İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kredit büroları haqqında” Qanun qüvvəyə minib - detallar

1887 09.12.2016 20:47 Ölkə A A
“Kredit büroları haqqında” Qanun artıq qüvvəyə minib. Ekspertlər bildirirlər ki, bununla reallıqda sadəcə Mərkəzləşdirilmiş Kredit Reyestri özəlləşdirilir, nisyə mal satan dükanlar isə başlı-başına buraxılır. Ekspertlərin fikrincə, bu qanunla bağlı xeyli gözləntilər olsa da, onlar özünü doğrultmayıb. 

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, əsas məsələ kənarda qalıb: “Kredit bürosu vətəndaşların və şirkətlərin kredit tarixçəsinin bazasını aparan qurumdur. Məsələn, hər hansı vətəndaşın kredit təşkilatına, lizinq şirkətinə, mobil telefon operatoruna, nisyə mal satan dükana, kommunal xidmət göstərən müəssisəyə və digərlərinə olan borcu kredit bürosunun bazasına daxil edilir. Bu, borcu verən qurum vasitəsilə edilir. Məsələn, vətəndaş bankdan kredit alarkən bank, dükandan nisyə mal alanda isə dükan və i.a. bu barədə dərhal kredit bürosuna məlumat verir. Bu məlumatdan kimlər və necə istifadə edir? Elə məlumatı verən sözügedən qurumlar istifadə edir büronun bazasına daxil olaraq. Məsələn, vətəndaş bankdan kredit götürmək istəyəndə həmin bank kredit bürosunun bazasına daxil olub vətəndaşın kredit tarixçəsi ilə tanış olur və o cümlədən bunun əsasında borcu verib-verməmək haqda qərar qəbul edir. Başqa sözlə, kredit bürosu pis kredit tarixçəsi olan şəxsin borclanmasının və bununla da problemli borcların həcminin artmasının qarşısını alır. Bu mənada çox lazımlı bir şeydir”.

Ekspertin sözlərinə görə, əslində belə bir qurum Azərbaycanda artıq 10 ildən çoxdur ki, mövcuddur: “Adı da Mərkəzləşdirilmiş Kredit Reyestridir. Əvvələr Mərkəzi Bankın, bu ildən isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində fəaliyyət göstərir. Orada yalnız bankların və bank olmayan kredit təşkilatlarının verdiyi kreditlər haqda məlumat var və həmin məlumatdan da təbii yalnız sözügedən qurumlar istifadə edə bilir. Digər borc verənlər Mərkəzləşdirilmiş Kredit Reyestrində iştirak etmir. Bu da təbii kredit risklərini artırır. Çünki ola bilər ki, vətəndaşın kredit təşkilatları üzrə kredit tarixçəsi müsbətdir, amma dükanlara və digər şəxslərə xeyli ödənilməmiş borcu var. Belə şəxs də asanlıqla banklardan kredit ala bilir, çünki banklar onun mənfi tarixçəsini bilmir. Buna görə də kredit bürolarının yaranması ilə bağlı əsas gözlənti o idi ki, orada bütün əsas borc verənlər cəmləşsin və hər bir şəxsin kredit tarixçəsi tam olsun. Lakin qüvvəyə minmiş qanuna əsasən kredit bürosunda iştirak yalnız kredit təşkilatları üçün məcburidir. Digərləri üçün isə könüllüdür”. 

Qanuna əsasən, 2 il ərzində yaradılacaq kredit büroları Mərkəzləşdirilmiş Kredit Reyestrinin bazasından istifadə edə biləcək. 

Ə.Həsənovun sözlərinə görə, bu isə o deməkdir ki, reallıqda yaxın vaxtlarda bir kredit bürosu yaranacaq və bu, faktiki olaraq Mərkəzləşdirilmiş Kredit Reyestrinin özəlləşdirilməsi olacaq: “Başqa büroların yaradılması ehtimalı azdır. Əslində heç buna ehtiyac da yoxdur. Azərbaycan kimi kiçik ölkə üçün vahid kredit bürosunun mövcudluğu normal haldır. Əsas problem bu deyil. Əsas problem odur ki, yeni Qanunun mahiyyəti elə yalnız Mərkəzləşdirilmiş Kredit Reyestrinin faktiki ləğvi və bazasının özəlləşdirilməsindən ibarətdir. Əsas məsələ isə kənarda qaldı. Bu, bütün borc verənlərin icbari qaydada kredit bürosunda iştirak etməsidir. Aydın məsələdir ki, əksər borc verənlər, xüsusən də nisyə mal satan dükanlar könüllü olaraq kredit bürosuna qoşulmayacaq. Ona görə ki, onlar qeyri-şəffafdır və, bir qayda olaraq, vergidən yayınırlar. Buna görə də nisyə satışları barədə məlumat verməkdə maraqlı deyillər. Digər tərəfdən, onların nisyə alqı-satqı müqavilələri əksər hallarda istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Belə ki, onların verdiyi faktiki borc üzrə faiz dərəcəsi az qala 100 faizə çatır. Təsəvvür edirsiz: bankları 30 faizə görə tənqid edirik, amma dükanlar daha yüksək faizlə borc verir və bu barədə təbil çalan yoxdur. Nəhayət, nisyə mal satanlar büroda ona görə maraqlı deyil ki, onlar kollektorlarla aktiv əməkdaşlıq edirlər. Nisyə satılan mal ödənilmədikdə qoçu kollektorlar irəli düşür və vətəndaşa təzyiq edərək borcu əksər hallarda qaytarırlar. Beləliklə, təkcə nisyə mal satan dükanların kredit bürosundan kənarda qalması həm dövlət büdcəsinə zərər vurur. Vergi ödənilmir, həm istehlakçıların hüquqları pozulur, həm də bütövlükdə maliyyə sabitliyinə xidmət etmir, çünki borc alanların həqiqi kredit tarixçəsi naməlum qalır. Halbuki qanundan məhz bunun əksini gözləyirdik. Onun müəlliflərini isə yekunda yalnız faktiki özəlləşdirmə maraqlandırdı”.

Röya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR