İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ müharibəsində ən çox hansı rayon itki verib?

108852 31.10.2013 08:22 Ölkə A A
Birinci Qarabağ müharibəsindən 21 ilə yaxın bir müddət keçsə də, müharibədə itkilərimizlə bağlı rəsmi rəqəm hələ də dəqiqləşməyib. Düzdür, bir müddət əvvəl Azərbaycan Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti rəsmiləri mətbuata açıqlamalarında bildirmişdilər ki, Qarabağ müharibəsində və atəşkəs dövründə hərbi xidmət zamanı cəbhədə şəhid olmuş şəxslərin siyahısı hazırlanır və yaxın günlərdə bu siyahı açıqlanacaq. 


Təxmini hesablamalara görə, müharibə Azərbaycan ərazilərində və Dağlıq Qarabağın azərbaycanlılar yaşayan yaşayış məntəqələrində getdiyindən Azərbaycan tərəfinin itkilərində mülki şəxslərin sayı erməni tərəfi ilə müqayisədə qat-qat çox olub. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Belə ki, həmin dövrlərdə hər iki tərəfdə itkilər artıb. O cümlədən erməni qüvvələrinin Xocalı və digər yaşayış məntəqələrində həyata keçirdiyi qətliamlar nəticəsində mülki azərbaycanlı əhali arasında kütləvi itkilər baş verib. Erməni qüvvələrinin əsas itkiləri isə Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. 


Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib. Bu əməliyyatlarda buraxılmış səhvlər üzündən minlərlə əsgərin həlak olduğu haqda məlumatlar var. Onların bir çoxu donvurmadan həlak olub.


Qeyd edək ki, hazırda Dağlıq Qarabağ bölgəsi ətrafındakı digər rayonlar hazırda erməni işğalı altındadır. İşğal nəticəsində Azərbaycan tərəfindən 20 min nəfər həyatını itirib, 50 min nəfər şikəst olub, 486 nəfər isə itkin düşüb. 18 may 1992-ci ildə Laçının ermənilər tərəfindən işğal olunması nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər isə əlil olub. Kəlbəcərin  işğalı nəticəsində 53 min 340 nəfər adam qovulmuş, 511 dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Cəbrayıl rayonundan 351 nəfər şəhid olub. Qubadlı uğrunda  gedən döyüşlərdə 230 nəfər şəhid olub ki, onlardan da 12 nəfəri Milli Qəhrəman adına layiq görülüb. Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Qarabağ döyüşlərində  ən çox itkini Ağdam verib. Rayon uğrunda gedən hərbi əməliyyatlarda 7 mindən yuxarı insan şəhid olub.
Lakin itkilər təkcə müharibə illəri ilə yekunlaşmayıb. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq, tərəflər faktiki olaraq mövqe döyüşlərini dayandırmayıblar. Qarabağda, Azərbaycan və Ermənistan qüvvələrinin təmas xətti boyu atəşkəs rejiminin pozulması adi xarakter alıb. Atəşkəs dövründə erməni qüvvələrinin açdıqları atəşlər nəticəsində Azərbaycan ordusunun minlərlə şəhid verdiyi haqda məlumatlar var. Məlumatlara görə, 1995-ci ildən bu yana Azərbaycan ordusu 5 mindən çox  hərbçisini itirib.

Fərahim İLQAROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR