İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühacirət “biznesi”...

1838 08.05.2015 08:20 Ölkə A A


Bəzi soydaşlarımızın Azərbaycandakı təzyiq, təqib və işgəncələrə görə mühacirətə getmələri ilə bağlı fikirləri cəmiyyət tərəfindən qınaq obyektinə tuş gəlib. Eyni zamanda mühacirət eşqi ilə siyasi qurumlara üz tutanlar, belə şəxslərə müəyyən məbləğlər qarşılığında arayış verən partiya rəhbərləri də sərt tənqid atəşinə məruz qaldılar. 

Müsavat Partiyasının başqan müavini Elman Fəttah mühacirətə getməyi doğru saymadığını bildirdi: “Bu məsələyə mən ciddi yanaşmıram. Xüsusilə buradakı fəaliyyətini əsas gətirib, mübarizəni yarımçıq qoyub gedənlərə də məsləhət görmürəm. Amma bəzi reallıqlar var. İnsanlar var ki, həqiqətən də onlara qarşı aqressiv münasibət çox dəhşətli olur. Dayana bilmirlər. Belə məsələlərə loyal yanaşırıq. Təəssüflər olsun ki, cəmiyyətimizdə bu məsələ həm də sui-istifadəyə çevrilib. Xarici ölkələrdə saxta sənədlər təqdim edirlər. Partiyamıza çoxlu sayda müraciətlər olur. 


Amma məlum olur ki, heç biri üzvümüz olmayıb. Bir neçə il əvvəl müəyyən təşkilatlarla işləyirdim. Etimad müstəvisində mənə də sorğular gəlirdi. Hətta erməni olmaları ilə bağlı sorğulara da rast gəlmişəm. Məsələn, biri İsveçdə yaşamaq üçün deyir ki, Azərbaycanda yaşayıram, amma erməni olduğumdan mümkün deyil. Araşdıranda görürdük ki, nəslində belə erməni ilə yaxınlıq yoxdur. Sadəcə, rüşvət verərək, saxta erməni ad-soyadı götürüb. Fırıldaqçılıq halları daim baş verir. Müsavat olaraq, bu məsələyə ciddi yanaşırıq. Bizdə üzvlük vəsiqəsi ən tez bir ilə verilir. Bu müddətdə həmin şəxsi yoxlaya bilirik. Partiya üzvü müraciət edəndə ki, sənəd təqdim edin, biz çılpaq sənəd veririk. Üzvü olmağı ilə bağlı. Bəzən başqa şeylərin yazılmasını istəyirlər. Bundan qəti şəkildə imtina edir, həmin şəxsləri geri qaytarırıq”.


Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə mühacirətə gedən üzvlərinin olmadığını söylədi: “Partiyamızda təkcə sədr müavini Qalib Rzayev 2003-də mühacirətə gedib. Onun həbs olunma təhlükəsi var idi. Həmin  vaxt İqbal bəy də həbs olunmuşdu. Ondan sonra partiyamızdan mühacirətə gedən yoxdur. Ümidə mühacirətə getmək üçün üzv olma halları ilə də rastlaşmamışıq. Hər kəsin şəxsi işidir mühacirətə getmək. Amma hər halda, nə qədər çətin olsa da, vətən vətəndir. Təqdir etmirəm. Şükürlər olsun ki, belə hadisələrlə üzləşmirik”.


VHP-nin İcra Aparatının rəhbəri Samir Əsədli mühacirətə getmək üçün partiyaya üzv olmaq istəyənlərin olduğunu qeyd etdi: “Dəfələrlə belə halların şahidi olmuşuq. Bunun qarşısını almışıq. Üzvlüyə qəbul etməmişik. Arayış istəyənlər olub. Amma verilməyib. Elə adamlar var ki, bəzi partiyalara qoşulur, bir-iki şəkil çəkdirir, sonra çıxıb gedirlər. Ölkədə təqib, təzyiqlər var. Bundan sui-istifadə edənlər olub. Mən bu ölkədə doğulmuşam, burada da yaşamalıyam. Gedənlərin arasında tutulma təhlükəsi olanlar təbii ki, çoxdur. Kifayət qədər tanıyıram. Onu da qeyd edim ki, bu yoldan istifadə edənlərə arayış verənlər də var. Bu hallar qınanmalıdır”.


KXCP sədrinin müavini Xəzər Teyyublu partiyada belə şəxslərin olmadığını bildirdi: “Belə insanları qınamaq olmur. Amma unutmayaq ki, orada xoş həyat yoxdur. Şəxsi qaçqın kimi yaşayırlar. Xoş bir şey deyil. Əgər orada mübarizə aparırlarsa, fəaliyyətlərini davam etdirirlərsə, xoşdur. Hər kəsin seçiminə hörmətlə yanaşırıq. ”Yeni Müsavat"a, Sevinc Telmanqızına təşəkkür edirik ki, ağır bir layihəni həyata keçirirlər. Redaksiyanın mövqeyi təqdir olunur".

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR