmayan yerdə qalmıram. Bir rəhbərim vardı, deyirdi, Sevinc nəyəsə inanmırsa, onu heç vaxt etməz. Bu, doğrudan da belədir. Verdiyim qərarları başqasının rəyi ilə eləmirəm. Həyat o qədər qısadır ki, başqasının rəyinə əsasən yaşamağa vaxt yoxdur. Başa düşülmürəm ona görə. Mən Bakıya qayıdanda yüz cür söz-söhbət gəzdi. Dedilər, yəqin müqaviləsini uzatmayıblar, ya da qovublar. Ya da səfirlikdən gedəndə eyni cür şübhələr vardı. Sizin qəzetdən Rauf bəy zəng etmişdi ki, siz oradan doğrudan getmisiz?

- Necə düşünürsən, Osman Mirzəyev yaşasaydı və indi səni ANS-də görsəydi, nə düşünərdi?

- ANS-ə həyata vəsiqə verənlərdən biri də  elə atam Osman Mirzəyev olub. 1991-ci ildə, sovet məkanında ilk dəfə olaraq müstəqil televiziya üçün lisenziyanın verilməsində atamın böyük rolu olub. O zaman o, prezidentin mətbuat məsələləri üzrə müşaviri idi. Mən bunu xoş təsadüf hesab edirəm. Biz evdə birgə Vahid Mustafayevin, Mir Şahinin materiallarına baxırdıq. Onlar ilk dəfə atamın aparıcısı olduğu “Dalğa” verilişində yayımlanırdı. Deyirdi ki, bu uşaqlar cavandılar, amma görürsən necə fərqli işləyirlər. Hesab edirəm ki, atam mənim ondan sonrakı həyatımdan razı qalardı. Çünki mənim işim elə onun işinin, ən əsası ruhunun davamıdır.

- Sənə varis demək olar?

- Mən deyərdim ki, üç varisdən balacasıyam.

Sonda... Söhbət bitəndən sonra ağlıma gəldi ki, əslində “Varis” rubrikasına müsahibimin oğlu Ziya ilə də danışa bilərdim. O da həmin statusa layiqdi axı. Eyib etməz, siz sağ, müsahiblərim salamat. Sevinc Osmanqızının varisini, daha doğrusu, varisin varisini də tez bir zamanda tanıdarıq sizə.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR