İnsanlara hürriyət, millətlərə istiqlal!

Nardaranlılardan silinən işıq borclarını tələb edən kimlərdir?

1826 01.11.2016 08:10 Ölkə A A
Bu ilin iyun ayında prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinə baş çəkib. Qəsəbədəki yenidənqurma işləri ilə tanış olan ölkə başçısı 7-ci imam Museyi Kazımın qızı Rəhimə xanım ziyarətgahında yerli sakinlərlə görüşüb. Dövlət başçısı həmin görüşdə sakinlərə xoş xəbər çatdırıb, Nardaran əhalisinə yazılan 42 milyon 267 min manat elektrik enerjisi borcu silindiyini açılqayıb. 

Bu xəbər Azərbaycanda fəaliyyət göstərən əksər KİV-də “Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi” sərlövhəsi ilə yayılıb. Maraqlıdır ki, həmin görüşdən ötən 4 ay ərzində nardaranlıların işıq borcu müvafiq qurumlar tərəfindən  silinməyib. Belə görüntü yaranır ki, kimlərsə bu məsələdə sabotajla məşğuldur.

İşıq idarəsinin əməkdaşları qəsəbə sakinlərindən bu gün də borclarını tələb edirlər. Borcu vermək istəməyənlərin işığını kəsirlər. 

Əməkdaşlarımız Nardaran qəsəbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bağ evini (http://musavat.com/news/reportaj/emekdashlarimiz-eldar-mahmudovun-bag-evinde-oldular-reportaj_388970.html ttp://musavat.com/news/reportaj/emekdashlarimiz-eldar-mahmudovun-bag-evinde-oldular-reportaj_388970.html axtararkən təsadüfən öyrəniblər ki, prezident əhalinin borcunu silsə də, faktiki olaraq borc yerli sakinlərdən alınır. Hətta prezidentin yerli sakinlərlə görüşdüyü müqəddəs “Rəhimə xanım ziyarətgahı”nın da “Azərişıq”a 89 min manatlıq borcu silinməyib. Həmin borcu hissə-hissə, hər ay ziyarətgahdan da alırlar.
Fakt budur ki, kimlərsə gizli şəkildə prezidentin sildiyi işıq borcu sakinlərdən alırlar. Şikayət edənlərə isə deyilir ki, prezident qeyri-əhalinin(!) elektrik enerjisinə olan borcunu silib, bunun əhaliyə aidiyyəti yoxdur. 

Ekspertlər deyirlər ki, prezident 42 milyon manatlıq borcun silindiyinə dair sərəncam veribsə, müvafiq dövlət qurumları həmin borcun silinməsini təmin etmək üçün hərəkətə keçirlər. Uyğun sənədləşmə işləri aparılır. Həmin borc dövlət büdcəsi hesabına silinir.  42 milyon manatı dövlət ödəyibsə, bu pulu Nardaran sakinlərindən alanlar bunu hansı məqsədlə edir və həmin pulu hara yönəldirlər?

Silinmiş işıq borcunun hansı əsasla əhalidən alınması məsələsinə aydınlıq gətirmək üçün “Azərişıq”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə sorğu ilə müraciət etmişik. Sorğuya veriləcək cavabı da təqdim edəcəyik. 

Daha bir sorğunu ARDNŞ-in mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yolladıq. Xidmətdən bildirdilər ki, ilkin araşdırmalar zamanı Nardarandakı  “Rəhimə xanım ziyarətgahı”na qazın verilişinin dayandırılmadığı haqda məlumat alıblar. Qurumdan aydınlaşdırdılar ki, Azərbaycandakı bütün ibadətgahlara fərq qoyulmadan müəyyən limit çərçivəsində qaz verilişi həyata keçirilir. Həmin limitdən artıq qaz sərfiyyatı olduqda isə, verilmiş qazın pulu ödənməlidir. 

Mövzuya qayıdacağıq. 

E.MƏMMƏDƏLİYEV 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR