İnsanlara hürriyət, millətlərə istiqlal!

Oliqarxlar prezidentin qərarını sabotaj edir

24784 19.01.2016 09:00 Ölkə A A
Ölkə iqtisadiyyatını dirçəldəcək, ölkə biznesində  normal  rəqabət yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq gömrükdə monopoliyanın ləğvi məsələsi günün ən aktual mövzularından birinə çevrilib. ANS-in həftəsonu efirə gedən “Hesabat” proqramına danışan Gömrük Komitəsinin sədri Aydın Əliyev monopoliyanın ləğvi ilə bağlı  suala kifayət qədər aydın cavab verib. 

“Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın” deyə, komitə sədri bildirib. 

Belə xəbərlər var ki, malların idxalı sahəsində ayrı-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması qərarından sonra Rusiyadan və Türkiyədən  gətirilən tikinti mallarının qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma var. Azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda əhalinin ən çox narazı qaldığı ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin də yaxın vaxtlarda aşağı düşəcəyi, bolluq yaranacağı gözlənilir. 


Monopoliyanın ləğvi ilə bağlı qərar eyni zamanda manatın ikinci devalvasiyasından sonra ölkədə artan sosial gərginliyin yumşaldılmasında, hətta tamamilə aradan qalxmasında ciddi rol oynaya bilər. 

Gömrükdə inhisarçı sistemin konkret nə vaxtdan tətbiq olunduğunu söyləmək çətin olsa da, mediada 15 ildən artıqdır ki, bu mövzu davamlı müzakirə edilir. Hökumət heç vaxt monopoliya olduğunu etiraf etməyib və bu gün də bu açıq deyilmir, yalnız brokerlərdən danışılır ki, bu barədə bir qədər sonra...

 İnhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əliyevin çıxışlarında son aylar daha çox səslənir. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra inhisarçılığın ləğvi ən vacib məsələ kimi gündəmə gəlmişdi. 

Dekabr ayında manat yenidən 50 faizə yaxın dəyərini itirəndən sonra bütün məhsulların qiymətinin iki dəfə qalxmasına etiraz olaraq bölgələrdə keçirilən aksiyalar gömrükdə az qala inqilab kimi dəyərləndirilən qərarın nə qədər vacib olduğunu bir daha sübut etdi. 


İllərlə formalaşmış broker sistemi (monopolist sistem) bu müddət ərzində xeyli dəyişilib, hətta təkmilləşdirilib də. Gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən brokerlər Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq sərhəddə ikinci “sərhəd” yaradıblar. Aydın Əliyev sözügedən müsahibədə də bu faktı etiraf etdi və onların fəaliyyətinin “qeyri-qanuni” elan olunmasının mümkünsüzlüyünü də dedi.  Yəni brokerlərin sahibkarlarla müqavilələr bağlatmağa məcbur etməklə  gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən məcburi alınması faktiki “qanunla tənzimlənir”. Məhz bu səbəbdən də komitə sədrinin dediklərindən belə anlaşıldı ki, Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilməyəcək. Çünki ortada qanun var. Qeyri-rəsmi məlumatlara görə, 2006-cı ildən fəaliyyət göstərən “Trans Broker” MMC-nin...


5 minə yaxın əməkdaşı var!  Gömrük Komitəsinin isə 3 min əməkdaşı olduğu deyilir. Bu müqayisəli rəqəmlərin özü iqtidarın necə çətin bir işə girişdiyinin əyani sübutudur. Açıq deyilməsə də, heç iqtidarın ən yüksək düzeyinə də sirr deyil ki, gömrükdəki “broker sistemi” əslində ayrı-ayrı oliqarxların maraqlarına, milyonlar qazanmasına xidmət edir. Odur ki, bu sistemin ləğvi oliqarxların maraqlarına birbaşa ciddi zərbə sayıla bilər. Bu baxımdan, təbii ki, belə bir qərarın verilməsi iqtidarın daxilində yeni narazı qüvvələr yarada bilər. 


Çünki böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli hissəsini əlində cəmləşdirən oliqarxlar asanlıqla təslim olmaya bilər. Onların müqavimət göstərmək, qərarın reallaşmaması üçün ən müxtəlif üsullara, hətta məşhur filmdə İmanın taxıl gizlədən Kərbəlayi İsmayıla  dediyi “sabotaja” da əl atmaq imkanları var. Artıq belə bir prosesin başladığı barədə məlumatlar da gəlməkdədir. İdxala və istehsala böyük ölçüdə nəzarət edən oliqarxların öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlətdikləri”, daha doğrusu, “qiymətlər sərf etmir” bəhanəsi ilə bazara çıxarmayacaqları  barədə xəbərlər yayılır. Məlumata görə, yenə də sahibkarların  yüklərinin ölkəyə ən müxtəlif bəhanələrlə buraxılmaması ilə bağlı şikayətlər səngiməyib. Bu isə oliqarxların monopoliyanın ləğvinə qarşı müqavimət göstərdiklərinin daha bir sübutudur. Komitə sədri müsahibədə “brokerlərlə  bacarmırıq” demədi, amma doğru olanı dedi: “Sahibkarlar brokerlərə yox, komitəyə müraciət etsinlər”.       

Prezident İlham Əliyevin çıxışlarında “natəmiz” və “həris” sözləri ilə xatırlatdığı bəzi məmurların xalqın çətin günündə də öz qazanclarını düşünməsi, üstəlik, iqtidara qarşı narazılığı körükləməsi hakimiyyətin üst qatında da ciddi narazılıq yaradıb.

Hətta belə iddialar var ki,  prezident Gömrük Komitəsini də reputasiyası xeyli korlanmış MTN kimi ləğv edə, qurumun səlahiyyətlərini ya Vergilər, ya da Maliyyə nazirliklərinin tərkibinə verə, yüklərə nəzarət funksiyasını isə “ASAN xidmət”ə həvalə edə bilər. 

Bəzi oliqarxlar illərdir hədsiz varlanmalarına səbəb olan iqtidarın ayağının altını qazırlar. Onların öz qazdıqları quyuya düşmə ehtimalı daha çoxdur... 

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR